Month: July 2020

  • Prezident İlham Əliyev ötən gecəki aksiyadan danışdı

    “Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu”.

    Bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    “Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.

    Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi.

    Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, – mən bu gün səhər dedim, – məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək” – deyə o, bildirib.

  • Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirilən mitinqdə iştirak edib – VİDEO

    İyulun 15-də Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

    Toplaşanlar qarşısında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. Onun sözlərinə görə, bir neçə gündür ki, Rusiyada yaşayan azərbaycanlılar səfirliyə müraciət edir, könüllü olaraq Azərbaycan ordusuna yazılmaq istədiklərini bildirirlər. Səfir qeyd edib ki, bu müraciətlər ölkə rəhbərliyinə çatdırılacaq.

    Mitinqdə çıxış edənlər Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər və “Ya Qarabağ, ya ölüm” şüarını səsələndiriblər.

    Aksiya iştirakçıları Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizə olunublar.

  • Dünən təxribatçı səs yazısını yayan şəxs açıqlama verdi – VİDEO

    Ötən gün mövcud vəziyyətdən istifadə edərək təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov “Facebook” sosial şəbəkəsi vasitəsilə açıqlama verib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, özünə haqq qazandırmağa çalışan Rəşad Məmmədov bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm”.

    Rəşad Məmmədovun “Facebook”da paylaşdığı bu statusdan sonra vətəndaşlar şərh yazaraq etdiyi hərəkətə görə onu kəskin tənqid edib, Rəşad Məmmədovu vəziyyətdən istifadə edərək qarışıqlıq yaratmağa çalışdığına görə günahlandırblar.

    Onu da qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı açıqlamasında bildirib ki, bu şəxs Almaniyada Müsavat Partiyasına mühacir al-veri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak edib.

  • Ermənilər Yerevandakı Ukrayna səfirliyinə hücum etdilər – VİDEO

    Ermənilər Ukraynanın Yerevandakı səfirliyinə “Özünüz bişirdiyiniz borşu yeyin” şüarı ilə borş atıblar.

    Bu barədə Lenta.ru məlumat yayıb.

    Onlar rəsmi Kiyevdən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdə Ermənistanı dəstəkləmələrini tələb ediblər.

    Etiraz aksiyasının görüntülərini təqdim edirik:

  • Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə saxta məlumatlar yayanlar saxlanılıb – VİDEO

    Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Xəbərə görə, bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər qısa zamanda müəyyən olunub və saxlanılaraq şöbəyə gətiriliblər. Polis şöbəsində həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlara ciddi xəbərdarlıq edilib.

    Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdərən üçü yetkinlik yaşına çatmayanlardır.

  • İlham Əliyev Nazirlər Kabinetini topladı – CANLI YAYIM

    Prezident İlham Əliyevin çıxışını canlı yayımda təqdim edirik

  • 76 yaşlı kişinin ermənilər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açıldı

    Baş Prokurorluqda Tovuz rayon sakininin ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

    Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

    Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

    Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşməçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

  • Koronavirusun simptomsuz daşıyıcıları ilə bağlı maraqlı açıqlama

    Koronavirusun asimptomatik daşıyıcılarının COVID-19-a qarşı immuniteti var və onlar başqalarını yoluxdura bilməzlər.

    Lenta.ru-nun məlumatına görə, bunu İsveçrənin Bern Universitetinin İmmunologiya İnstitutunun keçmiş direktoru Beda Ştadler deyib.

    O, ümumiyyətlə, koronavirusla mübarizədə səhvlərə yol verildiyini deyib və Sars-CoV-2 koronavirusunun tamamilə yeni virus olmadığını, digər koronaviruslara bənzədiyini vurğulayıb:

    “Bu, soyuqdəyməyə səbəb olan, yayda mutasiya edən və yox olan mövsümi virus kimidir”.

    İmmunoloq bu virusun əsas təhlükəsinin ona qarşı immunitetin olmaması ilə bağlı mütəxəssislərin açıqlamalarını da tənqid edib. Alim bunun yalnız fərziyyə sayıla biləcəyini deyib, çünki müvafiq araşdırmalar aparılmayıb.

