Month: September 2020

  • Bu gün milli komandamızın rəqibləri bilinəcək

    Bu gün futzal üzrə millimizin AVRO-2022-nin seçmə qrup mərhələsində rəqibləri bilinəcək.

    Bunun üçün Bakı vaxtı ilə saat 15:15-də püşk atılacaq.

    Püşkatmada Azərbaycan millisi A səbətində yer alacaq. Püşk zamanı komandalar hər birində dörd komanda olmaqla səkkiz qrupa bölünəcək. Yekunda səkkiz qrup qalibi və ən yaxşı göstəriciyə malik altı komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək.

    A səbəti: İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya

    B səbəti: Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya

    C səbəti: Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya

    D səbəti: Norveç

    E səbəti: Türkiyə/Yunanıstan, San Marino/Danimarka, İsrail/Kipr, İsveçrə/Almaniya, İngiltərə/Şimali Makedoniya, Bolqarıstan/Ermənistan, Monteneqro/Litva

    Millimiz seçmə mərhələyə bu ilin 6-9 dekabrında start verəcək.

    Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 9 yanvar – 6 fevral 2022-ci ildə Niderlandda keçiriləcək.

  • Neftin qiyməti artır

    Dünya bazarında neftin qiymətində artım müşahidə edilir.

    RT xəbər verir ki, WTI markalı neftin oktyabr fyuçersləri 0,8 faiz artaraq, bir bareli 43,02 dollar (73,151 manat) olub.

    “Brent” markalı neftin noyabr tədarükü üçün fyuçersləri 0,7 faiz artaraq, bir bareli 45,90 dollara (78,03 manat) çatıb.

  • Hökməli sakinləri: “Səkkiz ildir suyu maşınla alırıq”

    Abşeronda sakinlər su problemindən əziyyət çəkirlər.

    Bu barədə Oxu.Az-ın redaksiyasına rayonun Hökməli qəsəbəsi, R.Rza küçəsində yaşayan bir qrup sakin tərəfindən şikayət daxil olub.

    Sakinlərin sözlərinə görə, suyu hələ də maşınla alırlar:

    “Səkkiz ildir ki, burada yaşayıram. Ərazidə kanalizasiya sistemi və su problemi aradan qaldırılmır. Ərazidə ümumiyyətlə kanalizasiya sistemi yoxdur. Bizim yaşadığımız küçədən aşağıda su gəlir. Amma biz suyu səkkiz ildir pulla alırıq. Zülm çəkirik. Aidiyyəti qurumlara müraciət etmişik. İcra hakimiyyəti də, “Azərsu” ASC-də müraciətimizə cavab olaraq bildirdi ki, planda var. Məsələyə baxılacaq. Amma bu proseslər mərhələli şəkildə aparılır. Səkkiz ildir ki, növbə yaşadığımız ərazilərə çatmır”.

    Vətəndaşın şikayətinə cavab olaraq “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı redaksiyamıza açıqlamasında bildirib ki, hazırda Abşeron yarımadasında məskunlaşma olan ərazilərin 11 faizində mərkəzləşmiş su şəbəkəsi qurulmayıb:

    “Həmin ərazilərə su xətləri çəkilməyib. Bununla bağlı “Azərsu” ASC-nin Baş Planına uyğun olaraq Abşeron yarımadasının su olmayan ərazilərində mərhələli şəkildə işlər görülür. Sözügedən ərazilərdə yaşayan vətəndaşların şikayəti əsasında qısa zamanda orada su və kanalizasiya xətləri çəkmək mümkün deyil. Çünki bu işlər investisiya proqramına uyğun həyata keçirilir. Həmin prosedur baş plana uyğun olaraq dövlət büdcəsindən ayrılan və təsdiqlənən layihə və investisiyalara uyğun həyata keçirilir”.

  • Bakıda saxta pul hazırlayan şəxslər tutuldu – VİDEO

    Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün beş ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən bir ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları dövriyyəyə buraxmaqda şübhəli bilinən paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan Ağcəbədi rayon sakini Rəşadət Hacıyev saxlanılıb.

    Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan əlavə olaraq səkkiz ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.

  • Dənizdə bir nəfər batdı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

    FHN-dən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Vilyam Hacıyev hakim qarşısına çıxarıldı

    Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

    Median.Az Trend-ə istinadla xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.

    Xatırladaq ki, V.Hacıyev Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla Vilyam Hacıyev saxlanılmışdı

  • Sükan arxasında foto çəkdirən məktəb direktoru barəsində cinayət işi başlandı

    Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb.

    “Report”un xəbərinə görə, 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon Prokurorluğunun təqdimatı əsasında maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

    Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib. Onun cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb və 5 000 manat cərimə olunub. 8 aydan sonra Nərimanov Rayon Məhkəməsi E.Rzayevin barəsində işə bərpa barədə qərar çıxarıb.

    Qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Apelyasiya protesti Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun icraatına verilib və sentyabrın 7-də məhkəmə iclası keçiriləcək.

    Qeyd edək ki, E.Rzayev məzuniyyət vaxtı “BakuBus” MMC-yə məxsus avtobusun sükanı arxasında foto çəkdirib sosial şəbəkədə paylaşaraq sürücü işləməsi təəssüratı yaradıb. Bu da sosial şəbəkələrdə “məktəb direktoru sürücü işləyir” xəbərinin yayılmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi isə məlumat yayaraq həmin şəxsin “BakuBus” MMC-də işləmədiyini və bunu paylaşım xatirinə etdiyini bildirmişdi.

    Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru E.Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

  • Qardaşın bacısını suda boğaraq öldürməsinin TƏFƏRRÜATI

    Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.

    Rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.

    Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub.

    Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.

    Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.

    Qeyd edək ki, faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    ///report

  • Tofiq Yaqubluya sabah hökm oxunacaq

    Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam edirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, proses sabaha təxirə salınıb.

    Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

    Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror T.Yaqublunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    İttihama görə, 2020-ci il martın 22-də Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi, özünə məxsus “Toyota Corolla” markalı, 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

    T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib.

    Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib.

  • Koronavirus ola-ola marketdə satıcı işləyirmiş – FOTO

    Qaradağ Rayon Polis İdarəsinə “Covid-19” infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Rayon sakini Esmira Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb.

    Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.

    E.Nəbiyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.