Month: October 2020

  • Azərbaycan millisi Slovakiyaya uduzdu

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

    “Report”un məlumatına görə, Milan Obradoviçin baş məşqçilik etdiyi komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. “Nitra” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    61-ci dəqiqədə Slovakiyanın heyətində Lubomir Tupta hesabı açıb, 66-cı dəqiqədə isə Mert Çelik bərabərlik qolunu vurub. İvan Mesik 90+4-cü dəqiqədə qələbə topunu vura bilib.

    Beləliklə, 8 oyundan sonra 7-ci xalını qazanan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Slovakiya isə 7 oyuna 7 xal toplaya bilib.

    2-ci qrupun digər matçında Fransa Lixtenşteyni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  • Konfliktoloq: “Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcək”

    Prezident İlham Əliyevin son illər ərzində apardığı adekvat siyasi və iqtisadi idarəetmə siyasəti bu gün Azərbaycana həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də Ermənistanla digər cəbhələr üzrə aparılan münaqişədə böyük üstünlüklər qazandırdı.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, konfliktologiya üzrə ekspert Elşad Məmmədov Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin gedişatında mövcud vəziyyəti dəyərləndirərkən deyib.

    Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, hazırkı mürəkkəb münaqişənin eskalasiyası dövründə də bu soyuqqanlı və tarazlı siyasətimizdən əl çəkməməliyik:

    “Bu siyasət bu gün bizə ciddi üstünlüklər verdi. Siyasətdə qətiyyən emosionallığın tərəfdarı deyiləm və hesab edirəm ki, soyuqqanlı davrandıqca bu müharibəni öz xeyrimizə yekunlaşdırmalıyıq. Çünki bu, Azərbaycan xalqının işğal altında olan torpaqlarının azad olunması istiqamətində apardığı 30 illik mübarizənin bir sonu olmalıdır. Dünyada baş verən proseslər məsələyə praqmatik yanaşdığımız təqdirdə bizə çox böyük fürsətlər verir. Bu gün dünyada qloballaşmanın əks proseslərlə əvəz olunması gedir. Regionallaşma həm iqtisadi, həm siyasi müstəvidə artıq bir trendə çevrilir. Biz isə Qarabağ münaqişəsində bunun konkret olaraq bariz əks olunmasını görürük.

    1990-cı illərdəki vəziyyətə nəzər salsaq, görərik ki, münaqişə ətrafındakı əsas dövlətlərin ABŞ, Rusiya və Fransa idi. Faktiki olaraq vasitəçilik missiyasında da aparıcı rolu bu ölkələr oynayırdı. Amma hazırda ilk növbədə ABŞ bu münaqişədən xeyli dərəcədə kənarlaşdırılıb. Eyni zamanda da Fransanın məsələyə təsir imkanları birtərəfli qeyri-obyektiv mövqe sərgilədiyi üçün kifayət qədər azalıb. BMT-nin, eləcə də digər beynıəlxalq qurumların da təsir gücü azalmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan qonşu dövlətlərlə öz münasibətlərini, düzgün siyasətini apara bilsə, bu imkan verəcək ki, ölkəmiz öz ərazi bütövlüyünü hansısa xarici təsirlərdən uzaq şəkildə öz daxili resursları hesabına bərpa etsin”.

    E.Məmmədov onu da qeyd edib ki, Baş naziri Nikol Paşinyanın qloballaşma ilə bağlı Soros Fonduna və digər institutlara söykənməsi bu gün faktiki olaraq Ermənistanın bütün cəbhələrdə ciddi problemlərlə üzləşməsinə səbəb olub:

    “Xüsusilə vurğulanmalı olan məqamlar var. Belə ki, Soros Fondunun, eləcə də digər qloballaşma ilə bağlı olan fondların Azərbyacanla bağlı olan siyasətləri bəllidir. Onlar müxtəlif qruplara dəstək verməklə, Azərbaycanda siyasi sabitliyi pozmağa çalışırdılar. Amma ölkə rəhbərliyi tərəfində bu kimi hallarının vaxtında qarşısının alınması, Azərbaycan uğurlu hərbi-siyasi kampaniyanın aparılmasına zəmin yaratdı. Hesab edirəm ki, bizim siyasətimiz doğrudur və bu belə də davam etdirilməlidir. Uğurlu siyasətin bir hissəsi də bizim qonşu dövlətlərlə (Rusiya, İran Türkiyə) normal konstruktiv münasibətlərin qurulması və qorunub saxlanmasıdır. Çünki, Ermənistanın iddialarından biri Azərbaycanı Türkiyənin və Suriyadakı terror qruplaşmalarının dəstəyi ilə müharibə aparan tərəf kimi təqdim etməsidir. Biz buna yol verməməliyik. Adekvat siyasətimizi davam etdirməliyik.

    Unutmayaq ki, Azərbaycan apardığı Vətən müharibəsində yalnız öz, daxili resursları hesabına uğur qazanır. Bu gün informasiya məkanında da bu məqama xüsusi diqqət verilməlidir. Çünki, Azərbaycan öz torpaqlarında, beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazi bütövlüyümüz uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu xətt qorunmalıdır. Bu gün Azərbaycanın hərbi potensialını heç bir halda Ermənistanla müqayisə etmək olmaz. Buna görə də biz bu üstünlükdən istifadə edərək öz sistemli, neytarl siyasətimizi qorumaq şərtilə, torpaqlarımızın işğaldan azad olunması məqsədilə bütün fürsətlərdən istifadə etməliyik”.

  • “Caliber” növbəti dəfə cəbhədən görüntüləri paylaşdı: “Yalnız irəli!” – VİDEO

    Azərbaycan ordusunun cəbhədə əldə etdiyi böyük uğurları və işğalçı ordunun acınacaqlı vəziyyətini əks etdirən növbəti video yayılıb.

    Bu barədə “Caliber” “Youtube” kanalı paylaşım edib.

    “Yalnız irəli!” başlığı ilə yayımlanan videoda Azərbaycan ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi hərbi qənimətlərlə yanaşı, işğalçı ordunun bərbad vəziyyətini göstərən kadrlar yer alıb.

  • Düşmənin zirehli texnikaları məhv edilib – VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Mediator təlimləri distant formada keçiriləcək – QƏRAR

    “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na dəyişiklik edilib.

    Nazirlər Kabinetinin qərarına əsasən, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvələrin təsiri nəticəsində dinləyicilərin ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şurasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçiriləcək.

    Mediator olmaq istəyən şəxslərin və mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim əyani formada aparılır. Lakin xüsusi karantin rejimi mediatorlar üçün təlimlərin əyani formada aparılmasını qeyri-mümkün edir və bu sahədə çətinliklər yaranır.

    Qeyd edək ki, mediator, mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir. Məhkəmələrdən əvvəl qarşılıqlı mübahisələr mediatorlar tərəfindən həll edilir.
    Mediasiya prosesinin tətbiq dairəsi aşağdakı sahələr üzrə müyyən edilib:

    mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);

    ailə münasibətlərindən irəli gələn mübahisələr;

    əmək münasibətlərindən irəli gələn mübahisələr;

    inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

  • Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

    Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı bu günə olan vəziyyəti açıqlayıb.

    Məlumata görə, 27 şagird və bir işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 23 şagird və altı işçidə koronavirus aşkarlanıb.

    Distant təhsilə keçmiş siniflərin sayı isə üçdür. Bundan başqa, daha bir məktəb də distant təhsilə keçib.

    Qeyd edək ki, indiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

  • Sahibə Qafarova Kolumbiya Respublikasının ölkəmizdəki Səfiri Luis Antonio Dimate Kardenası qəbul edib

    Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

    Bu barədə Oxu.Az-a Milli Məclisdən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luis Antonio Dimate Kardenasla görüşüb.

    Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Kolumbiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, Kolumbiya parlamenti Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.

    Spiker Ermənistanın cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq törətdiyi təxribatlarla bağlı Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyannamənin qəbul edilməsinə görə kolumbiyalı parlamentarilərə azərbaycanlı həmkarlarının minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.

    Sahibə Qafarova Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında bəzi tarixi faktları, həmçinin BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini, beynəlxalq qurumlar tərəfindən qəbul olunan digər sənədləri səfirin diqqətinə çatdırıb.

    Spiker sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində növbəti dəfə hərbi təxribatlar törədildiyini qeyd edərək bildirib ki, işğalçı ölkə müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum edib. Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altında olan bəzi ərazilərimizi azad edib.

    Sahibə Qafarova vurğulayıb ki, Ermənistan yenə də beynəlxalq hüquqa məhəl qoymayaraq mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri Ermənistan tərəfindən raketlərdən atəşə tutulur. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır.

    Milli Məclisin sədri görüşdə həmçinin qaçqın və məcburi köçkünlərimiz haqqında məlumat verərək beynəlxalq hüququn tələblərinə məhəl qoymayan işğalçı Ermənistanın dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənilməsinin vacibliyini qeyd edib.

    Səfir Luis Antonio Dimate Kardenas dinamik inkişaf edən Azərbaycanın sülhsevər ölkə olaraq, regionda digər dövlətlərə nümunə olduğunu vurğulayıb. Rəhbərlik etdiyi səfirliyin fəaliyyəti barədə məlumat verən Luis Antonio Dimate Kardenas bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini və bu görüşdə əldə etdiyi məlumatları ölkəsinin müvafiq qurumlarına çatdıracağını bildirib. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

  • Bakı Konqres Mərkəzinin əməkdaşlarından Orduya dəstək

    Bakı Konqres Mərkəzinin əməkdaşları Orduya dəstək olublar.

    Belə ki, onlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması naminə hazırda əks-hücum əməliyyatları keçirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək olaraq aylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

  • Müdafiə Nazirliyi: “Bir addım belə geri çəkilməmişik, istiqamət Qarabağdır”

    “Ordumuzun əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlarımızdan bir addım belə geri çəkilməyib”.

    Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

    O bildirib ki, ordumuz tərəfindən əməliyyat planına uyğun olaraq bütün tədbirlər fasiləsiz davam etdirilir:

    “İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

  • Azərbaycanlı sahibkar və menecerlər onlayn ixtisasartırma kursu keçib – FOTO

    Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda davam etdirilir.

    Proqram çərçivəsində cari ilin 17 avqust – 8 oktyabr tarixlərində virtual ixtisasartırma kursu keçirilib. Təlimdə Azərbaycandan 8 nəfər olmaqla, ümumilikdə Belarus, Gürcüstan, Qazaxstan və Qırğızıstandan sahibkar və menecerlər iştirak ediblər.

    Oktyabrın 8-də ixtisasartırma kursunun yekunlarına həsr olunmuş onlayn konfrans keçirilib. Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov Azərbaycan-Almaniya birgə proqramının partnyor ölkələr üçün əhəmiyyətini qeyd edib, konfrans iştirakçılarına təcavüzkar Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlar barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan bu ilin sentyabrın 27-dən növbəti dəfə Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. İşğalçı ölkənin əsas hədəfi mülki əhali və obyektlərdir. Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir.
    Tədbirdə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, GİZ-in, Köln şəhərində yerləşən Karl Düysberq Tədris Mərkəzinin nümayəndələri ixtisasartırma kursunun nəticələri barədə məlumat verib, proqram iştirakçıları isə kurs müddətində keçdikləri təlimlər, alman şirkətləri ilə təşkil olunmuş görüşlər və qurulmuş işgüzar əlaqələr barədə təqdimatlarla çıxış ediblər.

    Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyada ödənişsiz ixtisasartırma kursunda iştirak edir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. İndiyədək proqram çərçivəsində 450 azərbaycanlı sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.