Month: July 2020

  • Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi

    Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib.

    Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Əlövsət Şamilov tutduğu vəzifədən azad edilib.

    Nazirin digər əmri ilə o, Sumqayıt Regional Qeydiyyat İmtahan şöbəsinə rəis təyin olunub. Əlövsət Şamilov bu gün şəxsi heyətə təqdim edilib.

    Şöbənin əvvəlki rəisi isə Gəncə Regional Qeydiyyat İmtahan şöbəsinə rəis vəzifəsinə göndərilib.

  • Bakıda 544 küçə dezinfeksiya edildi

    Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, saat 18:00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarında ümumilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

    Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

  • Şəmkirdə karantin qaydalarını pozaraq yas mərasimi təşkil edənlər cəzalandırıldı – VİDEO

    Şəmkirdə sərt karantin rejiminə baxmayaraq təşkil olunan yas mərasimi dayandırılıb.

    Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə Aşağı Seyfəli kəndində baş verib.

    Rayon icra başçısı Alimpaşa Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedərək mərasimi dayandırıblar.

    Yası təşkil edən şəxslər cəzalandırılıb, iştirak edən kənd sakinləri barəsində isə karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

    Eyni zamanda qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

  • Koronavirusun ağciyərlərdən sonra ən çox zədələdiyi daxili orqan məlum oldu

    Fransalı mütəxəssislərin iddiasına görə, koronavirus xəstələrində ağciyərlərdən sonra ən çox zədələnən daxili orqan böyrəklərdir.

    Median.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, ağciyərlər nəzərə alınmazsa, COVID-19 infeksiyası 80 faiz hallarda böyrəkləri zədələyir.

    Xəstələrin sidiyində zülalların, fosfatların və qlükozanın izafi həcmi məhz böyrəklərin zədələnməsinin əlamətidir. Alimlər qeyd edirlər ki, virus ilk növbədə böyrək kanalcıqları sistemini sıradan çıxarır.

    Bütün bunların nəticələri çox ciddi ola bilər: belə ki, fosfatların bədəndən xaric olunması sümükləri kövrəkləşdirir, qanın turşuluğu artır.

  • “Saqqallı” bitkinin inanılmaz xeyirləri: Qarğıdalı nəyə kömək edir?

    Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki, yayın ləzzətini doya-doya yaşayacağıq.

    Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz faydaları var: Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.

    – Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.

    – Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.

    – Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.

    – Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.

    Qarğıdalı saçağı çayı necə dəmlənir?

    Qarğıdalı saçağı çayı hazırlamaq üçün öncə seçilən qotazları xırda doğrayın və qaynayan suyun içinə atın. Çayı hazırladıqda qotazları su ilə birlikdə qaynatmayın. Suyun içinə atılan qarğıdalı saçaqları 10 -15 dəqiqə qapağı örtülü dəmlənir və süzülüb içilir. Çay üçün istifadə edilən ölçü: 1 stəkan suya xırda doğranmış 2 çay qaşığı saçaq

    Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. Bunun üçün gilas saplağını qarğıdalı saçağı ilə birlikdə qaynadın.

  • Erkən qocalmaya səbəb olan qidalar

    Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin “Sağlamlıq və idman qidalanması” məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların adlarını açıqlayıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, çox emal olunmuş qida məhsullarının tərkibində ən azı beş əlavə olur.

    Bunlar rəngləndiricilər, konservantlar, qatılaşdırıcılar, dad əlavələri və digərləridir. Belə qidalara sosislər, şirin qazlı sular, mağazada satılan yarımfabrikat kotletlər, şirniyyat, şirin və quru səhər yeməkləri, həmçinin, südlü desertlər aiddir.

    “Adətən, emal olunmuş qida yeyən şəxlərin rasionunda zülal çatışmazlığı yaranır. Hamburgerin içindəki kotletdə, hisə verilmiş kolbasada və ya sosisdə az miqdarda zülal olur, əksinə, yağların və müxtəlif əlavələrin həcmi həddən çoxdur və bunlar məhsullara özünəməxsus dad verir”, – deyə həkim bildirib.

    Zülal çatışmazlığı isə, öz növbəsində, əzələ kütləsinin azalmasına səbəb olur və bəzən immun sistemin zəifləməsinə gətirib-çıxara bilər.

  • “Barselona”da dopinq-yoxlama

    UEFA-nın dopinq-ofiserləri “Barselona”da yoxlama keçiriblər.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, Antidopinq xidməti altı futbolçudan test götürüb. Bunlar İvan Rakitiç, Serxio Buskets, Arturo Vidal, Rikard Puç, Ansu Fati və Antuan Qrizmanndır.

    Testin nəticəsi hələ açıqlanmayıb.

  • Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

    Ermənistanda koronavirusa yoluxanların sayı 27 900 nəfərə çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 580 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

    Bugünədək Ermənistanda 477 nəfər koronavirusdan ölüb, 11 488 nəfərin müalicəsi isə davam edir.

    Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

  • Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

    “Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etmədiyi halda məsuliyyətə cəlb oluna bilər”.

    Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadə edən şəxslər yalnız iş saatlarında sərbəst hərəkət edə biləcəklər: “Əgər kiminsə hərəkətə icazəsi varsa, icaze-e.gov.az portalından qeydiyyatdan keçibsə, həmin şəxs yalnız iş saatlarında şəxsi avtomobilindən istifadə edə bilər. Həmçinin sms icazə ilə də icazəsi olan şəxs həmin icazə müddətində şəxsi avtomobilindən istifadə edə bilər.

    Amma icaze-e.gov.az portalından qeydiyyatdan keçən şəxsin şənbə və bazar günləri iş yeri fəaliyyət göstərmirsə, həmin şəxsin o günlərdə evdən çıxması və şəxsi avtomobilindən istifadəsi qadağandır. Belə bir hal aşkar edilərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki onlara yalnız iş günləri işə və evə getməsi üçün icazə verilib. Qeyri-iş saatlarında həmin şəxslərin evdən çıxmaq və avtomobil idarə etməyə icazəsi yoxdur”.

    K.Əliyev qeyd edib ki, iş yerlərinə getmək üçün icazəsi olan şəxslər şəxsi avtomobillərini də icaze-e. gov.az portalından qeydiyyatdan keçirə bilərlər: “Çünki bunun üçün həmin portalda xüsusi bölmə var və yaxşı olar ki, həmin şəxs istifadəsində olan avtomobili qeydiyyatdan keçirsin”.

  • “10 gün ev şəraitində müalicə edildim, sonra xəstəxanaya yerləşdirildim” – Testi pozitiv çıxan Aynur Nəsirova

    Xəbər verdiyimiz kimi, “ARB24” telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb. Onlardan ikisi sağalaraq evə buraxılıb, birinin müalicəsi ev şəraitində, digərinin isə xəstəxanada davam etdirilir.

    Median.Az xəbər verir ki, oxu.az xəstəxanada müalicə olunan telekanalda baş redaktor müavini vəzifəsində çalışan Aynur Nəsirova ilə əlaqə saxlayıb.

    O bildirib ki, üç gündür xəstəxanada müalicə edilir:

    “Əvvəlcə hərarətim yüksəldi. Test verdim və nəticəsi pozitiv çıxdı. 10 gün ev şəraitində müalicə edildim. Daha sonra xəstəxanaya yerləşdirildim. Hazırda özümü yaxşı hiss edirəm”.