Month: August 2020

  • Azərbaycanda reanimasiyada olan xəstələrin sayını açıqladı

    Azərbaycanda koronavirusla bağlı 13 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Son sutkada koronavirusa görə 7 520 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 812 033-ə çatıb.

    Reanimasiyada olan xəstə sayı 213, süni tənəffüs cihazında olan xəstə sayı 44 nəfərdir.

    Hazırkı dövrədək ölkəmizdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 146 nəfərdir.

  • ÜST koronavirusa təkrar yoluxma ehtimalını hələ təsdiq etmədi

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mərhələdə yeni növ koronavirusa yoluxanların yenidən bu xəstəliyə yoluxmasının mümkün olduğunu təsdiq edə bilməz.

    Median.Az “TASS”a istinadən xəbər verir ki, bunu ÜST-nin texniki eksperti Mariya Van Kerkhoven bildirib.

    “ÜST-ə bəzi ölkələrdə təkrar yoluxma iddialarının olması barədə məlumatlar daxil olur. Lakin bu hələ təsdiqlənməyib. Burada bir çox amilləri nəzərə almaq lazımdır.

    Məsələn, insanın hansı test verməsi. Bəzən, testlər müsbət, mənfi, daha sonra müsbət nəticəsi verdiyi hallar olur. Ancaq bu, təkrar infeksiyaya yoluxma demək deyil. Bütün hallarda vəziyyəti aktiv şəkildə izləyirik”- deyə ekspert qeyd edib.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

  • Yardımlıda baş verən qəza 100-dən çox abonenti qazsız qoydu

    Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib.

    “Azəriqaz”dan verilən məlumata görə, təqribən 35 m uzunluğunda qaz borusunu qəzaya uğrayan “Niva” markalı maşın sürüyərək yararsız hala salıb.

  • Ədliyyə Nazirliyi: Məhkumların gündəlik termometriyası həyata keçirilir

    “Məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılmaqla onların gündəlik termometriyası həyata keçirilir”.

    Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, COVİD-19 infeksiyasına qarşı görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir:

    “Nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub. Virusun göstəricilləri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar. Qeyd olunmalıdır ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

    Bu sahədə vəziyyət həmçinin nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir və ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib”.

  • İlham Əliyev: “Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”

    “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik”.

    Median.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

    “Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, – dövlət başçısı vurğulayıb.

  • 400 məhkumun işinə videokonfransla baxılıb

    Cari ildə 1 727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib ki, onların da 80%-ə yaxını, yəni 1 333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir.

    Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

    Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

    Məlumatda qeyd edilir ki, məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayan cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda tətbiqi daha da intensivləşib.

    Bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nazirliyin vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunduğu Komissiyası tərəfindən videokonfrans vasitəsilə virtual qaydada mütəmadi iclaslar keçirərək məhkumlarla söhbətlər aparılıb, şəxsi işləri öyrənilib və qanunvericiliyin tələblərinə cavab verən məhkumlar barədə materiallar məhkəmələrə təqdim olunub:

    Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında Cinayət Prosessual Məcəlləsində edilmiş dəyişikiliklərlə artıq cinayət işlərində videokonfransın keçirilməsi bu humanist institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb. Belə ki, 15.07.2020-ci il tarixdən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Nazirlik tərəfindən dərhal zəruri tədbirlər görülərək cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

    Artıq bu günədək məhkəmələr tərəfindən videokonfrans vasitəsilə 400-ə yaxın, o cümlədən nazirliyin Komissiyasının rəyləri nəzərə alınmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı göndərdiyi təqdimatlara, habelə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqinə dair işlərə baxılıb.

  • 100 məhkum cəzadan azad edilib, 211-nin cəzası azaldılıb

    Cinayət qanunvericiliyinə edilən dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1 000-dək məhkumun işləri öyrənilib.

    Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

    Yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

    211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib, 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

  • Azərbaycan Prezidenti: “Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur”

    “Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir”.

    Median.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

    “Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”, – dövlət başçısı bildirib.

  • Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək

    2020-ci ilin noyabrında Bakıda paracüdo üzrə Qran-pri təşkil olunacaq.

    Bu barədə “Report”a Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov məlumat verib.

    O bildirib ki, mayda təxirə salınan turniri Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası Bakıya həvalə edib: “Turnir noyabrın 13-də başlayacaq və 20-dək davam edəcək. Hazırda idman şöbəmiz bu istiqamətdə digər ölkələrlə danışıq aparır. Yarış baş tutsa, hamının Bakıya COVID-19 arayışı ilə gəlməsini tələb edəcəyik. Həmin sənədləri Azərbaycana uçuşdan 48 saat əvvəl əldə etməlidirlər”.

    İ.Rəhimovun sözlərinə görə, Qran-pridə 200-dən çox idmançının iştirakı gözlənilir: “Bu günədək artıq 20 ölkə həmin yarışda iştirakla bağlı öz sifarişini verib. Minimum 200-250 iştirakçı olacaq. Düzdür, bu, reytinq yarışı deyil. Qran-prinin əsas xüsusiyyəti ondan ibarətdir ki, yarışdan öncə göz təsnifatı keçiriləcək. Bakıya göz xəstəlikləri üzrə 4 və ya 6 ekspert gələcək. Zərifə Əliyeva adına göz klinikasında bütün idmançıların göz təsnifatından keçirilməsi üçün şərait yaradacağıq. Həmin mütəxəssislər idmançıların yarışa uyğun gəlib-gəlmədiyini yoxlayacaqlar. Yarışdan sonra isə bir neçə günlük beynəlxalq təlim-məşq toplanışı nəzərdə tutulub. Beləliklə, tədbir 7-8 gün davam edəcək”.

    Qurum rəhbəri komitənin təşkilati məsələlər baxımından yarışa tam hazır olduğunu vurğulayıb: “Əcnəbi idmançılar bugünkü qaydalara əsasən, xüsusi arayışla gəlirlərsə, yarışda iştirak edə biləcəklər. Bu qayda o vaxtadək qüvvədə qalsa, biz təşkilatçı ölkə olaraq həmin iştirakçıları ölkələrinə uçuşdan 48 saat əvvəl testdən keçirməliyik. Onlar aeroporta daxil olanda həmin sənədləri göstərməlidirlər ki, Bakıda da analiz verib öz ölkələrinə qayıdırlar. Bu xərclər bizə aid olacaq. Xərcə düşməyə razıyıq. Əsas odur ki, yarış olsun. İdmançıların hamısı yarışlar üçün darıxıblar”.

  • İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

    Median.Az xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

    Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

    – Hörmətli cənab nazir, hörmətli qonaqlar.

    Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

    Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik.

    Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.

    Bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önəmli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var. Əminəm, bizim qardaşlarımız – Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənindədirlər. Əminəm ki, onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz.

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib:

    – Hörmətli cənab Prezidentim, sağ olun, çox təşəkkür edirəm.

    Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

    Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

    Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik.

    Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.

    Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.

    Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.

    Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir.

    Burada Baş Qərargah rəisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımızla birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.

    Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik.

    Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Sağ olun, var olun.

    Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız.