Month: July 2020

  • Əsassız göndərişlər əsasında təyin edilmiş 2600 əlillik ləğv olundu

    Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.

    Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib.

    Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

    Ümumilikdə isə, son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığı aşkar olunaraq ləğv edilib. Nəticədə, illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.

  • Azərbaycanda dəhşətli qətl: Qayınata kürəkənini öldürüb meşədə basdırdı – YENİLƏNİB

    İyulun 19-da paytaxtın Xətai rayon sakini 1981-ci il təvəllüdlü Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvlərinin müraciəti Xətai rayon polis idarəsinə daxil olub.

    Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, daxil olan müraciət əsasında aparılan araşdırma zamanı, prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

    Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt alətlə baş nahiyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

    * * *

    Lerik rayonunda qətl hadisəsi baş verib.

    APA-nın verdiyi məlumata görə, hadisə iyul ayının 20-də, günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb.

    Əslən Lerikdən olan, Bakının Xətai rayon sakini – 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni – 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib. O, meyiti yandıraraq, meşədə dəfn edib və paytaxta qayıdıb.

    Hadisədən iki gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib.

    Dünən axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən A.Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, Əkbər Nuriyev üç ildən çoxdur Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Ailədaxili münaqişələrə görə qayınatanın kürəkəni ilə birlikdə Bakıdan Lerikə yola düşməkdə məqsədinin onu öldürmək olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid polkovnik-leytenantın həyat yoldaşı: “Polad Həşimovun şəhid olması xəbəri ailəmizi ikinci dəfə sarsıtdı”

    “Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq üç gün davam edən döyüşlərdə 12 hərbçimizi və bir mülki vətəndaşımızı itirdik. Bütün şəhidlərimiz ürəyimizi dağladı, amma şəhid general-mayor Polad Həşimovun ölüm xəbərini alanda çox sarsıldım”.

    Bu sözləri Oxu.Az-a müsahibəsində 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

    Sevinc xanım deyir ki, Raquf Orucovun ətrafında çox insan olsa da, dost deyib güvəndiyi az sayda insan olub:

    “Raquf ailəsindən çox Vətənin yanında olub. Ona layiqli xidmət edib. Tovuz istiqamətində gedən döyüşlər başlayan gün Raqufun doğum günü idi. Təəssüf ki, biz bu acı xəbəri aldıq. Strateji əhəmiyyətli postlar uğrunda döyüşlərdə 12 hərbçimizlə yanaşı, Raqufun yaxın dostu, güvəndiyi insanlardan biri general-mayor Polad Həşimovun da şəhid olduğu xəbəri gəldi. Bilirsiniz, Raquf iş barədə çox danışmazdı, hətta heç danışmazdı.

    Amma yadıma gəlir, deyirdi ki, Polad Həşimovla birlikdə Murovda xidmətdə olublar. İkisi də bölük komandiri olmuşdu. Raquf Orucov kəşfiyyat bölüyünün komandiri, Polad Həşimov isə diviziyada bölük komandiri kimi başlayıb Vətənə xidmətə. Onların arasında illərin dostluğu, çox dərin bir məna var idi. Onun şəhid olması xəbəri bizim ailəni ikinci dəfə sarsıtdı”.

    “Raquf şəhid oldu, amma mən qaldım…”

    Sevinc xanım üçün bu barədə danışmaq çox çətindir. O deyir ki, Raquf Polad Həşimov haqqında hər zaman “o, çox yaxşı insandır, içi-çölü birdir” ifadəsini işlədirdi:

    “Onlar həm işdə, həm də həyatda möhkəm dostluq edirdi. İşləri ilə əlaqədar heç çox görüşməyə belə vaxtları olmurdu. Amma bir neçə dəfə Raqufdan eşitdiyim söz bu olub ki, “Polad çox yaxşı oğlandır, özüm kimidir”. Raquf insanları sınaqdan keçirər, sonra etibar edərdi.

    2012-ci ildə, yadıma gəlir, şəhid generalımız Raqufa zəng elədi. Görüşmək istəsələr də, həmin gün alınmadı. Raquf dedi ki, gələ bilmirəm, səngər komandiriyəm. Hər an nəsə ola bilər, uşaqları tək qoya bilmərəm. Polad Həşimov da həmçinin. Çox az vaxtları olardı onda da, ya Raquf gedərdi, ya da Polad Ağdama – Raqufun yanına gedib dəyərdi.

    Raquf şəhid olanda, Polad Həşimov da qolundan yaralanmışdı. O halında belə bizim yanımızda oldu. Mənə dediyi söz bu gün də qulağımdadır. Dedi ki, nə deyəcəyimi bilmirəm, Raquf şəhid oldu, amma mən qaldım… Həqiqətən, bu söz məni o qədər üzmüşdü ki, izah edə bilmirəm.

    Tez-tez soruşurdum, xəbər alırdım. Deyirdilər yaxşılıqdır, cəbhədədilər. Mən çox əmin idim ki, Raqufun, eləcə də digər şəhidlərimizin qisasını Polad Həşimov və onun kimi qəhrəman hərbçilərimiz alacaq. Ona görə, bir neçə gün özümüzə gələ bilmədik. Qəbul edə bilmədik ki, generalımız daha həyatda yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

    S.Orucovanın sözlərinə görə, illərdir Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağı işğal altında saxlayan ermənilərin budəfəki təxribatı Qarabağ olmadı, Azərbaycan sərhədləri oldu:

    “Ermənilərin iyulun 12-də Azərbaycan sərhədini Tovuz istiqamətində pozması artıq Qarabağ uğrunda mübarizə deyil. İşğalçı toplum artıq Azərbaycan sərhədlərinə də tamah salır. Bu, artıq başqa mənalar ifadə edir. Bu səbəbdən səfərbərlik üçün hər birimiz hazır şəkildə Ali Baş Komandanımızın əmrini gözləyirik.

    Arzu edirəm ki, bundan sonra biz şəhid məzarları qoymayaq. Bu qədər şəhidimizin hər birinin adına qələbə meydanı quraq. Möhtəşəm bir abidə ucaldaq. Azərbaycan torpaqlarının ərazi bütövlüyü tam bərpa olunsun və bu qələbə meydanında bütün şəhidlərimizin ruhu da rahatlıq tapsın”.

  • Bu dəfə Əlcəzair vətəndaşı Belçikada Corc Floydun taleyini yaşadı

    Əlcəzair vətəndaşı Belçikada polis tərəfindən tutulduqdan sonra ölüb.

    “Anadolu” agentliyi bu xəbəri Əlcəzair Xarici İşlər Nazirliyiniin açıqlamasına istinadla yayıb.

    Bildirilir ki, polis tərəfindən tutulduqdan sonra vəfat edən 29 yaşlı vətəndaş Kadiri Rıza Əbdürrəhmanın ölümünü aydınlaşdırmaq üçün tədbirlər görülür.

    Sosial mediada Əbdürrəhmanı yerə uzadaraq kürəyini və boynunu sıxan iki polis məmurunun görüntüsü paylaşılandan sonra bunun ikinci Corc Floyd hadisəsi olması ilə əlaqədar şərhlər başlayıb.

    Əlcəzair və Belçika mətbuatında yayımlanan xəbərlərdə qeyd edilir ki, Əlcəzair əsilli Əbdürrəhman polis nəzarətindən qısa müddət sonra xəstəxanada ölüb.

    Əlcəzairli gəncin anası Züleyxa Zeytuni Belçika polisini oğlunu öldürməkdə günahlandırır.

    Xatırladaq ki, ABŞ-da mayın 25-də afroamerikalı Corc Floyd saxta əsginaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin onun qoluna qandal vurub yerə yıxaraq dizi ilə boynunu sıxması nəticəsində o, xəstəxanada həyatını itirib.

  • Kürdə sululuq son 6 ayda 45,8 faiz azalıb

    “İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalıb. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər”.

    “Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

    “Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yağıntıların zaman və məkan üzrə qeyri-bərabər şəkildə paylanması baş verir. İqlim dəyişmələri nəticəsində ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi olaraq ölkənin dağlıq ərazilərində şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır.

    İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzər sahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalıb. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər il mütəmadi olaraq hidrometeoroloji xidmət çaylarda sululuq üzrə proqnozları hazırlayır və müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm də dağlarda qarölçmə işləri əsasında aparılır”, nazir qeyd edib.

  • Ermənilərin zərbələri qarşısında “bu, kişilikdən deyil” deyən həmyerlimizin kimliyi məlum oldu – FOTO

    Belçikanın paytaxtı Brüsseldə bir qrup erməni tərəfindən vəhşicəsinə döyülən azərbaycanlının kimliyi məlum olub.

    Oxu.Az xəbər verir ki, sosial mediada həmin şəxsin Rizvan Aslanov olduğu deyilir.

    Ermənilərin təzyiqi və zərbələri qarşısında “bu, kişilikdən deyil” deyən həmyerlimizə sosial şəbəkədə çox sayda dəstək statusları həsr olunub.

