“İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir.
Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib.
“Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir.
Danışıqların formatına gəldikdə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır.
Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq”, – XİN rəsmisi vurğulayıb.
Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunun ərazisində fəaliyyətini davam etdirəcək.
Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.
İcazələrin məqsədinə dair 2 kod təyin edilib:
1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir.
Belə ki, nümunə olaraq 2 nömrəli kod üzrə yaşayış yerini tərk etməyə dair icazə əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları 2 kodunu, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS vasitəsilə 8103 qısa nömrəsinə göndərməlidirlər.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.
Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsi ilə tərk etdikdə vətəndaşlara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, həmin SMS mətninə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da əlavə etmələri tövsiyə olunur. Bu zaman nəqliyyat vasitəsinin icazəsinin olub-olmaması Daxili İşlər Nazirliyi tərəfindən xüsusi texniki vasitələrlə avtomatik formada yoxlanılacaqdır. SMS mətni nümunədə göstərildiyi şəkildə formalaşdırılmalıdır. İcazə indeksi, boşluq, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, boşluq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. SMS mətninin düzgün formalaşdırılması üçün boşluqlardan qeyd olunan şəkildə istifadə etmək mütləqdir. Həmçinin xarici, tranzit, səfirlik və.s dövlət qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün də eyni qaydada icazə əldə etmək mümkündür.
Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.
8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.
Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət etsinlər.
Bu gündən başlayaraq Böyük Britaniyada üç aydır davam edən sərt karantin rejimi aradan qaldırılır.
TASS xəbər verir ki, ölkədə aylardır bağlı olan pablar, kafe və restoranlar açılıb, bərbər salonları, kitabxanalar, kilsələr, kinoteatrlar işə başlayıb, hotellər qonaqları qəbul edib.
Həmçinin, insanların biri-birinin evinə qonaq getmək qadağası da ləğv olunur.
Bu gün Böyük Britaniyada dərc edilən qəzetlərin əksəriyyəti hadisəni “Böyük Şənbə” başlığı ilə qeyd edib.
Son məlumata əsasən, Böyük Britaniyada 284 276 nəfərin COVID-19 virusuna yoluxduğu aşkar edilib. 44 131 xəstə pandemiyanın qurbanı olub.
Azərbaycanda bugünədək ümumilikdə 19 801 nəfərin koronavirusa yoluxması aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a bildirilib ki, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, hazırda 8 269 nəfərinxüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6846, ötən müddət ərzində isə ümumilikdə 509811 test aparılıb.
Sinqapurda cəmi yeddi ay ərzində 14 mindən çox insan denqe xəstəliyinə yoluxub. Bu göstəricilərə görə hökumət ölkə tarixində ən böyük qızdırma xəstəliyinə hazırlaşır.
Bu barədə “The Straits Times” xəbər yayıb.
Sinqapur Milli Ətraf Mühit Agentliyi bu il yoluxanların ümumi sayının 22 mini keçəcəyini proqnozlaşdırırlar.
Həkimlər xəstəliyin yayılmasını qismən koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlərlə əlaqələndirirlər. Xüsusilə, söhbət insanların evdə qalmasından və ağcaqanadların (denqe daşıyıcılarının) onları daha çox sancmasından gedir.
Denge qızdırması intoksikasiya, əzələlərdə və oynaqlarda ağrı, səpki yaradan, limfa düyünlərinin artmasına səbəb olan kəskin virus xəstəliyidir. Hər il 20 minə qədər insan bu xəstəlikdən ölür.