Prezident İlham Əliyev Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Prezident İlham Əliyev Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Maliyyə müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Prezident İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İsmayıllı rayonunun Sumağallı kəndində 264 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.
Ermənistanda qoşunların hazırlıq vəziyyətinin qəfil yoxlanılmasına başlanılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.
Mətbuat katibi bildirib ki, yoxlamalarda birinci eşelonun birləşmələri, hərbi hissələr və mərkəzə tabe olan qüvvələrin bir hissəsi iştirak edir.
Ş.Stepanyan bildirib ki, sözügedən birləşmələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, onların döyüş qabiliyyəti, gərgin vəziyyətdə sürətli fəaliyyət qabiliyyəti yoxlanılır.
İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.
Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.
Azərbaycanda karantin rejimi elan olunmasına baxmayaraq, İmişlinin mal bazarında qızğın iş gedir.
Bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb.
Ölkə ərazisində sosial məsafənin qorunması qaydalarının zəruri olması bildirilsə də, bazarda sıxlıqdır.
Bildirilir ki, əraziyə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları nəzarət etmir.
Daxili İşlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib.
Qurumdan bildirilib ki, sosial şəbəkələrdə yayılmış həmin fotodan göründüyü kimi, axşam radələri olduğu üçün şəkillərin çəkilməsi polis naryadlarının dəyişdiyi vaxta təsadüf edib:
“Həmin vəziyyət bir neçə dəqiqəlik davam edib. Hazırda polis əməkdaşları həmin ərazidə sanitar rejimə nəzarəti davam etdirir və gigiyenik vasitələrdən istifadə olunmasına diqqət yetirilir”.
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.
Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.
Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.
Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
“Məlum olduğu kimi, 21 iyul 2020-ci ildə yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək, onlara xəsarətlər yetirib. Los-Anceles Polis İdarəsi (LAPD) hazırda azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır”.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib.
Qeyd olunub ki, bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia edib.
“Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər.
Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.
Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub.
Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib.
Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olundu video görüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb.
Baş Konsulluq, həmçinin, bu məlumatı və həmin maşının nömrəsini LAPD-yə bildirib.
Bundan əlavə, baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los-Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib.
Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los-Anceles bölməsinin rəisi Rendi Qodard “Twitter” sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb.
O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb. O, polisin adına ləkə gətirən bu iddialardan məyus olduğunu dilə gətirib.
Beləliklə, radikal erməni lobbisinin daha bir yalanının üstü açılmış oldu.
Göründüyü kimi, erməni lobbisi nə qədər çalışsa da, həqiqəti dəyişə bilmirlər: erməni daşnakları Azərbaycan icmasının üzvlərinə hücum edərək, onlara qarşı açıq-aşkar nifrət zəminində cinayət törədiblər. Həqiqət gec-tez qalib gəlir!”, – deyə məlumatda bildirilib.