Month: September 2020

  • Bakıda avtobuslarda sərnişin sıxlığı acınacaqlı vəziyyət yaratdı: Nə sosial məsafə var, nə maska

    Bakıda avtobuslarda sərnişin sıxlığı yenidən artıb.

    Bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.

    Müvafiq olaraq iki istiqamət üzrə metrostansiyaların çıxışına hərəkət edən “M1” və “M2” sərnişin avtobuslarında vəziyyət acınacaqlıdır.

    Fotolardan da göründüyü kimi sərnişinlər arasında sosial məsafəyə riayət olunmur.

    Bəzi sərnişinlərin isə ümumiyyətlə tibb maskası yoxdur.

  • Şahdağ milli parkında zubr balası xəsarət alıb

    Şahdağ milli parkının İsmayıllı bölməsindəki zubr balalarından biri xəsarət alıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, may ayında dünyaya gələn bala zubr mütəxəssislər tərəfindən müayinə edilib və onurğa sütununun zədələndiyi məlum olub:

    “Hazırda bala zubr mütəxəssislərin nəzarəti altında müalicə olunur”.

  • Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi üçün yeni layihə başlayır

    Peşə təhsilinin müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə yeni layihəyə start verilib.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Belə ki, sentyabrın 7-də Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb.

    Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

    Layihə seçilmiş yeddi peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsi, habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialının yüksəldilməsi məqsədinə xidmət edəcək. Peşə təhsili mərkəzlərində təhsil alan 5 mindən çox tələbə bu təşəbbüsdən faydalana biləcək.

    Layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVİD-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işlərin icrasını nəzərdə tutur.

    Layihə Avropa İttifaqının ‘Məşğulluq üçün Təhsil’ 2018 İllik Fəaliyyət Proqramı çərçivəsində maliyyələşdirilir.

  • İlham Əliyev: “Azərbaycan İslam həmrəliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir”

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

    AZƏRTAC Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir.

    “Azərbaycan İslam həmrəliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır”.

    “Bizim ölkələrimiz, eyni zamanda, xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir”.

    “Qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır. Xəzər dənizinin hüquqi statusunun, nəhayət, öz həllini tapması bütün Xəzəryanı ölkələrin niyyətini göstərir, bizim siyasətimizi göstərir və bu ölkələr arasındakı dostluğu göstərir”.

  • Bərdədə yeni doğulmuş körpə həkimlərin səhlənkarlığının qurbanı oldu – RƏSMİ

    Sentyabrın 5-də saat 9 radələrində Bərdə rayonu, Mirzalıbəyli kənd sakini Aytac Qasımovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Aytac Qasımovanın sentyabrın 4-də saat 16 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün qeysəriyyə əməliyyatı aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • В Азербайджане выявлены 89 новых случаев инфицирования COVID-19, скончались еще три человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 89 новых случаев инфицирования коронавирусом, еще 132 человека вылечились и были выписаны домой.

    Об этом 7 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще три пациента.

    В целом в Азербайджане заразились 37 418 человек, 551 – скончался, 34 837 – излечились, 2 030 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 967 040 тестов (за последние 24 часа – 3 936) на COVID-19.

  • Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

  • Əfsanəvi “dəmir atlar” Balaxanı küçələrində – VİDEO

    Balaxanı qəsəbəsi ötən gün açıq səma altında retro maşın sərgisinə çevrilib.

    “Sputnik Azərbaycan” xəbər verir ki, onlarla retro avtomobildən ibarət karvan Ağ Şəhərdən başlayaraq Balaxanıya qədər çatıb.

    Azərbaycan Retro Avtomobil Klubunun banisi Roman Rodin isə klub üzvlərinin bu dəfə yürüşü Balaxanıda təşkil etməyə qərar verdiklərini açıqlayıb.

    “Özümüzün bərpa etdiyimiz maşınlarla bu yaxınlarda yenilənən Balaxanı qəsəbəsinə gəlməyə və sovet vaxtından mükəmməl vəziyyətdə saxlanılan maşınları sakinlərə göstərməyə qərar verdik”, – deyə Rodin bildirib.

    Beləliklə, onlar qəsəbəni bir anlığa əfsanəvi “dəmir atlar”ın açıq səma altında sərgisinə çevirməyə müvəffəq olublar.

  • Bakıda avtomobil qəzasında ölən şəxsin meyiti qohumlarından xəbərsiz dəfn edilib? – AÇIQLAMA

    Bakıda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs qohumlarından xəbərsiz dəfn edilib.

    Bununla bağlı Oxu.Az-a Buzovna-Maştağa yolunda avqustun 11-də yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs 1971-ci il təvəllüdlü Babayev Həmid Arif oğlunun yaxınları məlumat veriblər.

    Onlar mərhumun avqustun 14-də dəfn edildiyini və buna görə də polisdən narazı olduğunu bildiriblər.

    Qohumların sözlərinə görə, onlar H.Babayevin itkin düşməsi ilə bağlı polisə müraciət ediblər, sentyabrın 3-də isə “102”yə zəng vuraraq axtarışın tezləşdirilməsini istəyiblər.

    Sentyabrın 5-də H.Babayevin avtomobil qəzasında ölməsi və yaxınlarının axtarılması ilə bağlı məlumat yayımlandıqdan sonra mərhumun qohumları tapılıb.

    İndi mərhumun yaxınları meyitin tez dəfn edilməsi və axtarışın gecikdirilməsi məsələsində Xəzər Rayon Polis İdarəsindən narazıdırlar.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, qaydalarla naməlum cəsəd 10 gün ərzində qohumları tapılana kimi morqda saxlanılır. Hadisənin 11 avqust tarixində baş verdiyini nəzərə alaraq, nəzərdə tutulan müddət bitdikdən sonra cəsəd dəfn edilib.

  • Yataqxananı yandırıb, özünü pəncərədən atmaq istədi – VİDEO

    Kəlbəcər rayonundan olan məcburi köçkün yaşadığı evdə intihara cəhd edib.

    Baku.ws-in verdiyi məlumata görə, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün ailəsinin yerləşdiyi yataqxanada baş verib.

    Ruslan Orucov adlı şəxs əvvəlcə yaşadığı evi yandırmağa cəhd göstərib. Bu cəhdin qarşısı alındıqda iki mərtəbəli binanın pəncərəsinə çıxaraq özünü atmaq istəyib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici dəstələri cəlb olunub.

    Keçirilən tədbirlərlə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri intihara cəhdin qarşısını alaraq, Ruslan Orucovu son anda xilas edə biliblər.

    İlkin məlumata görə, intihara cəhd etmək istəyən şəxsin psixi problemləri var.