    Dediklərinə əsas kimi, o, yeni koronavirusun Çində əvvəllər SARS virusunun yayıldığı bölgələrdə daha az təsir etməsini göstərib.

    Alim epidemioloqları koronavirusun mövsümiliyinə inanmadıqlarına görə də tənqid edib. Onun fikrincə, bu, səhv proqnozlara səbəb olub: “Bəziləri hələ də ikinci dalğanı proqnozlaşdıran modellərdən yapışırlar”.

    Bundan əlavə, o, asimptomatik daşıyıcıların başqalarını yoluxdura bilmədiklərinə inandığını deyib.

  • İranda daha 199 nəfər koronavirusdan ölüb

    İranda ötən sutka ərzində daha 199 nəfər koronavirusdan (COVID19) ölüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

    Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 13 410 nəfərə yüksəlib.

    Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 2 388 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 264 561 nəfərə çatıb. Virus daşıyıcılarından 3 411 nəfərin vəziyyəti ağırdır.

    Nazirlik rəsmisi İranda indiyədək 227 561 nəfərin koronavirusdan sağaldığını deyib.

    Sadat Lari bildirib ki, İranın 31 vilayətindən 25 vilayəti qırmızı və narıncı zona olaraq qiymətləndirilir.

    İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,04 milyondan çox test həyata keçirilib.

  • İyulun 20-dən sonra xüsusi karantin rejimi uzadılacaq? – KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

    “Dünənki nümayiş olmasaydı, bəlkə də karantin rejimi götürülə bilərdi. Lakin dünən keçirilən aksiyada karantin rejiminin qaydaları gözlənilmirdi, heç bir iştirakçıda maska yox idi və sosial məsafə də gözlənilmirdi. O şəraitdə yoluxmanın hansı səviyyədə olacağı hələ məlum deyil. Ola bilsin təxminən 5-6 gün sonra biz ciddi yoluxma ilə qarşı-qarşıya qala bilək”.

    Median.Az xəbər verir ki, bu fikri ölkə.az-a açıqlamasında Milli Məclisin Əmək və sosail siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə indiyə qədər aparılan tədbirlərin nəticəsi olaraq, bu həftənin sonu karantin rejimi ləğv oluna bilərdi.

    “Bu gözlənilirdi. İndiyə qədər aparılan tədbirlərə görə, bu həftənin sonunda karantin rejimi ləğv oluna bilərdi. Lakin baş verən hadisələr bu vəziyyətə öz mənfi təsirini göstərə bilər. Dünənə kimi olunan tədbirlər nəticəsində yoluxmada müəyyən stabilləşmə müşahidə olunurdu. Sağalanlarla yoluxanların sayı bir-birinə çox yaxın idi, bu da müsbət bir göstərici idi. Bununla bəlkə də ciddi karantin rejimi bitəcəkdi. Lakin dünənki hadisələrdən sonra yoluxmanın artacağı və ya azalacağı haqqında proqnoz vermək çox çətindir”.

    Komitə sədri onu da bildirib ki, yay fəslində insanlar istirahət etməli və immun sistemlərini gücləndirməlidirlər:
    “Başa düşürük yay fəslidir, insanlar istirahət etməlidirlər. İnsan orqanizmi günəş şüalarından D və E vitamini qəbul etməlidir. Dənizə getməlidirlər, immun sistemləri güclənməlidir. Çünki bizi qarşıda soyuq fəsillər gözləyir. Bunun üçün bizim 2 aylıq qısa bir zamanımız var. Odur ki, mən də vəziyyəti nəzərə alaraq sizin redaksiyanız vasitəsi insanları karantin rejiminin tövsiyyələrinə əməl edib, maskalardan istifadə etməyi və sosial məsafəni gözləməyə çağırıram. Bir yerə toplu şəkildə toplaşmaq qəti qadağandır. Başa düşürəm dünənki aksiya insanların vətən, Qarabağ sevgisindən irəli gəlmişdir. Bu aksiya həm də Ali Baş Komandan İlham Əliyevə dəstək məqsədi daşıyırdı. Ancaq koronavirus pandemiyasını da nəzərdən qaçıra bilmərik”,- deyə millət vəkili qeyd edib.