Month: July 2020

  • Ağcaqanadlar koronavirusu insanlar arasında yaya bilərmi?

    Alimlər ağcaqanadların insanlar arasında koronavirusu yaya biləcəyi ilə bağlı məlumatları təkzib edib.

    “Report”un məlumatına görə, bu barədə “Nature” jurnalı məqalə dərc edib.

    Alimlərin araşdırmasına görə, hətta ekstremal şərtlərdə belə, virus ağcaqanadın özündə çoxala bilməyib.

    Odur ki, əgər ağcaqanad koronavirusa yoluxan şəxsi sancsa belə virusu digər insana yoluxdurması mümkün deyil.

    Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, yeni koronavirusun ağcaqanad sancması ilə keçməsi haqda heç bir sübut və əsas yoxdur.

  • “Dərs vaxtı”nın peşə təhsili ilə bağlı sabaha olan cədvəli açıqlandı – FOTO

    “Mədəniyyət” telekanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə iyulun 20-nə olan cədvəli müəyyənləşdirilib.

    Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri agentliyin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

  • AQTA: 75 obyektdə qayda pozuntusu aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 42 ictimai iaşə obyekti, 180 ərzaq satışı mağazası olmaqla ümumilikdə 222 müəssisədə reyd keçirib.

    AQTA-dan verilən məlumata görə, reyd keçirilən obyektlərdən 75-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

    Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

    ◾ Bakı şəhəri üzrə:
    “Sevimli Dad”, “Orxan, “Yaşıl”, “Şeyla”, “Alvadi”, “Əli”, “Qırmızı” marketlər, Şirinov Ənvər İsgəndər oğluna, İbrahimov Elşən İsrayıl oğluna, Nuruyeva Səyalə Şirin qızına, Hüseynov Cavid Saleh oğluna, Zülfüqarov Şahin Kamil oğluna və Hüseynova Ceyhunə Hidayət qızına məxsus ərzaq mağazaları

    Digər şəhər və rayonlar üzrə:
    ◾ Abşeron rayonu, Saray qəsəbəsində “Bolmart” market
    ◾ Sumqayıt şəhərində “Göyərçin” market
    ◾ Quba rayonunda “Ağ çinar”, “Dostluq”, “Ay işığı” restoranları və Şükürov Seyfulla Mövlan oğluna məxsus ərzaq mağazası
    ◾ Hacıqabul rayonunda İsmayılov Arif İsmayıl oğluna məxsus kafe
    ◾ Göyçay rayonunda “Palma”, “Sərin məkan”, “Qoşa qovaq”, “Yaşıl bağ”, “Asiman” kafelər, Əhmədov Müşfiq Qafur oğluna, Əhmədov Rauf Hikmət oğluna, Kərimli Simran Akif oğluna, Sadıqov Qüdrət Qurban oğluna məxsus kafelər
    ◾ Kürdəmir rayonunda “Aqil”, “Murad”, “Yeni” marketlər və Tağıyev Əhliman Heybət oğluna məxsus ərzaq mağazaları
    ◾ Salyan rayonunda Əliyev İsrail Kazım oğluna məxsus kafe
    ◾ Saatlı rayonunda Hüseynov Elvin Əlisəfa oğluna, Hüseynov Eynulla Əliqəmə oğluna və Teymurov Nəriman Lətif oğluna məxsus ərzaq mağazaları
    ◾ Sabirabad rayonunda Əliyev Elvin Rafiq oğluna məxsus kafe və Həsənli Ağazəfi Cəsarət oğluna məxsus ərzaq mağazası
    ◾ Neftçala rayonunda Qarayev İlkin Güloğlan oğluna və Əkbərov Pərviz Ağabala oğluna məxsus ərzaq mağazaları
    ◾ Yevlax rayonu Xaldan qəsəbəsində “Ərik bağı”, “Sərin” və “Saf təbiət” kafeləri, Xanabad qəsəbəsində “Ülvi”, “Çinar”, “Xanabad”, “Cənnət”, “Göytəpə”, “Yetim” kafelər, İsayeva Şənnar Yusif qızına məxsus kafe
    ◾ Qəbələ rayonunda Əhmədov Məcnun Qaraca oğluna məxsus ərzaq mağazası, “Şəlaləaltı” restoran
    ◾ Oğuz rayonunda Ağabəyov Asim Rüstəm oğluna məxsus ərzaq mağazası
    ◾ Zaqatala rayonunda Şabanov Orxan Səfər oğluna və Sultanov Ədhəm Fərrux oğluna məxsus ərzaq mağazaları
    ◾ Cəlilabad rayonunda Əliyev Akif Ağaxan oğluna və Bayramov Arif Əvəz oğluna məxsus ərzaq mağazaları
    ◾ Gəncə şəhərində “İlkin”, “Elman”, “Çinar”, “Pərviz” və “Bizim” marketlər
    ◾ Naftalan şəhərində “Gözəl Naftalan”, “Nicat”, “Valeh” marketlər, Kazımov Rafiq Rövşən oğluna və İbrahimov Sabir Əhməd oğluna məxsus ərzaq mağazaları
    ◾ Goranboy rayonunda “Adil” market
    ◾ Tovuz rayonunda “Ana və uşaq”, “Körpü”, “Poylu”, “Poylu suyu”, “Şır-şır” və “Qabil” kafelər

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.//yenicag.az

  • Abşeronda mənzildə meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qocayev Oktay Mirzəcan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Çində COVID-19-un yeni ocağı aşkarlanıb

    Çinin Sintszyan-Uyğur Muxtar rayonu koronavirus infeksiyasının yeni ocağına çevrilib.

    “Report”un məlumatına görə, bu barədə “Associated Press” Çinin Milli Səhiyyə Komitəsinə istinadən xəbər verib.

    Qeyd olunub ki, 17 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

    Bundan əvvəl, iyunun 11-də Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınmışdı.

  • Naxçıvanda gölün yanında çimərlik meydançası açıldı – FOTO

    Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı icra olunan uğurlu layihələrdən biri də çimərlik futbolu ilə bağlıdır.

    Oxu.Az xəbər verir ki, ötən ayın 18-dən etibarən Uzunoba gölünün ərazisində inşasına başlanılan çimərlik futbolu meydançası artıq hazır vəziyyətə gətirilib.

    İnşaat işləri Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının nəzarəti ilə icra olunub. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın ümumi sahəsi 1200 kvadrat metrdir. Oyun sahəsinin uzunluğu 36, eni isə 26 metrdir. Qum örtüyü üçün narın qumdan (420 kub metr) istifadə olunub.

    Meydançanın kənarlarına bardür düzülüb, iki ədəd ehtiyat oyunçular skamyası, eni 5.50, hündürlüyü 2.20 metr olan oyun qapıları quraşdırılıb, bölücü xətlər üçün möhkəm materialdan lent çəkilib. Oyun ərazisinin kənarlarına ilk muxtar respublika çempionatının təşkilatçıları və sponsorlarına aid tanıtım lövhələri düzülüb. Məlumat üçün bildirək ki, Naxçıvanla yanaşı ölkəmizdə yalnız Bakı, Sumqayıt, Mingəçevir və Astarada çimərlik futbolu meydançaları mövcuddur.

    Xatırladaq ki, iyulun 19-dan etibarən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatına qatılacaq komandaların onlayn qeydiyyatına başlanılıb. 25 iyulda yekunlaşacaq qeydiyyat prosesindən üç gün sonra püşkatma keçiriləcək. Avqustun 1-də çempionat start götürəcək.

  • MN rəsmisi: “Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq”

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ordumuzun generalı, yüksək rütbəli hərbi qulluqçuları düşmən ordusundakından fərqli olaraq əsgərlərimizin önündə gedirdi.

    Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

    Vaqif Dargahlı deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti, giziri, əsgəri öz arxasında Azərbaycan xalqını gördü, dayağını hiss etdi:

    “İyulun 13-dən 17-dək yeddi mindən artıq vətəndaşımız hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinin rəsmi elektron poçt ünvanına məktub göndərib”.

    Döyüşlər zamanı hərbçilərimiz arasında yaralıların da olduğunu deyən V.Dərgahlı qeyd edib ki, onlar hərbi tibb müəssisələrində müalicə alırlar:

    “Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq. Əminik ki, onlar tez bir zamanda sıralarımıza qayıdacaqlar. Yaralıların müalicəsi həkim nəzarəti altında davam etdirilir. Hərbi həkimlərimizin də fədakarlığını xüsusi vurğulamaq lazımdır”.

  • Astarada “Mercedes”lə vurulan piyada xəstəxanada öldü

    Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, iyulun 17-də saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Lənkəran rayon sakini E.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Yusif Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Məhkəmə Moskvada keçirilən aksiyada iştirak edən azərbaycanlıya hökm oxudu

    Moskvanın Presnenski məhkəməsi Rusiyada yaşayan Azərbaycan vətəndaşı Hüseyn Nəcəfovu 10 min rubl (238 manat) məbləğində cərimə edib.

    TASS agentliyi xəbər verir ki, H.Nəcəfov iyulun 15-də Moskvada Azərbaycan səfirliyinin yerləşdiyi ərazinin yaxınlığında icazəsiz aksiyada iştirak etməkdə təqsirli bilinib.

    Etiraz aksiyası Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalarla əlaqədar olub. Moskvada yaşayan soydaşlarımız Ermənistanın növbəti təcavüzünə etiraz ediblər.

    Presnenski məhkəməsindən verilən məlumata görə, Nəcəfov Hüseyn Əsgər oğlu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 6.1-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib.

  • Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

    Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə 8-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.

    BŞİH-dən “Report”a verilən məlumata görə, saat 18:00-a kimi davam edən tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

    Qeyd olunmalıdır ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarinda gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm ikiqat artıb.

    Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.