Month: July 2020

  • Şəmkirdə mikroavtobus aşdı, xeyli sayda yaralı var

    Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

    Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

  • Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər – FOTO

    Gəncə şəhərində səhər saatlarında yağmış güclü yağışın fəsadlarını aradan qaldırarkən “Azərsu” ASC-nin texnikası ilə şəhərin N.Nərimanov küçəsi ilə A.Puşkin küçələrinin kəsişməsində, diametri 110 mm olan “Gəncə-2” yeraltı polietilen qaz xəttini yararsız vəziyyətə salınıb.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, baş verən hadisənin fəsadlarının aradan qaldırılması üçün təhlükəsizlik tədbiri olaraq təqribən 3 000 abonentin qaz təminatı dayandırılıb. Qaz təminatının bərpa olunması təqribən üç saat vaxt tələb edir.

    Hazırda “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir, təcili təmir işləri aparılır.

  • Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı

    Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

    Bu barədə “Report”a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

    Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb. Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

    Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

  • Böyük Şor gölündəki son vəziyyət AÇIQLANDI

    Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması işləri bu gün də davam etdirilib.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirlinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusunu cavablandırarkən deyib.

    O bildirib ki, indiyədək gölün üzərindən 52 tondan artıq qatı çirkab örtüyü təmizlənib:

    “Çirkab təbəqənin təmizlənməsi FHN-nin Xəzər Hövzə Xidmətinin peşəkar işçi heyəti və texnikası tərəfindən həyata keçirilir. Toplanan tullantıların utilizasiyasını isə ETSN təşkil edir”.

    İ.İbrahimova qeyd edib ki, tullantılar ETSN-nin Təhlükəli Tullantılar Poliqonuna daşınır.

    Xatırladaq ki, bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.

  • Nazirlikdən azərbaycanlı bloqerin 190 manatlıq yardımla aldığı qarpızları təpikləməsinə REAKSİYA

    Sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etdiyi əksini tapıb.

    Bunu ƏƏSMN İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

    Onun sözlərinə görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlərə heç bir halda məmur-vətəndaş təması olmadan, onların mövcud yaşayış vəziyyətinin əyani müayinəsi aparılmadan, yalnız müxtəlif dövlət orqanlarının e-informasiya sistemlərindəki məlumatlar əsasında avtomatik şəraitdə baxılaraq qərar verilib:

    “Ödəmə alanların siyahısı isə bu sahədə ictimai aşkarlığa önəm verilməsinin göstəricisi kimi və ictimai nəzarətə şərait yaradılması üçün Nazirliyin saytında açıqlanıb. Burada məqsədimiz həm də odur ki, əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlər aşkarlansın və kəskin ictimai qınağa hədəf olsunlar.

    R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə e-sistem tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib. Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub.

    Bununla belə, R.Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir”.

  • Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub

    “Ötən gün bir xanım altı aylıq körpəsi ilə bizə müraciət edib. Həyat yoldaşından zorakılıq gördüyünü deyib. Əri isə televiziyalardan birinin əməkdaşıdır”.

    Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

    K.Ağazadə deyir ki, xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunu desə də, aralarında problemlərin mövcudluğundan danışıb:

    “Həyat yoldaşı ilə aralarında problem var. Neçə gündür mənə yazırdı. Deyirdi ki, həyat yoldaşı ona “səni istəmirəm”, “evdən çıx get” deyir. Xanımın sözlərinə görə, problemlərdən biri də həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsidir. Qadın həyat yoldaşı tərəfindən təhdid edildiyini də deyir. Daha sonra isə məcbur olub, evdən çıxaraq bizə müraciət edib.

    Yoldaşı qadına hədə-qorxu gələrək, bu məsələlərin kütləvi informasiya vasitələrinə çıxmamasını istəyib. Əgər bu barədə mediada hər hansı məlumat görərsə, özünü “ölmüş bilməsini” deyib. Hətta uşağı qadının əlindən bir yolla alacağını da bildirib. Bu, qadının hüquqlarının pozulmasıdır. Bütün bu iddialar barədə araşdırmalar aparılır. Biz hələ ki, onların adlarını elan etmirik. Ümumiyyətlə, bizim heç kimi rüsvay etmək fikrimiz yoxdur. Proseslər qanuna müvafiq şəkildə, məhkəmə yolu ilə davam etdiriləcək. Qadının və uşağın hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görüləcək. İlkin olaraq aliment məsələsinə, daha sonra isə digər məsələlərə baxılacaq”.

  • Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

    İyulun 12-də Azərbaycanın rayonlarında gecə və səhər şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

  • Kürdə iki nəfərin meyiti tapıldı – YENİLƏNİB

    İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti tapılıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, saat 12:00-da meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    – — – – –

    İyulun 9-u Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan daha bir nəfərin meyiti tapılıb.

    Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

  • Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimiz vətənə çatdırıldı – FOTO

    Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

    Bu barədə qurumun dərc etdiyi məlumatda deyilir.

    Bildirilir ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

    Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.




  • Dağıstanda rayon başçısı ev dustaqlığına yerləşdirildi

    Vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda təqsirləndirilən Dağıstanın Kizlyar rayonunun başçısı Aleksandr Poqorelov məhkəmənin qərarı ilə ev dustaqlığına yerləşdirilib.

    TASS agentliyi bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

    Qeyd olunur ki, A.Poqorelov avqustun 2-dək ev dustaqlığında olacaq.