Month: September 2020

  • Türk Şurası Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı

    Türk Şurası Qarabağda gedən münaqişə ilə bağlı bəyanat yayıb.

    Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyev adından yayılan bəyanatda deyilir:

    “Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyir və Ermənistan – Azərbaycan münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır.

    Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır”.

    Türk Şurasının baş katibi qarşıdurmada həyatını itirənlər üçün Azərbaycan xalqına başsağlığı verib və yaralananların təcili yaxşılaşmasını diləyib.

  • MN: Düşmən Goranboyu atəşə tutub

    “Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

    “Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – o əlavə edib.

  • Ermənistanın daha bir polkovniki məhv edildi

    Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyanı məhv edib.

    “Report” xəbər verir ki, polkovnikin adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı öldürülən hərbçilərin siyahısında qeyd olunub.

    Qeyd edək ki, daha öncə Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

  • Ceyhun Bayramovla Ukrayna XİN başçısı arasında telefon danışığı olub

    Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı olub.

    XİN-dən “Report”a bildirilib ki, Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba bölgədə yaşanan gərginlik ilə bağlı narahat olduğunu bildirib və mövcud vəziyyəti sorğu edib.

    C.Bayramov 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə ukraynalı həmkarını məlumatlandırıb. O, azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfinin hər zaman mülki şəxslərə qarşı terror vasitələrindən istifadə etdiyini bildirən nazir bu xüsusda 2016-cı ilin aprel və 2018-ci ilin iyul hadisələri zamanı Azərbaycanlı mülki şəxslərin həlak olması faktını qeyd edib.

    C.Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

  • Bakı İrəvanı yaşayış məntəqələrinə məqsədli zərbələr endirməkdə təqsirləndirdi

    Son 24 saat ərzində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini 1,2 mindən çox mərmi atıb.

    Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə açıqlamasında bildirib.

    “Ermənistanın yaşayış məntəqələrinə məqsədli zərbələr endirməsi bugünkü reallığımızdır”, – deyə o, qeyd edib.

    Azərbaycan Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, son bir gündə əhalinin olduğu ərazilərə 1,2 mindən çox mərmi atılıb.

    “Mən hərbi obyektlərdən danışmıram”, – deyə xüsusi vurğulayıb.

  • Dünyanın ən qiymətli idmançıları açıqlandı

    “Nielsen” marketinq şirkəti dünyanın ən qiymətli idmançılarının siyahısını tərtib edib.

    “Report” xəbər verir ki, sıralamanın ilk pilləsində İspaniya “Barselona”sının kapitanı Lionel Messi yer alıb. Argentinalı hücumçu 115 xal toplayıb.

    Onu 113 xalla İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu izləyir. 3-cü sırada isə 110 xalı olan ABŞ-ın “Los-Anceles Leykers” komandasının basketbolçusu Lebron Ceyms qərarlaşıb.

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov isə səsvermədə 7-ci olub – 106 xal. O, Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Paulo Dibala (“Yuventus”, İtaliya) və Eden Azar (“Real Madrid”, İspaniya) kimi məşhur futbolçuları qabaqlamağı bacarıb.

    Qeyd edək ki, seçim zamanı idmançıların nüfuzu, uğurları, aktuallığı, rezonansı və gəlirləri nəzərə alınıb.

  • Allahşükür Paşazadə xalqa müraciət etdi

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib.

    “Report”un xəbərinə görə, müraciətdə deyilir:

    “Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.

    Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni ekstremistlərinin əzəli torpaqlarımıza qarşı ərazi iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırım, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirmişdir. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır!

    Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd edən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlət başçımızın söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?

    Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü müdafiə edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərləri, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən, məscid, qəbirstanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizə həqarət edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.

    Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurası, Vatikan və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüflər olsun ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışmışdır. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə qayəsi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.

    Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı qələbələr münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlət başçımızın vurğuladığı kimi, “Biz birlikdə güclüyük”.

    Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi, cəmiyyətin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

    Bir daha Azərbaycan xalqına xitab edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad olunması, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah! Amin!”

  • Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək

    Azərbaycanda sərnişindaşımada ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb

    Bildirilib ki, 28 sentyabr tarixindən hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

    Qeyd olunub ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək. Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!

  • Komendant saatında fəaliyyətinə icazə verilən qurumlar – SİYAHI

    Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində bəzi qurumların əməkdaşlarının hərəkətinə icazə elektron imzadan istifadə edilməklə tənzimlənəcək.

    Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunub.

    Aşağıdakı qurumların əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə veriləcək:

    1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

    2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

    3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

    4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

    5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

    6. Azərbaycan Respublikasının Energetika Nazirliyi

    7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

    8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

    9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

    10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

    11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

    12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

    13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

    14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

    15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

    16. “Azəriqaz” İstehsalat Birliyi

    17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

    18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

    19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

    20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

    21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

    22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

    23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

    24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

    25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

  • В Карабахе в понедельник погибли 28 армянских военных

    В понедельник в азербайджано-армянских боестолкновениях погибли 28 армянских военнослужащих.

    “В ходе боев 28 сентября погибли 28 военнослужащих”, – сообщили сепаратистские власти в Нагорном Карабахе, опубликовав также список имен.

    Таким образом, всего с начала военных действий погибли 59 армянских военных.