Month: September 2020

  • Bu gündən rayonlara gediş-gəliş açılır

    Sentyabrın 8-i saat 00:00-dan etibarən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılır.

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

    Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gündən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara uyğun olaraq, ictimai iaşə obyektlərinin daxilində saat 00.00-dək xidmət göstərilməsinə icazə verilir.

    Belə ki, ictimai iaşə obyektləri daxilində aşağıdakı hallara nəzərə alınmaqla xidmət göstəriləcək:

    – Koronovirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;

    – İctimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;

    – Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir;

    – İctimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur;

    – İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur;

    – İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

  • Yol polisi deputatı saxladı — “Deputatsansa, sənəd göstər…” (FOTO)

    Yol polisi deputat Razi Nurullayevi saxlayıb.

    Median.Az Demokrat.az-dan aldığı xəbərə görə, bu barədə millət vəkilinin özü məlumat verib:

    “Bu nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi.

    Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

    Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

    Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu.

    Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə.
    Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də.
    Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.

    Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər.

    Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.

    Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq.

    Gözləyirəm”.


  • Qəbələdə beş nəfər dağda köməksiz qaldı

    Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə beş nəfər köməksiz vəziyyətdə qalıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliy (FHN) məlumat yayıb.

    Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

    Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.

  • DSX-nin vəzifəli şəxslərinin həbs müddəti uzadılır

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətin vəzifəli şəxslərinə qarşı keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin barələrindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

    “Report” xəbər verir ki, istintaq orqanının təqdimatına Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

    Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o, avqust ayında azadlığa buraxılıb.

    Rəsmi məlumata görə, vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılıb.

    Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

    Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvətalma) maddələri ilə cinayət işi başlanılmış və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib.

    Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün balıqçılıqla məşğul olan Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzəsində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

    Həmçinin istintaqla müəyyən edilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

  • “Neftçi”nin kiçik futbolçuları məşqlərə start verdi

    “Neftçi” Futbol Akademiyasının komandaları bu gün yeni mövsümün hazırlığına start verib.

    Klubun rəsmi saytı xəbər verir ki, U-19, U-17, U-16, U-15, U-14, U-13, U-11, U-10 və qızlardan ibarət U-13 komandaları məşqlərə başlayıb.

    U-12 komandası isə sabah hazırlığa start verəcək. U-13-dən (qızlar) başqa digər komandalar məşqlərini “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirlər.

    Xatırladaq ki, pandemiya səbəbindən “Neftçi” Futbol Akademiyasının komandalarının məşqləri mart ayının əvvəllərindən dayandırılmışdı.

  • Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?

    Virtual dərslərə ciddi nəzarət olunacaq.

    Bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

    O bildirib ki, ümumiyyətlə, keçiriləcək bütün virtual dərslərin məktəb rəhbərliyi tərəfindən nəzarətinin təşkili nəzərdə tutulub.

  • İcbari tibbi sığorta üzrə dövlət hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişdi – QƏRAR

    Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Belə ki, qərarın adında və 1-ci hissəsində “2020-ci ildə” sözləri “2020-ci və 2021-ci illərdə” sözləri ilə əvəz edilib.

    Bununla da qərar 2021-ci ili də əhatə edəcək.

    Yeni qərarla sığorta haqqının ödənilməsi qaydasına da dəyişiklik edilib.

    Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:

    – 2020-ci il üzrə – icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;

    – 2021-ci il üzrə – icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

  • Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

    Uşaqlarının xəstəliyə yoluxmasından qorxub məktəbə göndərmək istəməyən valideynlərin də mənafeyi nəzərə alınıb.

    Bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

    Onun sözlərinə görə, həmin valideynlər məktəbə yaxınlaşıb rəhbərliklə danışmalıdırlar:

    “Belə ki, məktəb rəhbərliyinə bu hallar üçün hazırlanan xüsusi iltizam forması təqdim edilib. Valideynlər bu iltizam formasını imzalayırlar. Bunu imzalayan valideyn öz övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsini təminat verir.

    Bütün bu məsuliyyəti öz üzərinə götürməklə valideyn övladının əyani dərslərdə iştirakından imtina etdiyini bildirmiş olur. Əgər buna rəğmən şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.

  • Yeni qaydalarla tədris prosesində müəllimlərin dərs yükü artacaqmı? – AÇIQLAMA

    Müəllimlərin dərs yükü artmayacaq. Bununla bağlı bölgü sistemi də təklif olunub.

    Bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu iki yarımqrupa bölünən sinfə dərs deyən müəllimin dərs yükünün artıb-artmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

    O bildirib ki, bu məsələni tənzimləmək üçün təkliflər olub:

    “Əyani dərslər üçün uyğunlaşdırılmış tədris planında nəzərdə tutulmuş dərs miqdarı iki yarımqrup arasında bərabər bölünür. Şərti olaraq əyani dərs zamanı riyaziyyat fənninin tədrisinə 4 saat nəzərdə tutulubsa, bu, yarımqruplar arasında 2 saat olmaqla bölünür. Uşaqlar intensiv şəkildə iki və ya üç mövzu üzərində çalışırlar. Əgər dərs yükü 5 saatdırsa (tək ədəddirsə) bu zaman həftəaşırı olmaqla, bir yarımqrup 2 saat, digəri 3 saat əyani riyaziyyat dərsi keçir. Növbəti həftədə isə az dərs keçən çox, çox keçən az dərs keçir. Bununla biz müəllimin dərs yükünü artırmadan, şagirdlərin öyrənməsini təmin etməyə çalışacağıq”.

  • Xüsusi karantin dövründə dərslər necə keçiriləcək? – Nazirlik rəsmisindən AÇIQLAMA

    15 sentyabrdan etibarən ilk olaraq ibtidai siniflər əyani təhsilə başlayacaq, 5-11-ci siniflər isə distans təhsillə tədris ilinə start verəcəklər.Daha sonra isə mərhələli şəkildə 5-11-ci siniflər də əyani təhsilə keçəcəklər.

    Bu sözləri “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

    O bildirib ki, epidemioloji vəziyyət nəzərə alınaraq həftə ərzində dərs günlərinin qrafiki müəyyənləşdirilib: “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələrində həftədə üç dəfə dərsə gələcək şagirdlər üçün əyani dərslərin sayı daha çox olacaq. Həftədə iki dəfə dərsə gələnlər isə əyani şəkildə az, distans şəkildə daha çox məşğul olacaqlar”.

    Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda 600 mindən çox şagird təhsil müəssisəsinə gedəcək.