Month: July 2020

  • Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

    Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı artaraq 77 nəfərə çatıb.

    Bu barədə “Report” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

    Ötən gün süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 68 nəfər idi.

    Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 327 nəfərdir. Qeyd edək ki, ötən gün bu rəqəm 345 nəfər idi.

    Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 023, ötən müddət ərzində isə 610 523 test aparılıb.

  • Bu il körpələrə ən çox qoyulan adlar açıqlandı

    Bu ilin altı ayı ərzində körpələrə ən çox qoyulan adlar məlum olub.

    Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin altı ayı ərzində doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Yusif, Əli, Hüseyn, Uğur və Ömər, qız cinsindən olanlara isə Zəhra, Nuray, Zeynəb, Aylin və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

    Qeyd edilib ki, Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, əhali arasında yayılma səviyyəsi barədə məlumatlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumat” e-xidmət vasitəsilə də əldə oluna bilər.

  • Azərbaycan və Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə edilib

    Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında telefon danışığı olub.

    İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, telefon söhbətində ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğu, dövlət başçıları arasında mövcud dost münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına əlavə təkan verdiyi vurğulanıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Ruhsar Pekcan ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib.

    Mikayıl Cabbarov qarşılıqlı hörmətə, dostluğa, qardaşlığa əsaslanan əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar mövcuddur və həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da yüksəlməsinə, strukturunun şaxələndirilməsinə əlverişli şərait yaradacaq.

    Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Söhbət zamanı Türkiyənin ticarət naziri son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı təmsil etdiyi dövlətin mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini, bölgədəki bütün siyasi, diplomatik və sosial əlaqələri ilə ölkəmizin yanında olduqlarını vurğulayıb.

    M.Cabbarov Türkiyə dövlətinin dəstəyini hər zamankı kimi aydın və açıq şəkildə hiss etdiklərini vurğulayaraq, Azərbaycan dövlətinin və xalqının öz düşmənlərinə qarşı ayıq-sayıq olduğunu, Ermənistanın aqressiv və işğalçı siyasətinin iflasa uğrayacağını qeyd edib, Türkiyə dövlətinin bütün müstəvilərdə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.

  • Leyla Əliyeva şəhidlərə şeir həsr etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “İnstagram” hesabında şəhidlərlə bağlı paylaşım edib.

    O, iyulun 12-də Ermənistanın təxribatı ilə başlayan döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinə şeir həsr edib. L.Əliyeva həmin şeiri şəhidlərin övladları əks olunmuş fotolarla birlikdə yayımlayıb.

  • Azərbaycan Ombudsmanının Ermənistanınla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərilib

    İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutub. Azərbaycan Ordusu düşmənin bu təxribat cəhdinə qətiyyətli və adekvat cavab verib.

    Ombudsman Aparatından bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva faktları yerində araşdırmaq, dövlət sərhədində Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə ətraflı tanış olmaq məqsədilə Tovuz rayonunun Ağdam, Dondar Quşçu kəndlərinə, o cümlədən Qazax və Ağstafa rayonlarına səfər edərək monitorinqlər aparıb. Monitorinqin nəticələri barədə hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.

    Hesabatda qeyd edilib ki, Müvəkkil səfər çərçivəsində Ermənistanın təcavüzünə məruz qalmış mülki əhali ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, Ermənistanın Azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlər, hüquq pozuntuları nəticəsində dinc sakinlərin həyatlarına və mülkiyyətlərinə qəsd edilməsi ilə əlaqədar ağır maddi və mənəvi ziyana məruz qalmaları faktları müşahidə edilib. Diqqətə çatdırılıb ki, monitorinqlər Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan mülki obyektlərimizə açılan atəşlər altında aparılmışdır.

    Hesabatda Ermənistan silahlı qüvvələrinin Tovuzun Ağdam və Dondar Quşçu kəndləri istiqamətində atəşkəs rejimini pozaraq ağır artilleriya hücumu nəticəsində kənd sakinlərinə məxsus evlərə, digər mülki obyektlərə ciddi zərər dəydiyi, ev heyvanlarının tələf edildiyi nəzərə çatdırılıb. Bununla yanaşı, ağır artilleriya hücumu nəticəsində 76 yaşlı əlilliyi olan şəxs Əzizov Əziz İzzət oğlunun evində şam yeməyinə hazırlaşarkən qətlə yetirildiyi, ona məxsus ev və digər mülki obyektlərin dağıdıldığı vurğulanıb. Bildirilib ki, Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəf alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.

    Hesabatda, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tovuz rayon Mərkəzi Xəstəxanasını artilleriya atəşinə məruz qoyması, bu zaman xəstəxanaya zərər yetirilməklə bərabər, orada çalışan tibb personalına və xəstələrə psixoloji sarsıntı yaşadılması faktı da əksini tapıb. Qeyd edilib ki, Ermənistan tərəfinin mülki xəstəxananı hədəf alması Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının 18-ci maddəsinin kobud pozuntusudur. Həmin maddəyə əsasən, mülki xəstəxanalar heç bir halda hücuma məruz qalmamalı, əksinə, hər zaman münaqişə tərəfləri tərəfindən hörmət edilməli və qorunmalıdır. Ermənistanın bununla bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirdiyi qeyd olunub.

    Bununla yanaşı, Müvəkkilin Müdafiə Nazirliyinin Hərbi Hospitalına baş çəkərək Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətinin monitorinqini apardığı bildirilib.

    Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.

    Qeyd edək ki, hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • Azərbaycanlı alim koronavirusdan vəfat edib – FOTO

    Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektronika” kafedrasının dosenti koronavirusdan vəfat edib.

    Bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, kafedranın dosenti Oqtay Sadıqov 66 yaşında koronavirusdan vəfat edib:

    “AzTU kollektivi Oqtay Sadıqovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına səbr diləyir.

    Allah rəhmət eləsin!”

  • Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı

    Bu ilin altı ayında ən çox boşanma səbəblərinin nələr olduğu məlum olub.

    Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin altı ayı ərzində qeydiyyat şöbələrində nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar ərizələrində ən çox nikahın pozulması səbəbləri kimi xasiyyətlərinin tutmamasını, uşaqlarının olmamasını və qısqanclığı qeyd ediblər.

  • Bakı metrosu avqustun 5-dək işləməyəcək

    Avqustun 5-dək davam edəcək xüsusi karantin rejimi dövründə Bakı metrosu da fəaliyyət göstərməyəcək.

    Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

    25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

    1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;

    Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

  • Армения призналась: информация о взятии азербайджанской высоты – ложь (ВИДЕО)

    Представитель Министерства обороны Армении Арцрун Ованнисян опроверг в интервью российско- грузинскому политологу Егору Куроптеву на YouTube-канале “Пограничная ZONA” появившиеся ранее в армянских СМИ сообщения о том, что воинские части Армении захватили высоту Гарагая в направлении села Агдам в Товузском районе, передает Вестник Кавказа.

    “Официально Ереван, Министерство обороны РА никогда не говорили, что наши войска взяли какую-либо высоту. Такого нету. Бывшие военные и военные эксперты, может, об этом и говорили, какие-то политики, может, и говорили, но официально министерство обороны такого не говорило никогда”, – подчеркнул Ованнисян.
    По словам представителя армянского оборонного ведомства, если и были какие-то передвижения войск, то никакие высоты никто не брал.

  • SMS icazənin müddəti artırıldı – RƏSMİ

    Şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti iki saatdan üç saatadək artırılır.

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

    Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılır.