Month: September 2020

  • Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi

    COVID-19-dan sağalanların qan plazmasının köçürülməsinə dair klinik tədqiqatlar bu prosedurun xəstəliyin şiddətinə və müddətinə az təsir etdiyini göstərib.

    TASS-ın məlumatına görə, testin ilkin nəticələri “medRxiv” elektron elmi kitabxanası tərəfindən dərc edilib.

    “Plazma köçürülməsi həqiqətən xəstənin orqanizmində viral RNT konsentrasiyasını azaldıb. Ancaq bu heç bir şəkildə xəstəliyin gedişatına, xəstələrin immun sisteminin xüsusiyyətinə və iltihab əleyhinə molekulların konsentrasiyasına təsir etməyib. Bu deyilənlər virusun neytrallaşdırılmasına baxmayaraq, terapiyanın niyə xəstələrdə nəticə vermədiyini izah edə bilər”, – deyə tədqiqatçılar yazırlar.

    Eyni zamanda, alimlər plazma köçürülməsindən ciddi mənfi nəticələr qeydə almayıblar, hətta bir neçə müsbət təsiri müəyyənləşdiriblər. Belə ki, bu prosedur bir çox xəstəni öskürəkdən və yorğunluqdan xilas edib.

    Bundan başqa, bədəndəki viral hissəciklərin sayını əhəmiyyətli dərəcədə azalıb. Alimlərin fikrincə məhz bu amil COVID-19 simptomlarının SARI-CoV-2 -nin çoxalması ilə deyil, immun sisteminin işinin pozulması ilə əlaqədar olduğunu bir daha sübut edir.

  • 2021-ci ilin dəbdə olacaq rəngi elan edildi

    Niderlandın məşhur boya markası “Dulux” növbəti il dəbdə olacaq populyar rəngin adını açıqlayıb.

    Bu barədə “Dezeen” agentliyi məlumat yayıb.

    Belə ki, 2021-ci ilin rəngi “Brave Ground” adlandırılan torpaq-bej rəngi seçilib.

    Şirkət bu rəngin universal olduğunu, təbiətin gücünü əks etdirdiyini və təsadüfi seçilmədiyini qeyd edirlər.

    “Torpaq-bej (“Brave Ground”) çalarlarının seçilməsində koronavirus pandemiyası böyük rolu var. Pandemiya nəticəsində insanların yaşamaq üçün prioritetləri, yaşayışı və iş şəraiti də əhəmiyyətli dərəcədə dəyişib. “Colour Futures 2021” palitrasının bir hissəsi olan torpaq-bej (“Brave Ground”) insanlara rahatlıq hissi bəxş edəcək və müsbət enerji ötürəcək”, – deyə “Dulux” şirkətinin yaradıcı direktoru Marianna Şillinqford vurğulayıb.

  • Şəkil çəkdirməyin qadağan olunduğu məşhur turistik məkanlar – SİYAHI

    Görüntülərini çəkməyin qadağan olunduğu turistik məkanların siyahısı hazırlanıb.

    Bu barədə “Zvezda” xəbər verib.

    Bildirilir ki, Böyük Britaniyanın paytaxtına səyahət edənlər Keyt Middlton və Şahzadə Uilyamın toy mərasiminin keçirildiyi Vestminster abbatlığının daxilini çəkə bilməzlər. Bu, kilsənin fəaliyyətdə olması və fotonun flaş işığının ibadətə mane ola bilməsi ilə izah edilib.

    Parisdə də eyni səbəbdəen Sakre-Kör Bazilikasının daxilində foto çəkmək olmaz.

    Fransa paytaxtında Eyfel qülləsinin gecə vaxtı fotosunu çəkmək də qadağandır. Bu, müəllif hüququ ilə qorunan işıq şousu səbəbiylə yasaqlanıb.

    Amsterdamda Van Qoq Muzeyinin və Anna Frankın Evinin içini, Vatikanda Mikelancelonun əsərinin yer aldığı Sikstin kapellasının tavanını, Misirdə Krallar Vadisində flaşla şəkil çəkdirmək qadağandır. Qadağa fotoaparatın flaşının sənət əsərlərinə mənfi təsiri ilə izah edilib.

    Taylandın məşhur May Kao çimərliyində eniş edən təyyarələrin fonunda selfi çəkdirməyə icazə verilmir.

    Həmçinin Yaponiyanın Kyoto şəhərində turistlər qeyşaların şəklini çəkə bilməzlər. Qadağaları pozanları külli miqdarda cərimə gözləyir.

  • Gəncə sakini yüksək doza narkotikdən öldü

    Gəncədə narkotik istifadəçisi ölüb.

    APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 41 yaşlı Vüqar Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    İlkin məlumata görə, V.Quliyev yüksək dozada qəbul etdiyi narkotik vasitənin təsirindən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bank sistemi ilə bağlı böyük iqtisadi paket hazırlanır – RƏSMİ

    Azərbaycanda bank sistemi ilə bağlı böyük bir iqtisadi paket hazırlanır.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.

    Deputat qeyd edib ki, həmin layihə Milli Məclisə daxil olandan sonra parlamentdə ictimai dinləmələr keçiriləcək.

  • Azərbaycan erməni hərbçiləri “İnterpol”a verdi – RƏSMİ

    Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisini beynəlxalq axtarışa verib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Ermənistanın xüsusi xidmət orqanlarının tapşırığı ilə respublikamızın təhlükəsizliyi zərərinə – ölkəmizin müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə yolların, əlaqə vasitələrinin dağıdılmasına yönəldilən partlayışlar, o cümlədən təxribatların, habelə ölkəmizə qarşı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə vəzifələndirilmiş silahlı qüvvələrin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Alaverdyan Qurqen Vladimiroviçin avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib müdafiə mövqelərimizə basqın edərkən Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

    Məlum olduğu kimi, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə iriçaplı artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirmək məqsədilə atəşə tutub, o cümlədən təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisini hədəfə almaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

    İyulun 12-dən başlayaraq Qazax rayonunun Xanlıqlar, Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndlərində dinc mülki əhaliyə qarşı törədilib, həmçinin avqustun 23-də diversiya-kəşfiyyat qrupunun icra etdiyi cinayət əməllərinin davam edən hərbi qarşıdurma fonunda baş verməsi Ermənistan silahlı qüvvələri tərəfindən planlaşdırılaraq törədilməsi və eyni xarakterli olması nəzərə alınmaqla həmin faktlarla bağlı başlanmış cinayət işləri bir icraatda birləşdirilərək Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif edilməklə sülh və insanlıq əleyhinə olan cinayətlər kimi qiymətləndirilib.

    Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Qurqen Alaverdyanın ifadəsinə və digər istintaq sübutlara əsasən, Q.Alaverdyanın Azərbaycan Respublikasının işğal olunmuş ərazisində qanunsuz yaradılmış silahlı birləşmədə kəşfiyyat bölüyündə tağım komandiri olmaqla cinayətkar birliyin tərkibində təcavüzkar müharibənin aparılmasında iştirak etməsinə, habelə işğalçı Ermənistan tərəfindən yaradılmış cinayətkar birlikdə (təşkilatda) struktur bölməsinə rəhbərlik etməsinə, 23 avqust 2020-ci il tarixdə xidmət etdiyi qanunsuz silahlı birləşmənin komandiri Vazgen Vartanyanın göstərişi ilə iki nəfər erməni hərbçi ilə – Armen Camalyan və istintaqın hazırki mərhələsində şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın etməsinə, habelə çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) digər üzvləri ilə birlikdə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamasına, gəzdirməsinə və qanunsuz olaraq döyüş sursatını, partlayıcı maddələri daşımasına, cinayətkar birliyin (təşkilatın) tərkibində odlu silahdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan partlayışlar, yanğınlar törətməyə, yəni terrorçuluğa cəhd etməsinə, cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin iki nəfərdən çox üzvlərini milli ədavət və düşmənçilik niyyəti ilə, eləcə də terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd etməsinə, həmçinin çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) tərkibində partlayışlar törətməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin, Ermənistan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunda yerləşən postlarında müdafiəni təşkil edən qanunsuz silahlı birləşmənin komandiri Vartanyan Vazgen Baxşikoviç və tağım komandiri Camalyan Armen Gneloviçin də eyni əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 276 (casusluq), 279.2 (silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 29, 214.2.3 (terrorçuluğa cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Baş Prokurorluğun təqdimatı əsasında məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

    Baş Prokurorluq tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

  • Millimizin qalib gəldiyi rəqiblə cavab oyununun vaxtı bilindi

    21 yaşadək futbolçulardan ibarət komandamızın (U-21) növbəti oyununun başlanma vaxtı müəyyənləşib.

    AFFA-nın saytı xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyunu yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

    Qeyd edək ki, U-21 millimiz ötən il Bakıda bu rəqibinə 2:0 qalib gəlib. Hazırda hər iki komandanın aktivində altı xal var. Budəfəki qarşılaşma Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək.

  • Şəkidə qədim yaşayış məskəni aşkarlandı

    Şəkidə qazıntılar zamanı qədim yaşayış məskəninin qalıqları aşkar edilib.

    “Report”un məlumatına görə, ilk dəfə Fazıl kəndində qazıntılar zamanı arxeoloji dəstə qədim qəbiristanlıqla yanaşı yaşayış məskəninin izlərini təsdiqləyən artefaktlar tapıb.

    Beynəlxalq arxeoloji ekspedisiya çərçivəsində qazıntı zamanı arxeoloqların diqqətini sarı rəngdə, orta ölçüdə torpaq qatı çəkib. Təmizləmə zamanı 2 min yaşı olan duluzçu sobası da üzə çıxıb.

    Arxeoloji ekspedisiyanın rəhbəri Zaur Həsənov bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir:

    “Vaxtı ilə burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunanlardır. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir”.

    Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki “Labirint” adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.

    Fazıl kəndində arxeoloji qazıntılar gələn il də davam edəcək.

  • DTX-nin həbs etdiyi XİN-in sabiq şöbə rəisindən XƏBƏR VAR

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

    APA-nın məlumatına görə, vəsatətə Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin icraatında bu gün baxılması gözlənilir.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

  • Deputat əlillərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi

    Millət vəkili Vüqar Bayramov əlilliyin təyinatındakı çətinliklərlə bağlı Nazirlər Kabinetinə müraciət edib.

    Deputat öz “Facebook” hesabındakı paylaşımda əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğuların ən çox edilən müraciətlər sırasında olduğunu bildirib:

    “Vətəndaş forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

    Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin səkkiz ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”.

    Deputat qeyd edib ki, demək olar ki, bütün digər rayonlarımızda da oxşar vəziyyətdir:

    “Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüququ olan xeyli sayda vətəndaşlarımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil”.

    V.Bayramov əlavə edib ki, o baxımdan, parlamentə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.