Month: August 2020

  • İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Son vaxtlar sosial şəbəkələrdə iyun ayı üzrə enerji sərfiyyatının artıq göstərilməsi ilə bağlı şikayətlər gündəmə gəlir. Belə bir şikayət 2018-ci ildə də edilmişdi. Araşdırmalar aparılıb, məlumat verilmişdi”.

    Bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli bildirib.

    Onun sözlərinə görə, “Azərişıq” ASC 2 milyon 700 mindən artıq abonentə xidmət göstərir:

    “Onlardan 184 mini qeyri-əhalidir. Yay mövsümündə enerji sərfiyyatında çoxalma müşahidə edilir. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən enerji artımı 407 milyon kilovatt/saat, 2019-cu ilin iyul ayında iyun ayına nisbətən 141 milyon kilovatt/saat enerji artımı, bu ilin ötən dövrü ilə müqayisədə isə 201 milyon kilovatt/saat enerji artımı qeydə alınıb”.

    O bildirib ki, sayğaclara heç bir kənar müdaxilə edilmir:

    “Sayğacların ölçü parametrlərini, o cümlədən, istehlak olunmuş elektrik enerjisi sərfiyyatı göstəricilərini dəyişmək mümkün deyil. İnformasiya sisteminə isə kənar müdaxilə müzakirə mövzusu ola bilməz.

    Hər bir abonentə hesabat dövrü ərzində elektron və çap şəklində bildirişlər təqdim edilir. Burada hər bir sayğac üzrə istifadə olunmuş elektrik enerjisi göstəricisi təqdim olunur. Sosial şəbəkələrdə müzakirə olunan məsələlər əsassızdır”.

  • Evini uşaq bağçasına çevirən qadın cərimələndi – Video

    Səbail rayonu, Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.

    Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.

    Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.

  • Azərbaycanda iki COVID-19 xəstəsi belə həbs edildi – FOTO

    COVID-19-a yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlər yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

    Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Daxili İşlər Nazirliyi hazırda COVID-19-dan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.






  • Rayonlara gediş-gəliş açılırmı?

    Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

    Qərarla, həmin şəhər və rayonun ərazisində yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alan, təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: “Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.

    Epidemioloji vəziyyət isə sabitləşir.

    Maraqlıdır, hazırkı şəraitdə rayonlara gediş-gəliş açıla bilərmi?

    Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a bildirib ki, yoluxma hallarının az olduğu təqdirdə yumşalmaların davam etdirilməsi nəzərdə tutulur:

    “Artıq ölkəmizdə yoluxma halı ikirəqəmliyə düşüb. Bu sayın daha da aşağı düşməsi yumşalmalara imkan yaradar. Rayonlara gediş-gəlişin açılması məsələsi ətraflı surətdə araşdırılmalıdır. Daha sonra ən əlverişli qərar qəbul olunmalıdır ki, insanlar getdikləri yerdə nəzarətə alına bilsinlər və insanların yoluxma və yoluxdurma ehtimalı az olsun. Hesab edirəm ki, bütün bunlar araşdırıldıqdan sonra insanların rayonlara gediş-gəlişinə şərait yaradılacaq”.

    Baş infeksionist rayonlara gediş-gəliş açıldıqdan sonra iritutumlu avtobuslardan istifadəni məqsəduyğun saymır:

    “Çünki iritutumlu avtobuslarda 30-40 və daha çox insanın rayonlara gedib-gəlməsi mümkündür. Ona görə də həmin avtobuslarda yoluxma halı daha çox ola bilər. Ancaq bir ailənin şəxsi avtomobilndən istifadə edərək gediş-gəlişində yoluxma ehtimalı daha azdır. Hesab edirəm ki, rayonlara gediş-gəliş zamanı şəxsi avtomobillərdən istifadə daha əlverişlidir”.

    Milli Məclisin deputatı Aydın Mirzəzadə isə karantin məhdudiyyətlərinin Azərbaycanın 13 şəhər və rayonuna giriş-çıxışı qadağan etdiyini xatırladıb:

    “Bu, ilk növbədə orada koronavirus epidemiyasının kökünün hələ də kəsilməməsi ilə bağlıdır. Məhdudiyyətlərin götürülməsi, rayonlara gediş-gəliş çox təəssüf ki, yoluxmaların sayını artıra bilər. Bu baxımdan hesab edirəm ki, uyğun şərait yaranan kimi Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin götürülməsi barədə qərar verəcək”.