  • Avstraliyada Ermənistanın işğalçı siyasətinə etiraz bildirilib – FOTO

    Bu gün Avstraliyanın Yeni Cənubi Uels (New South Wales) ştatında fəaliyyət göstərən soydaşlarımız etiraz aksiyası keçirib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ştatın parlament binasının önündə baş tutan aksiya Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) ve Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə gerçəkləşdirilib.

    Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarının səsləndirildiyi aksiyada Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətməsi, hərbi obyektlərin və yaşayış məntəqələrinin artilleriya zərbələrinə məruz qoyması nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinlərin şəhid olması şiddətlə qınanıb.

    Yeni Cənubi Uels ştatının parlamentindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılması tələb olunub.

    Aksiya iştirakçıları dövlətimizə, xalqmıza, ordumuza, eləcə də xarici ölkələrdəki Ermənistan səfirliklərinin və konsulluqlarının qarşısında etiraz səslərini ucaltmaqla xalqımızın haqlı səsini dünya ictimaiyyətinə çatdıran, diplomatik nümayəndəliklərimizin önündə erməni təxribatlarına fədakarlıqla sipər olan azərbaycanlılara dəstəklərini ifadə ediblər.

  • “Sədərək” və “Binə”, ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb. 9 nəfər isə vəfat edib. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?

    Median.Az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, dünyada artıq karantin rejimi ilə bağlı yumşalmalar gedir:

    “Bu yumşalmanın başlıca səbəbi insanların qaydalara tam əməl etməsidir. Bəzi ölkələrdə artıq ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilir. Bu da insanların qaydalara əməl etməsindən irəli gəlir. İnsanlar dərk edir ki, bu xəstəlik var və təhlükəlidir. Ona görə də qoyulan qaydalara əməl etmək lazımdır. Qoruyucu tibbi maskalardan istifadə etmək və növbədə dayandıqda sosial məsafəni qorumaq lazımdır. Ticarət mərkəzləri elə bir yerdir ki, müəyyən qədər kütlə toplaşır. İnsanlar alış-veriş edən zaman təmasda olurlar. Bu məsələdə qaydalara diqqətlə yanaşmaq lazımdır. Qaydalara tam əməl edilərək iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Son günlər yoluxmaların sayı azalır, sağalanların sayı isə artır. Bu, çox müsbət bir haldır. İnanıram ki, yaxın günlərdə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq. İnsanlarımız qoyulan qaydalara mütləq şəkildə riayət etməlidir”.//hökm.az

  • Goran qəsəbəsi sakinini ilan sancıb

    Goranboyda 22 yaşlı gənci ilan sancıb.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran qəsəbəsi ərazisində baş verib.

    1998-ci il təvəllüdlü qəsəbə sakini Murad Məmmədovu ilan sancıb. Sol daban nayihəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

  • 3000 metr yüksəklikdə yerləşən bölmələrdə xidmət edən Azərbaycan əsgəri — FOTO + VİDEO

    Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3 000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisi hər birimizi daha da qürurlandırır. Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına çatırıq.
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.

    Məlumatda deyilir ki, ön xətdə şəxsi heyətin rahat yaşaması və nümunəvi xidmət aparması məqsədi ilə relyef və iqlim şəraitinə uyğun inşa olunan müasir binalarda hərtərəfli şərait mövcuddur:

    “Bu gün müasir kazarmalarda yaşayıb, keyfiyyətli geyim və ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.
    Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə şəxsi heyət planlı şəkildə məşq etdirilir. Əsas diqqət hərbi qulluqçuların sayıqlığını yoxlamaqla bərabər, komandirlərin bölmələri və döyüşü idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir.

    Ön xətdə xidmət edən zenitçilərimiz bilavasitə tutduqları atəş mövqelərindən 23 mm-lik zenit qurğuları ilə praktiki atışlar da keçirirlər. Atışlar zamanı pilotsuz və digər uçuş vasitələri ilə hədəfi aşkar, müşayiət və məhvetmə vərdişləri təkmilləşdirilən zenitçilərimiz şərti düşmənin alçaq və ən alçaq hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərini məhv edirlər.

    Döyüş hazırlığının əsas tərkib hissəsi olan fiziki hazırlıq üzrə keçirilən idman saatlarında şəxsi heyət böyük həvəslə iştirak edir.

    Bu gün tam əminliklə deyə bilərik ki, əsgərlərimiz hər zaman döyüşə hazır, peşəkar döyüşçülər kimi yetişir, Hərbi Andın və nizamnamələrin tələblərini layiqincə yerinə yetirərək, şərəfli xidmət yolu keçirlər”.