Salyanda kişi əvvəlcə həyat yoldaşını bıçaqlayıb, daha sonra özünü yandırıb.
Baku TV xəbər verir ki, hadisə Salyanın Kürsəngi kəndində baş verib.
Kənd sakinlərinin dediyinə görə, 32 yaşlı Məcid Kərimov bir neçə il bundan öncə 26 yaşlı dayısı qızı Aysel Kərimova ilə ailə həyatı qurub. Bu nikahdan bir qızı, bir oğlu olmaqla, iki övladı dünyaya gəlib.
Qonşular bildirib ki, onlar ailə qurduqları vaxtdan indiyədək aralarında heç vaxt söz-söhbət olmayıb. Lakin ötən gün Məcid Kərimov əvvəlcə həyat yoldaşını bıçaqlayıb. Daha sonra həyətyanı sahəyə gedərək, üzərinə benzin tökməklə yandırıb.
Bundan xəbər tutan yaxınları onu xilas edə bilsələr də, Məcid Kərimov ağır dərəcəli yanıq xəsarətləri alıb.
Ər-arvad dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aysel Kərimova dərhal cərrahi əməliyyata götürülüb. Məcid Kərimovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Bakıda xəstəxanada həkimlərin səyinə baxmayaraq, Məcid Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Bu gün onun meyiti doğulduğu kəndə gətirilərək, torpağa tapşırılıb.
Hadisənin hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlərim!
Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”
Bu gün Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
Bayramla əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 31-dən dörd gün ölkəmizdə qeyri-iş günüdür.
Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə bayram namazı qılınmayacaq.
Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.
Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Prezident İlham Əliyev Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının “ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq üç milyon manat ayrılıb.
Maliyyə Nazirliyimüvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Ermənistan Respublikası Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Suda koronavirusun bütün hissəcikləri (90 faizi) 24 saat ərzində ölür.
“RİA Novosti” bu barədə Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinə (“Rospotrebnadzor”) istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, 72 saat ərzində suda koronavirus hissəciklərinin 99,9 faizi ölür. Bu göstəricilər otaq temperaturunda olan su üçün keçərlidir.
Zlatan İbrahimoviç “Milan”da qalmaq qərarına gəlib.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Nəşr bildirib ki, futbolçu özü komandada qalmaq qərarını qəbul edib. Yeni müqavilənin bağlanması ilə bağlı danışıqlar hələlik başlamayıb, ancaq tərəflər yeni müqavilənin bağlanacağına şübhə etmir.
Xatırladaq ki, Z.İbrahimoviçin müqaviləsi avqustun sonunda başa çatır.