    Deputat bildirib ki, hazırda rayonlara gediş-gəlişlə bağlı müəyyən icazələr mövcuddur: “Əgər insanlar karantin qaydalarına riayət etsələr, indi də məhdudiyyətləri götürmək olar. Yəni, insanlar sosial məsafə gözləsələr, tibbi maskalardan istifadə etsələr, çoxlu sayda insanlar bir yerə toplaşmasalar yumşalmalara getmək olar. Çox təəssüf ki, bu qaydalara hər yerdə əməl edilmir”.

  • Sabahdan Bakıda avtobuslar işləməyəcək

    Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

    Median.Az bildirir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

    Nəqliyyat vasitələri 17 avqust səhər saat 06:00-dan yenidən faəliyyətlərini bəpa edəcəklər.

  • Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi

    COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

    O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

    Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı:

    “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir.

    Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

  • Koronavirusun qeyri-standart simptomları açıqlandı

    Britaniyalı alimlər yaşlı adamlarda COVID-19-un gedişatını izləyərək, onların çoxunda xəstəliyin atipik (qeyri-standart) simptomlarının müşahidə edildiyi qənaətinə gəliblər.

    “MedRxiv” portalında bu barədə qeyd olunur.

    Bu məqsədlə aprelin 7-dən iyunun 29-dək qocalar evinin sakinləri izlənib.

    Testləri müsbət nəticə göstərən 103 nəfərin yalnız 38 faizində koronavirusun standart simptomları olub.

    Məlumata görə, 54 nəfərdə xəstəliyin heç bir əlaməti olmayıb və ya onlar iki həftədən sonra ortaya çıxıb.

    Eyni zamanda, yoluxmuş insanların çoxunda halsızlıq və ya ümumilikdə səhhətin pozulması müşahidə edilib ki, bunu da alimlər koronavirusun atipik simptomları hesab ediblər.

  • Qaxda hind narı yetişdirilib – VİDEOREPORTAJ

    Dünyada hind narı kimi tanınan, türklərin qüdrət narı adlandırdığı bu növ artıq Qax rayonunda da yetişir. Hind narını yetişdirən qəhrəmanımız uşaqlıqdan təbiətə olan marağını on ildən çoxdur ki, hobbi olaraq davam etdirir.

    Baku TV xəbər verir ki, o, hind narının toxumlarını həyətində əkib və bu il ilk məhsulu əldə edə bilib.

    Bağ-bağça, gül-çiçək aşiqi olan Süleyman Süleymanov həyətinin bir hissəsini güllük əraziyə çevirib. Bağban hind narı ilə yanaşı, ilk dəfə olaraq yemişvari balqabaq da yetişdirə bilib. Bu meyvə növü yeməli olmasa da, suvenir kimi istifadə olunur. Kənd şəraitində dekorativ ağacları və subtropik meyvələri yetişdirən qəhrəmanımız gələcəkdə bu sahəni daha da inkişaf etdirmək istəyir.

  • “Bəyin oğurlanması” filminin çəkildiyi məşhur kənddən VİDEOREPORTAJ

    Şamaxı bir çox filmə səhnə olan rayondur.

    Sözügedən rayonun bir çox kəndi var ki, Azərbaycan kino tarixində xüsusi yerə malik filmlər məhz burada çəkilib: “Qaraca qız”, “Qanlı zəmi”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Dəli Kür”, “Bəyin oğurlanması” və b.

    Bu kəndlərdən biri də Məlhəm kəndidir. “Bəyin oğurlanması” filminin səhnələrinin böyük əksəriyyəti burada çəkilib.

    Baku TV-nin əməkdaşları həmin kənddən reportaj hazırlayıblar:

  • Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı

    DİM tərəfindən 20-21 avqust tarixlərində keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.

    Mərkəzdən verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

    İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun iki gün ərzində keçiriləcək.

    Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

    20-21 avqust 2020-ci il tarixlərində:

    • cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;

    • II, III və V ixtisas qrupları üzrə:

    – ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

    – qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

    20 və 21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz: