Month: August 2020

  • Xəttə az avtobus çıxaran daşıyıcılara XƏBƏRDARLIQ

    Avqustun 2-də sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə video-konfrans formatında müşavirə keçirilib.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub.

    Əsas diqqət günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqlarına yönəldilib. Vurğulanıb ki, pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair tapşırıqlar verilsə də, bəzi daşıyıcılar fəaliyyətlərində məsuliyyətsizliyə yol verirlər. Daha çox mənfəət əldə etmək üçün bəzi daşıyıcılar məqsədli şəkildə avtobusların sayını azaldıb. Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub.

    Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir. Bunun yolverilməz olduğu qeyd edilərək problemlərin qısa vaxtda həllinə dair daşıyıcılara növbəti dəfə xəbərdarlıq olunub.

    Sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilib. Bildirilib ki, xəttə müəyyən olunan saydan az avtobus çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcək. Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə, bu həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

  • Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib

    Ermənistanın Tavuş vilayətinin Berd şəhərində partlayış qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

    Partlayışın Berd Şəhər Polis İdarəsində baş verdiyi bildirilir.

    Rəsmi məlumata görə, ölən və xəsarət alanlar yoxdur.

    Polis idarəsinin binasına ciddi ziyan dəyib. Yaxınlıqda əl qumbaraları tapılıb.

  • “Polad Generalımız” kitabı nəşr edildi

    Qanun Nəşriyyat Evi “Polad Generalımız” adlı kitab nəşr edib.Bu barədə Şahbaz Xuduoğlu məlumat yayıb.

    Tovuzda şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş kitab 2000 ədəd nəşr edilib:

    “İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.

    Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm. Biz bu nəşri generalımızın əziz xatirəsinə “Qanun” ailəsinin töhfəsi olaraq nəşr edirik. Nəşr pulsuz paylanacaq”.

  • Müdafiə Nazirliyi vətəndaşlara çağırış etdi

    Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açılıb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı bu linkdədir: (https://twitter.com/wwwmodgovaz)”, – məlumatda qeyd olunub.

  • İtaliya koronavirusla mübarizə çərçivəsində ölkəmizə tibbi heyət göndərir

    Azərbaycanda missiya üçün hər şey hazırdır!”

    Bu barədə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizə tibbi heyət göndərən İtaliyanın Mülki Müdafiə Departamentinin “Twitter” hesabında bildirilib.

    “İtaliya koronavirusla mübarizənin ən həssas mərhələləri ilə qarşılaşan ölkələrə kömək göstərməyə davam edir. Həmişə ön cəbhədə olan səhiyyə işçilərimizə təşəkkür edirik. Yaxşı yol!”, – deyə paylaşılan tvitdə vurğulanıb.

  • Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi

    Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi çərçivəsində Bakı başda olmaqla, bir sıra şəhər və rayonlarda vətəndaşların SMS-icazə və ya icaze.gov.az portalında işinə dair icazə əsasında hərəkət etməsi mümkündür.

    Əks halda, karantin qaydalarının icrasına nəzarət edən polis əməkdaşı həmin şəxsi İnzibati Xətalar Məcəlləsinə görə cərimə edir. Bu müddət ərzində əsassız olaraq cərimələndiklərini iddia edən vətəndaşlar da olub. Onlardan biri belə protokolun ləğvinə nail ola bilib.

    Qafqazinfo xəbər verir ki, Quba rayon sakini olan və Bakıda bankların birində sürücü işləyən şəxs Quba Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində polis əməkdaşının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib etdiyi protokolun ləğv edilməsini istəyib.

    Həmin şəxs iddia ərizəsində bildirib ki, işlədiyi banka məxsus “Mitsubishi L200” markalı avtomobillə hərəkət edərkən, Ramana qəsəbəsinin çıxışından aeroport yoluna doğru gedərkən yol patrul xidməti tərəfindən qurulmuş postda saxlanılıb.

    Ondan karantinlə əlaqədar evdən çıxmaqla bağlı icazəsinin olub-olmadığı soruşulub. O isə bankda sürücü işlədiyini bildirib və bununla bağlı iş icazəsini rəsmi qaydada təqdim edib. Buna baxmayaraq, polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsinin tələbinin pozulması ilə bağlı qərar qəbul edib.

    Həmin qərarın surəti isə sonda ona təqdim edilməyib. Yalnız həmin gün ərzində inzibati xəta haqqında protokolun tərtib olunması haqda mobil telefonuna SMS göndərilib.

    İddiaçı şəxs qeyd edib ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş protokol ləğv edilməlidir.

    İşə baxılmasının yeri və vaxtı barədə protokol tərtib edən polis əməkdaşına və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməyib və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməyib. Belə olan halda, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edib.

    Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir.

    Belə ki, iş sənədlərinə əlavə edilmiş Elektron Hökumətin İnkişaf Mərkəzinin icaza.e-qov.az sənədin surətindən görünür ki, iddiaçı şəxsə cərimə protokolu yazıldığı müddətdə icazə verilib.

    Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN BDYPİ-nə göndərilməlidir.

  • Bakıda sosial məsafəni gözləməyən şəxslər cərimələndi

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayonlar üzrə qapalı məkanlar daxil olmaqla, davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunur.

    Diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.

    Göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

  • İşsizlərə ŞAD XƏBƏR

    Azərbaycanda müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ tanınacaq.

    Bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

    Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı üç il fasiləsiz iş stajı olmalıdır. Onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xitam verilməlidir.

    Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir.

    Maddənin “b” bəndində yazılır ki, əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitan verilə bilər.

    Qanun layihəsində isə yazılıb ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay keçdikdən sonra ödəniləcək.

    Ancaq bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın.

    Sığorta ödənişi üç ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.

    Layihənin izahında bildirilib ki, qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

    Qanun layihəsi Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyası müddətində müzakirəyə çıxarılacaq.

  • Metro işləmir, dayanacaqlarda sıxlıq müşahidə olunur – VİDEO

    Hazırda Rəşid Behbudov küçəsi kimi tanıdığımız Mərkəzi Bankın qarşısında günün pik saatları ilə yanaşı, istənilən vaxt sıxlıq müşahidə olunur.

    Median.Az xəbər verir ki, “Report”un əməkdaşlarının ərazidə çəkiliş apardığı zaman da necə deyərlər “iynə atsan yerə düşməzdi”.

    Əlbəttə, koronavirus pandemiyasının tüğyan etdiyi günlərdə bu cür arzuolunmaz görüntülər heç də yaxşı şeylər vəd etmir.

    Növbəti müşahidələrimiz isə Bakı Dəmir Yolu Vağzalı istiqamətində yerləşən dayanacaqda oldu. Burda da eyni mənzərə ilə rastlaşdıq.

    Mənzil başına virusa yoluxmadan çatmaq üçün rahat və təhlükəsiz nəqliyyat vacib şərtlərdəndir. Odur ki, bütün dünyanın devizinə çevrilən məsafəni qoru, maskanı tax, təmizliyə riayət et qaydalarına hər birimizin eməl etməsi ilə yanaşı, cavabdeh qurumların da öz işinə məsuliyyətlə yanaşması mütləqdir.

  • Operativ Qərargahın brifinqi bu saatda başlayacaq

    Bu gün saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.

    Brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq.