Month: August 2020

  • Azərbaycanda rəis işdən çıxarıldı – YENİ TƏYİNAT

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

    Bu barədə ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.

    Əmrə əsasən, “Azərişıq” ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad olunub.

    O, Nərimanov RETSİ-nin rəisi vəzifəsinə təyinat alıb.

  • Azərbaycanda kafe-restoran sahiblərinə xəbərdarlıq edildi – RƏSMİ

    Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.

    Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən, ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.

    İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.

    Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.

    Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:

    sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına;

    fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə;

    təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;

    ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən, dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına;

    təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə;

    ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında bir metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının altı nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə iki metrdən az olmamasına;

    müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə.

    Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

    Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.

    Sahibkarlıq subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.

    İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.

  • Rusiyada koronavirusa görə peyvənd olunanlardan xəbər var

    Ondan çox könüllü artıq “Vektor” mərkəzi tərəfindən istehsal olunan koronavirus peyvəndi olunub, onların hamısı özünü yaxşı hiss edir.

    Bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova deyib.

    Onun sözlərinə görə, mərkəz COVID-19 əleyhinə peyvəndin ikinci mərhələsinin sınaqlarına başlayıb:

    “İkinci mərhələ başladı. Bu gün kliniki sınaqlar aparılır, bütün könüllülər özlərini yaxşı hiss edirlər. Peyvənd heç bir reaksiya vermir, inyeksiya yerində ən kiçik qızartı belə yoxdur”.

  • Belarusda hökumət istefa verdi

    Belarus hökuməti yeni seçilmiş prezident Aleksandr Lukaşenko qarşısında istefa verib.

    BELTA xəbər verir ki, bu barədə qərar A.Lukaşenkonun imzaladığı sərəncama əsasən icra edilib.

    Hökumətin istefaya göndərilməsi mexanizmi Belarus Konstitusiyasının 106-cı maddəsi və “Belarus Respublikasının Nazirlər Şurası” haqqında qanununa əsasən keçirilib.

  • Belarus dövlət telekanalı yayımı dayandırdı

    Belarus dövlət telekanalı “Belarus-1” dünənki yayımı təkrar translyasiya edir.

    TASS xəbər verir ki, yayım proqramlarında “təkrar” qeyd olunur.

    “Belteleradio” şirkətinin mətbuat xidmətinin zənglərə cavab vermədiyi bildirilir.

  • Выдающемуся азербайджанскому хирургу, академику Мустафе Топчибашеву сегодня исполнилось бы 125 лет

    Советскому хирургу, академику и вице-президенту Академии наук Азербайджанской ССР и Академии медицинских наук СССР, заслуженному деятелю науки Азербайджана, кавалеру многих высоких правительственных наград Мустафе Агабек оглу Топчибашеву сегодня исполняется 125 лет.

    Мустафа Топчубашев родился 5 (17) августа 1895 года в селе Гейгумбет Иреванской губернии в старинном бекском роду, получил хорошее образование в частной школе, затем окончил Иреванскую классическую гимназию и медицинский факультет Киевского университета.

    Вернувшись в Баку в 1919 году квалифицированным врачом, он в 1920-1930-х годах работал ординатором и ассистентом в хирургической клинике Азербайджанского Государственного медицинского института.

    За шестьдесят два года врачебной деятельности Мустафа Топчибашев сыграл огромную роль в развитии медицины и в подготовке кадров. Клиника, которой он руководил, занималась проблемами хирургии желчных путей, хирургическим лечением онкологических заболеваний, вопросами травматологии, восстановительной хирургии.

    Первую самостоятельную операцию Мустафа Топчибашев сделал в 1922 году, а в 1931 году создал Общество хирургов Азербайджана. В 1930 году он защитил докторскую диссертацию, посвященную клинике, патологии и лечению спленомегалии при малярии, и был избран профессором и заведующим кафедрой госпитальной хирургии Азербайджанского Государственного мединститута им. Н.Нариманова.

    Доктором Топчибашевым были предложены различные способы хирургического доступа к органам брюшной полости, которые широко использовались в урологии, травматологии, абдоминальной и грудной хирургии.

    В 1943 году выдающийся азербайджанский врач академик Мустафа Топчубашев был удостоен Сталинской премии сразу за два изобретения.

    Первое из них – инъекционный эфирно-масляной наркоз и анальгезин, второе – аппарат для удаления инородных тел.

    Исследования в этой области выявили неизвестные ранее психоневрологические и нейрофизиологические явления.

    В годы Великой Отечественной войны профессор Топчибашев был главным хирургом эвакогоспиталя при Народном комиссариате здравоохранения Азербайджана.

    За эти четыре военных года он спас множество человеческих жизней в эвакогоспиталях Баку — одного из главных тыловых городов на территории СССР. По инициативе азербайджанского главного военврача впервые в мире во время войны морская вода была применена в качестве кровезаменителя для переливания крови при массовых кровопотерях.

    Огромная заслуга нашего соотечественника и в том, что он ввел в работу систему специализации госпиталей, которую оценило и взяло на вооружение Управление эвакогоспиталей Народного комиссариата здравоохранения СССР, и именно за это рацпредложение союзный Наркомат здравоохранения назвал его автором архиноваторской идеи, особенно ценной в самые первые шоковые дни войны, благодаря которой, как писала тогда “Красная звезда”, “ни фронт, ни тыл не знали эпидемий инфекционных заболеваний”.

    Академик Топчибашев — автор 160 научных работ, среди которых 7 монографий и пятитомный учебник “Частная хирургия”. Под его редакцией изданы также научные работы по комбинированной анестезии, заболеваниям сердечно-сосудистой системы и их профилактике. К числу самых известных специалисты относят работы “Аппарат для удаления инородных тел и его применение”, “Портальная гипертензия и ее хирургическое лечение”, “Длительное применение анальгезии в медицине”.

    Топчибашев был женат на азербайджанской художнице Рейхан Топчибашевой (девичья фамилия – Ахундова), уроженке Кубы. У них родилось трое детей: сын Ибрагим и дочери-близнецы Земфира и Эльмира. Сын Ибрагим, дочь Земфира и внук Джейхун (сын Ибрагима) также получили медицинское образование, став врачами.

    Академик М. Топчибашев умер 21 ноября 1981 года.

    Одна из улиц в Баку носит его имя. В 1984 году имя М.А.Топчибашева присвоено НИИ клинической и экспериментальной хирургии в Баку.

    В 1995 году была выпущена почтовая марка Азербайджана, посвященная Топчибашеву.

  • Bu gün Mustafa Topçubaşovun doğum günüdür

    Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan Mustafa Topçubaşovun doğum günüdür.

    Mustafa Topçubaşov 1895-ci ilin avqust ayının 17-də Qərbi Azərbaycanın Göykümbət kəndində anadan olub.

    Akademik qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. Böyüyüb boya-başa çatdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi olub. Onların İrəvan şəhərində də mülkü var idi.

    Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Mustafa ailənin ikinci övladı idi, ilk təhsilini tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə alıb.

    1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Valideynlərinin narazılığına baxmayaraq, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə daxil olub. Gələcəkdə necə mükəmməl bir insan olacağı isə bu gəncin hələ təhsil aldığı illərdə özünü büruzə verib. Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib.

    Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli idi. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Yalnız bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub.

    Çətinliklərə dözərək, böyük səylə dövlət imtahanlarına hazırlaşıb. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilib. Mustafa ata-anasının ona göndərdiyi cib xərcliyini tətilə gələndə geri qaytararaq, aldığı təqaüdlə dolanıb. Nəhayət, dövlət imtahanlarını verib və diplom alıb.

    Vətənə qayıtmaq üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib, gah qatarla, gah da gəmi ilə yol gəlib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Axır ki, vətəninə yetişib, onu gözləyən doğmaları ilə görüşüb.

    1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib. 1920-1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında koordinator, 1923-1930-cu illərdə fakültə cərrahlığı klinikasında assistent işləyib. 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

    Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilib və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi – III cərrahi xəstəliklər kafedrası) müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirib.

    Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmayıb. Odur ki, dünya tibb elmində bir sıra yeniliklər də məhz bu Azərbaycan aliminin adı ilə bağlıdır.

    M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – analgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb.

    Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilib.

    1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verildi.

    M.Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

    Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri – öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.

    Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Maraqlıdır ki, onun keçdiyi həyat yolundan bəhs edən sənədlərin özündə də təltifləri və fəxri adları sadalanarkən ardıcıllıq pozulub.

    Müharibədən sonra professor M.Topçubaşov 1945-1950-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olub. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilib. 1945-1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışıb. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyıb.

    1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edib.

    Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alıb. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilib. O, 1943-cü ildə Stalin mükafatı laureatı olub və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülüb.

    M.Topçubaşov 1981-ci il noyabrın 21-də Bakı şəhərində vəfat edib.

  • Liseylərə qəbul imtahanları keçirilir

    Avqustun 17-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul imtahanları başlayıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, imtahanlar avqustun 26-dək davam edəcək.

    İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar.

    Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.

    Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.

  • Şimşək, yağış, külək… – FAKTİKİ HAVA

    Hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, avqustun 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

    Düşən yağışın miqdarı Göygöldə 12 mm, Gədəbəydə 10 mm, Daşkəsəndə 9 mm, Tərtərdə 8 mm, Naftalanda 6 mm, Şahbuz, Ağdərədə 5 mm, Şərur, Ağdam, Astara, Bərdədə 4 mm, Kişçay (Şəki), Zərdabda 3 mm, Sədərək, Gəncə, Şamaxı, Mərəzə, Beyləqan, Yardımlıda 2 mm, Naxçıvan, Ordubad, Şəmkir, Şəki, Quba, Qırız, Göyçay, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Şahdağda 0-1 mm, Bakıda 6 mm (aylıq normanın 98 faizi) olub.

    Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda 18 m/s, Neft Daşları stansiyasında 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

    Havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30, Aran rayonlarında 27-32, dağlıq rayonlarda 13-19, Naxçıvan MR-da 29-31 dərəcə isti olub.

  • Polis ictimai nəqliyyatda reyd keçirdi – FOTO

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də, normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, rayon daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

    Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Reyd zamanı qaydaları pozan səkkiz sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.