Month: July 2020

  • Dövlət başçısı: “Sən kimsən ordumuza göstəriş, məsləhət verirsən?”

    “Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz”.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    Dövlət başçısı bildirib ki, dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır: “Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir.

    Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.

    Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.

    Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

  • Şahin Mustafayev: “Ölkədə kəskin su çatışmazlığı müşahidə edilir”

    “Azərbaycanda su ehtiyatlarının az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib”.

    “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

    “Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə – cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri ölü həcmdir.

    Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir”, – deyə o, qeyd edib.

  • Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report” un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

    R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı

    Bu ilin mart-iyun aylarında Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün səhiyyə müəssisələrinə 250 milyon manat ayrılıb.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.

    Onun sözlərinə görə, bu məbləğə xəstəliklə mübarizə aparan tibb işçilərinə, onların maaşının 3-5 misli qədər ödənilən əlavə vəsait də daxildir.

  • Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb

    “Azərbaycanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq sərəncamınızla Komissiya yaradılıb. Komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəif olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb”.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

    “Komissiya intensiv fəaliyyətə başlayıb, bütün aidiyyəti qurumların koordinasiyası təmin edilib su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, alınan məlumatların gündəlik təhlili və nəzarət təmin olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunub və Komissiyada mütəmadi baxılır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Yaradılmış proqram təminatı sayəsində qrafiklər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilib, “Çağrı mərkəzi” (8770) yaradılıb. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır”, – deyə o, qeyd edib.

    Bundan başqa, nazirin sözlərinə görə, operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib: “Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir.

    Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcək. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

    Bununla yanaşı, itkilərin azaldılması həlli vacib istiqamətlərdəndir. Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə də prioritet layihələrlə bağlı təkliflər hazırlanır.

    Tapşırıqlarınıza uyğun olaraq, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üzrə təkliflər yaxın müddətdə Sizə təqdim olunacaq”.//report.az

  • Prezident XİN-in fəaliyyətindən narazıdır: “Mən Xarici İşlər nazirini tapa bilmədim”

    “Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm”.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    “Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, – onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

    Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De”, – deyə dövlət başçısı Baş Nazir Əli Əsədova müraciət edib.

    Hökumət başçısı isə bunları deyib: “Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et – Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur”.

    İ.Əliyev daha sonra deyib: “Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq”.

  • ““Qarabağda vuruşmaq istəyirəm” deyənlər öz anketlərini versin”

    “Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin”.

    Median.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün nazirlərlə görüşündə deyib:

    “Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır. Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur.

    Mən yenə də deyirəm, dünən Şəhidlər xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır. Amma onların arasına bu ünsürlər – Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir – ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub – istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.

  • COVID-19-la bağlı Azərbaycana 200 xarici həkim gətirilib

    “Azərbaycan koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə təxminən 200 nəfər xarici həkimi cəlb edib”.

    Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.

    “Ən çox həkim Kubadan gəlib. Onlarla 3 aylıq müqavilə bağlanılıb. Bundan başqa, 47 Türkiyədən gəlmiş həkim hazırda “Yeni Klinika”da çalışır. Onlar 2 ay burada olacaq.

    Həmçinin 20-dən artıq rusiyalı həkim Bakı və Sumqayıt şəhərlərində xidmət göstərir. Bu həkimləri gələcəkdə Çindən olan həmkarları əvəz edəcək. Hazırda bu ölkə ilə iş aparılır, müqavilə hazırlanır”, – deyə o, qeyd edib.

  • İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”

    “Son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında ictimaiyyətə məlumat vermək istərdim. Bildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    Prezident bildirib ki, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur:

    “Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur.

    Üstəgəl Ermənistan dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi.

    Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar.

    Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir. Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”.

  • Türkiyə və Rusiya aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib

    Ankara və Moskva koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində dayandırılan aviasiya əlaqəsini bərpa etmək barədə razılığa gəlib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Anadolu informasiya agentliyi uçuşların iyulun 15-də başlayacağı barədə məlumat yaysa da, Türkiyə Nəqliyyat Nazirliyi reyslərin dəqiq bərpa tarixini açıqlamayıb.

    “Təyyarələrin nə vaxt uçacağı məlum deyil. Bu barədə aviasiya daşıyıcıları öz aralarında razılaşır”, – deyə nazirlikdən bildiriblər.

    “Turkish Airlines” aviakompaniyası isə öz növbəsində iyulun 15-də ölkələr arasında aviasiya reyslərinin nəzərdə tutulmadığını qeyd edib. Aviakompaniyanın məlumatına görə, onlar nazirliyin qərarını gözləyirlər, uçuşlar təqvim və reyslərin sayı müəyyən olunduqdan sonra başlayacaq.