Month: October 2020

  • Xəzər İbrahim: “Qarabağdakı PKK terrorçularının Şimali İraqla əlaqəsini müəyyən etdik”

    “Qarabağda Ermənistan tərəfindən vuruşan PKK terrorçularının Şimali İraqdakı mərkəzləri ilə əlaqə saxladıqlarını müəyyən etdik”.

    Bu sözləri Gazi Universiteti tərəfindən keçirilən “Qarabağın dünəni, bu günü və sabahı” adlı paneldə çıxışı zamanı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

    Xəzər İbrahim çıxışında Türkiyənin Azərbaycana dəstəyi məsələsini də diqqətdə saxlayıb:

    “Qardaş türk millətinin mənəvi dəstəyi bizə kifayətdir. İnşallah işğaldan qurtulmuş Qarabağ torpaqlarında hamımız birlikdə mahnılar oxuyacağıq”.

    Türkiyədəki səfirimiz Ermənistanın cəbhədə PKK terrorçularından dəstək aldığını da ifadə edib:
    “Zərərsizləşdirilən erməni əsgərlərinin arasında PKK terrorçularının da cəsədləri var. Terrorla mübarizə Qərb ölkələri üçün normal olduğu halda, bizə gələndə bu vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən anormal qarşılanır. Bizi bu mövzuda sadəcə qardaş Türkiyə dəstəkləyir”.

    Səfir həmçinin baş verən döyüşlər nəticəsində erməni əsgərlərinin silahlarını buraxaraq qaçmağa məcbur olduqlarını söyləyib:

    “Döyüşlərdə uduzduqlarını anladıqda raketlərlə dinc əhalinin məskunlaşdığı əraziləri hədəfə alır və bizim mənəvi gücümüzü qırmağa çalışırlar. Bizə hücum edənlər təkcə Qarabağdan deyil, eyni zamanda Ermənistan sərhədləri daxilindən də raketlər atdılar. Ermənistan öz gücü çatmadığı üçün bu hadisəyə böyük dövlətləri daxil etmək axtarışındadır”.

  • Ali Baş Komandanın yüksək rütbəli hərbçilərlə operativ müşavirəsi “HaberGlobal”da – VİDEO

    Bu gün Azərbyacan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

    “Haber Global”ın hazırladığı süjetdə qeyd olunur ki, müşavirədə Dağlıq Qarabağda son vəziyyət dəyərləndirilib, Silahlı Qüvvələrin Ali Baş Komandanı müvafiq tapşırıqlar verilib.

    Toplantı ilə bağlı digər detalların açıqlanmadığı qeyd olunur.

  • İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib – YENİLƏNİB+FOTO/VİDEO

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

    AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.

    ***

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

  • Azərbaycan Ali Məhkəməsi dünya ölkələrinin Ali məhkəmələrinə bəyanat göndərib

    Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edib.

    “Report” Ali Məhkəmənin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanat dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin Ali məhkəmələrinə göndərilib.

    Bəyanatda deyilir: “Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

    Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir.

    Sentyabrın 27-dən etibarən təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən şəhər və kəndlərimizdə – Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə, Xızı və digər yaşayış məntəqələrimizdə azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 29 mülki şəxs həlak olub və 144-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

    Həmçinin əhalinin 500-ə yaxın mülkü, o cümlədən xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz tədarük edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası Ermənistan silahlı qüvvələrinin atəş hədəfləri olub.

    Bu son hadisələr Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və Azərbaycana qarşı son təxribatlarının davamıdır. Belə ki, 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri təcavüzkar ekspansionist siyasətini Dağlıq Qarabağ bölgəsindən şimala doğru dəyişdirərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi qulluqçuları və mülki şəxsləri öldürərək hərbi mövqelərə və mülki obyektlərə ağır artilleriya zərbələri endirib.

    İndiki Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının kökündə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun qanunsuz işğalı ilə bağlı erməni siyasəti dayanır.

    Bu gün Azərbaycan ərazilərinin təxminən 20 faizi qeyri-qanuni erməni işğalı altındadır və Azərbaycanın mülki əhalisinə qarşı aparılan etnik təmizləmə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün evlərindən qovulub, 20 min insan öldürülüb, 50 min insan yaralanıb və ya əlil olub, təxminən 5 min nəfər Azərbaycan vətəndaşı hələ də itkindir.

    1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş bir qırğın törədildi. Fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxsi qətlə yetirib. Bundan başqa, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günə qədər bilinmir. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər indiyədək tutulmayıb və məsuliyyətə cəlb olunmayıblar.

    Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu xüsusi olaraq vurğulanmalıdır.

    Ermənistan hökuməti Dağlıq Qarabağı və ona bitişik rayonlarını Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrini, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Birliyi kimi aparıcı beynəlxalq təşkilatların bir sıra qətnamələrini açıq şəkildə yerinə yetirməyib.

    Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında (№ 13216/05, 16 iyun 2015) qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ermənistanın “Dağlıq Qarabağ respublikası” üzərində əhəmiyyətli və həlledici təsiri olub. Bu iki qurumun praktik olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiyası bu günə qədər davam edir. Başqa sözlə desək, “Dağlıq Qarabağ respublikası” və onun rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır … ”.

    Azərbaycan Respublikasının sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrinə və öhdəliklərinə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri mülki insanları hədəfə alma və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı mütləq qadağaya hörmət etmək öhdəliyini təsdiqləyir.

    Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq. Bununla, bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmaq mümkündür.

    Qanunun aliliyinin gücləndirilməsinə, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına yönəlmiş çoxtərəfli səylərimizi dəstəkləməyinizi gözləyirik”.

  • Azərbaycan XİN-dən Yunanıstan səfiri ilə bağlı açıqlama

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın öz səfirini məsləhətləşmək üçün ölkəsinə çağırması ilə bağlı KİV-in sorğusuna cavab verib.

    XİN-dən “Report”a daxil olan açıqlamada deyilir:

    “Əlbəttə, hər bir ölkə bu və ya digər məsələ ilə bağlı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün çağırmaq qərarını verə bilər. Müxtəlif ölkələrdən, o cümlədən Yunanıstandan erməni mənşəli vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə yola düşməsi ilə bağlı tərəfimizdən verilən açıqlamalara gəldikdə vurğulamaq istərdik ki, bu məlumatlar açıq informasiya mənbələrinə istinadən təqdim edilib və Yunanıstan tərəfinə bu məlumatın həqiqətə uyğun olub-olmaması ilə bağlı müraciət edilib”.

  • Koronavirusa yoluxan əfsanəvi futbolçu reanimasiyadadır

    Çexoslovakiya millisi ilə Avropa çempionu olan sabiq futbolçu Antonin Panenkada koronavirus aşkarlanıb.

    “Report” xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin çıxış etdiyi Çexiyanın “Bohemians 1905” klubu məlumat yayıb.

    Panenka xəstəxanaya aparılıb. Onun vəziyyəti ağırdır və hazırda Reanimasiya şöbəsindədir.

    Qeyd edək ki, Antonin Panenka 1976-cı ildə Avropa çempionu olub. O, 1980-ci ildə qitə turnirində bürünc medal qazanıb.

  • Ermənistanın yüksək rütbəli hərbçiləri döyüş bölgəsindən qaçıb

    Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusuna məxsus bir çox hərbi maşınlar hərbçilərimiz tərəfindən ələ keçirilib, bu maşınların içərisində yüksək rütbəli erməni hərbçilərinə məxsus nəqliyyat vasitələri də var.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycan Ordusu gündən-günə böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikalarını məhv edib bir çox zirehli və əhəmiyyətli nəqliyyat vasitələrini ələ keçirib.

    Bu hərbi nəqliyyat vasitələrinin içərisində erməni zabitlərini daşıyan avtomobillər də var. Bu da onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin nəinki adi əsgəri, həmçinin yüksək rütbəli hərbçiləri də döyüşdən qorxaraq hərbi texnikalarını orada qoyaraq müxtəlif yollarla ərazidən qaçırlar. Bir neçə gün öncə ermənilərin idarə etdiyi bu nəqliyyat vasitələri artıq Azərbaycan Ordusunun əlindədir. Gördüyünüz bu texnika ilə döyüşməyə gələn ermənilərin bir çoxu Azərbaycan Ordusu tərəfindən məhv edilib, bir qismi isə qorxaraq arxasına baxmadan qaçıb. Hətta bəzi nəqliyyat vasitələrinin içərisində hərbi məlumatlar olan xüsusi qeydlər yazılmış sənədlər də var. Onlar qaçarkən qorxularından bu hərbi sirr sayılan sənədləri belə məhv etməyiblər.

    Düşmənə məxsus rabitə maşınında isə bu cür sənədlərə daha çox rast gəlinir. Bu da Ermənistan ordusunda olan özbaşınalığı və səriştəsizliyi göstərən digər amillərdən biridir.

    Qeyd edək ki, düşmən yalnız zirehli maşınlar və texnikanı yox, həmçinin xeyli sayda silah-sursatı da qoyub qaçıblar.

  • Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfiri ilə Qarabağdakı hadisələri müzakirə edib

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 7-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

    Səfiri salamlayan Spiker Sahibə Qafarova Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sədr deyib ki, Almaniya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarından biridir. Humanitar, mədəniyyət, təhsil sahəsində münasibətlərin də inkişaf etdiyini söyləyən Sahibə Qafarova 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.

    Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin də inkişaf etdiyi vurğulanıb.

    Səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin həm Azərbaycan hökuməti, həm də parlamenti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. O deyib ki, Almaniya mövcud olan möhkəm baza üzərində münasibətlərin daha da inkişafında maraqlıdır.

    Spiker səfirlə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. O, Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu bildirib və əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bununla bağlı, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul olunub.

    Sahibə Qafarova münaqişənin uzun illərdir həll olunmamasının səbəbinin Ermənistanın işğalçılıq siyasəti və bu ölkənin törətdiyi təxribatlar olduğunu vurğulayıb. O xatırladıb ki, iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz rayonunda kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənin təxribatının qarşısı alınıb. Lakin Ermənistan təxribatlarını davam etdirib. Milli Məclis Sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hətta BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu bildirdi.

    Sahibə Qafarova sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə hərbi təxribatlara əl ataraq müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu əks hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altında olan bəzi ərazilərimizi azad edib. O, xüsusilə, qeyd edib ki, beynəlxalq hüquqi prinsiplərə əməl etməyən Ermənistan mülki vətəndaşları hədəfə alır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, digər böyük şəhəri olan Mingəçevir Ermənistan tərəfindən raketlərdən atəşə tutulub. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır.

    Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Ordusu öz torpaqlarında döyüşür və Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Azərbaycan xalqı torpaqlarımızın işğaldan tam azad olunmasını istəyir.

  • Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Spiker Sahibə Qafarova səfir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

    Milli Məclisin Sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. Sahibə Qafarova bir neçə gün öncə onun Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə telefon danışığı olduğunu məmnunluqla xatırladıb.

    Görüşdə iki ölkənin parlamentləri arasında da əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Spiker əmin olduğunu bildirib ki, səfir Bilal Hayenin fəaliyyəti ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişafına, o cümlədən parlamentlər arasında əlaqərin daha da genişlənməsinə töfhə verəcək.

    Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə gördüyü qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.

    Görüşdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə də məlumat verilib. Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də növbəti dəfə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başlayıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib. Milli Məclisin Sədri qeyd edib ki, Ermənistan mülki şəxsləri və cəbhə xəttindən aralıda yerləşən şəhər və rayonlarımızı da hədəf alır. Bu, bir daha Ermənistanın cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.

    Səfir ölkəsinin qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəklədiyini bir daha bəyan edib.

    Spiker ədalətli mövqeyinə və Azərbaycana göstərdiyi dəstəyə görə, Pakistan İslam Respublikasına minnətdarlığını bildirib.

    Görüşün sonunda səfir Pakistan Milli Assambleyasının sədri Əsəd Qayser tərəfindən Milli Məclisin Sədrinə ünvanlanmış Pakistan İslam Respublikasına səfərə dəvət məktubunu Sahibə Qafarovaya təqdim edib.

  • İnformasiya müharibəsində fəal olaq – VİDEO

    İşğalçı Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial media platformalarında vətəndaşların fəallığı zəruridir.

    Xüsusən dövlətin rəsmi şəxslərinin, dövlət qurumlarının sosial şəbəkə hesablarında qeydiyyatdan keçib, etibarlı məlumatları vaxtında alıb bu məlumatları müxtəlif həştaq və tvitlər vasitəsi ilə paylaşıb düşmənin informasiya müharibəsinə qarşı fəal iştirak etmək mümkündür.

    İnformasiya müharibəsində birlikdə qələbə qazanaq!