Month: August 2020

  • Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6318 test aparılıb.

    Aktiv xəstə sayı isə 2380 nəfərdir.

  • Putin qızının koronavirusa qarşı peyvəndi sınaqdan keçirdiyini bildirdi – VİDEO

    Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı ilk peyvəndin Rusiyada qeydiyyata alındığını elan edib.

    Bu barədə dövlət başçısı hökumət nümayəndələri ilə görüşü zamanı deyib.

    Onun sözlərinə görə, peyvənd olduqca təsirlidir və sabit immunitet yaradır.

    Rusiya liderinin qızı da COVID-19-a qarşı ölkə istehsalı olan peyvəndi sınaqdan keçirib.

    “Bu peyvənd adenoviral vektorlar əsasında hazırlanıb, lakin məncə, bunun üstünlüyü məhz insanın adenoviral vektorları əsasında hazırlanmasıdır. O, daha dəqiq işləyir, sabit anticisim və hüceyrə immuniteti meydana gətirir. Bunu da çox yaxşı bilirəm, çünki qızlarımdan biri peyvəndi sınaqdan keçirib. Düşünürəm ki, bu mənada o, təcrübədə iştirak edib”, – Rusiya başçısı bildirib.

    Onun sözlərinə görə, ilk inyeksiyadan sonra qızının temperaturu 38 dərəcəyə yüksəlib:

    “Növbəti gün 37 dərəcədən çox oldu, bu qədər. İkinci inyeksiyadan – ikinci peyvənddən sonra temperatur bir az yüksəldi, amma sonra keçdi. Özünü yaxşı hiss edir, titrlər yüksəkdir”.

  • “Qarabağ” dayaq bloku bir ay ərzində dənizdə quraşdırılacaq – AÇIQLAMA

    “Qarabağ” dayaq blokunun hündürlüyü 187 metrdir. Xəzər dənizində ən böyük dayaq blokudur”.

    Bunu “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov bildirib.

    O qeyd edib ki, dayaq blokunun bir ay müddətində dənizdə quraşdırılması planlaşdırılır:

    “Dəniz əməliyyatlarında normal hava şəraiti zamanı 260-280 gün lazımdır ki, blok dənizdə quraşdırılsın”.

    O qeyd edib ki, blok vasitəsilə yataqdan 21 milyon tondan çox neftin hasil olunması nəzərdə tutulur. Eyni zamanda, yataqdan 13 milyard kubmetrdən çox qazın hasil olunması planlaşdırılır.

    “Platformadan altı neft quyusu, üç suvurma və iki sualtı qaz quyusu qazılacaq”, – deyə layihə rəhbəri əlavə edib.

  • Bağlanmış banklardakı əmanətlərin qaytarılması ilə bağlı VACİB AÇIQLAMA

    Ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması prosesi davam edir.

    Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Bildirilib ki, ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilmiş, həmçinin, ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.

    Məlumat üçün bildiririk ki, sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaq.

  • 13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək.

    Mərkəzdən verilən məlumata görə, həmin günlərdə cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

    İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

    İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından avqustun 7-dən etibarən çap edib götürə bilirlər.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

    İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir.

    Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

    Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

    İmtahanlar 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda keçiriləcək.

    Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

    Avqustun 13-də keçiriləcək imtahanlarda 19197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18102 nəfər olmaqla, ümumilikdə 37299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

    Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər – binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir.

    Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

    Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

    İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

    DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

  • Prezident Təhsil Nazirliyinə 1,5 milyon manat vəsait ayırdı

    Prezident İlham Əliyev Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

    Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir.

    1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir.

    Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

    Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

  • Dünya Bankı COVID-19-la mübarizəyə 160 milyard dollar ayırır

    Dünya Bankı (DB) yeni növ koronovirusun nəticələri ilə mübarizəyə 160 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.

    TASS xəbər verir ki, bu barədə DB-nin hesabatında bildirilib.

    “Pandemiya əleyhinə cavab tədbirləri çərçivəsində Dünya Bankı 30 iyun 2021-ci ilədək 15 ay ərzində virusla mübarizəyə 160 milyard dollara qədər vəsait ayıracaq”, – beynəlxalq maliyyə qurumunun yaydığı sənəddə qeyd olunub.

    Bu günə qədər Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizəyə 21 milyard dollar vəsait xərcləyib.

  • Karantin qaydalarını pozan obyekt sahibləri barəsində materiallar məhkəməyə göndərildi

    Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi tələblərə əməl olunması məqsədilə rayon ərazisində nəzarət tədbirləri davam etdirilir.

    DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində keçirilən reydlər zamanı karantin rejiminin tələblərinə əməl etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırılıb ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir. Həmçinin, mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, sosial məsafəni qorumadıqları aşkar edilib. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Reyd zamanı polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan, eləcə də qanuni tələbə məhəl qoymayan şəxslərə də rast gəlinib.

    Ümumilikdə şəhər ərazisində qaydaları pozduqları üçün beş obyekt sahibi və icarədar, eləcə də polisin qanuni tələbinə məhəl qoymayan bir nəfər barəsində Ağdaş Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

    Qeyd edək ki, göstərişin tələblərindən irəli gələn qaydalara əməl olunması üçün bu istiqamətdə reydlər növbəti günlərdə də davam etdiriləcək və tələbləri pozanlar barəsində inzibati cəza tədbirləri görüləcək.

  • Restoranlar gələn həftədən açılsa… – İctimai iaşə sektoru yeni həyat tərzinə keçir

    Azərbaycanda koronavirusa yoluxma statistikasının aşağı düşməsi və pandemiyanın nisbətən zəifləməsi karantin rejiminin tələblərində müəyyən dəyişikliklər edilməsinə imkan verib. Bu dəyişikliklər, həmçinin, ictimai-iaşə obyektlərinin və iri ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlıdır. Hazırda restoran və kafelərin fəaliyyətinin bərpası üçün hazırlıq görülür.

    Dünyada restoran sektorunun yeni mənzərəsi…

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, koronavirus pandemiyasının ən çox təsir etdiyi sektorlar arasında restoranlar ilk yerləri tutur. Karantin rejiminin tələblərinin yumşaldılması belə obyektlərin fəaliyyətinə imkan versə də, onların iş prinsipi artıq əvvəlki kimi olmayacaq. Dünya ölkələrində restoran sektorunda karantin rejimindən sonra bir sıra yeni prinsiplər formalaşıb.

    Yeni qaydalara görə, restoranlar yeni dönəmdə tutumundan 50 faizə qədər az müştəriyə xidmət göstərəcək. Yeni tələblərə restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və onların içəri maska ilə daxil olması, masalar arasında məsafənin 2 metr müəyyən edilməsi, girişdə əllərin dezinfeksiya edilməsi üçün antiseptik məhlulların yerləşdirilməsi və s. daxildir.

    Masalara gəlincə, burada ümumi istifadə üçün nəzərdə tutulmuş məhsulları bir çox ölkələrdə görməyəcəyik. Bundan sonra masalarda müştərilər üçün nəzərdə tutulmuş qida əlavələri (duz, şəkər, istiot və s.) birdəfəlik qablaşdırılmada təqdim olunacaq. Masada görməyə adət etdiyimiz məhsulları antiseptik məhlullar və birdəfəlik istifadə üçün antiseptik salfetlər əvəz edəcək.

    Restoranların fəaliyyətində “take away” və “evlərə sifariş” xidməti ön plana keçir. Sərt karantin rejimində əvvəllər sifariş xidməti göstərməyən restoranlar tərəfindən də bu xidmətlər göstərilməyə başlayıb.

    Yeri gəlmişkən, elektron xidmətlərin restoranların xidmət prosesində ön plana keçdiyi müşahidə olunur. Ofisiantların sifarişləri masaya yaxınlaşmadan, onlayn qaydada ala bilməsi üçün bəzi restoranlarda elektron menyular təklif edilir. Bəzi restoranlarda isə “self- service” metodu tətbiq olunur, yəni müştəri sifarişi onlayn qaydada restoranın mətbəxinə ötürür və sifariş hazır olduqda özü vitrinə yaxınlaşaraq onu əldə edir.
    Yeni dönəm restoranların menyusuna da təsir edib. Məsələn, otel və restoranlarda paket halında hazırlanması çətin olan yemək növləri menyudan çıxarılıb. Səhər yeməyi üçün təklif olunan qidalar birdəfəlik paketlərdə təklif edilir. Bundan başqa, otellərdə və restoranlarda açıq bufetlərin aradan qaldırılması müşahidə olunur.

    Restoranlar üçün ölkəmizdə hansı tələblər var?

    Azərbaycanda pandemiya dövründə ictimai iaşə müəssisələrinin fəaliyyəti Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına uyğun qaydada tənzimlənir. Qərara əsasən, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Ona görə ki, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsiri var.

    Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar tərəfindən keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək və onların adı ictimaiyyətə açıqlanacaq.

    Hazırda restoranlar və müştərilər üçün həssas bir dönəmdir və burada ən əsas gözlənti təmizlik tələblərinə nə dərəcədə riayət edilməsidir. Buna görə də müştərilər ofisiantlardan tutmuş aşpaza qədər personalın gigiyenik tələblərə riayət edən və bütövlükdə xidmət təmizliyinə zəmanət verə bilən restoranlara üz tutacaqlar. Gigiyenik tələblərə riayət olunması restoranda çalışan işçilərinin sağlamlığı, obyektin nüfuzu və müştəri məmnuniyyəti üçün vacib amildir.

    Yeni həyat tərzinin spesifik xüsusiyyətlərindən biri gigiyenik tələblərin biznesə təsiridir. Bu tələblərə cavab verən iaşə obyektləri fəaliyyətinin sürətlə bərpasına nail ola biləcək və gəlirlərini yenidən qazanmaq imkanı əldə edəcək. Bütün bu tələblərin qarşılanması üçün isə ölkəmizdə hərtərəfli resurslar mövcuddur. Belə ki, istehlak bazarında kifayət qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Dövlət tərəfindən onların qiymətinin tənzimlənməsi və qiymət artımının qarşısının alınması üçün nəzarət həyata keçirilir.

    Bu sahədə hüquqi resurslar da yaradılıb və qanunvericilik sahibkarlara bir sıra güzəştlər verib. Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər qanunvericilik çərçivəsində görülmüş tədbirlərdir.

    Könlü balıq istəyənin… qaydalara riayət etməsi mütləqdir

    Artıq yay fəslinin son ayını yaşayırıq. Builki yay əvvəlkilərdən olduqca fərqli keçdi. Çimərlik, balıq evlərində yay axşamları, dənizkənarı əyləncələr insanlar üçün arzu olaraq qaldı. Açıq hava məkanlarında istirahət etmək və mövsümün son ayını uyğun şəkildə keçirmək insanların məsuliyyətinə bağlıdır. Yəni könlü balıq istəyən yeni həyat tərzinə uyğun davranış sərgiləməlidir.

    Açıq hava məkanlarında yoluxma riskinin az olması onların fəaliyyətinə imkan verə bilər – lakin qaydalara riayət etmək şərtilə. Sərt karantin rejiminin yumşaldılması, sahibkarlarla yanaşı, istehlakçıların da məsuliyyətinin artırılması deməkdir. Hər kəs bu çətin dövrdə tətbiq edilmiş qaydalara ciddi əməl etməlidir. Qaydalar isə çox sadədir: maska taxmaq, məsafə saxlamaq və təmizliyə riayət etmək.

    Hələlik koronavirusun nə vaxt bitəcəyi məlum deyil. Buna görə də bütün ölkələr koronavirusun olduğu dönəmdə də aktiv həyat tərzinin təmin edilməsi üçün müəyyən qaydalar tətbiq edirlər. Bu qaydalar yeni həyat tərzini təlqin edir. Sərhədlərdən asılı olmayaraq, hər birimizin üzərinə düşən isə gündəlik yaşamımızı yeni həyat tərzinə uyğunlaşdırmaqdır…