Month: October 2020

  • Prezident İlham Əliyev: “Ermənistan irqçi dövlətdir, heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir”

    Azərbaycanda bir çox millətlər bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini dözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməni yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa çatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizimlə bərabər yaşayacaqlar.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində aparıcının sualına cavabında söyləyib.

    Amma Ermənistanda heç bir başqa millətin yaşamadığını vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan dünya miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlk növbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır”.

  • Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib

    “Ötən müddət ərzində bütün cəbhəboyu döyüşlər davam edib. Ordumuz əldə olunan nailiyyətləri genişləndirmək məqsədilə müxtəlif istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edib. Bölmələrimiz ərazini düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edib”.

    Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

    A.Eyvazov bildirib ki, eyni zamanda, qarşılıqlı artilleriya atışları qeydə alınıb. Ordumuzun dəqiq artilleriya zərbələri ilə düşmənin müdafiə sahəsində bir tankı və üç topu məhv edilib. Beşinci alayın müdafiə sahəsində isə komanda-müşahidə məntəqəsi sıradan çıxarılıb. Düşmənin tərəfindən çoxlu sayda ölən və yaralananlar var. Əldə olunan məlumata görə düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaranıb. Buna görə də şəxsi heyət döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib.

    Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq təminatında ciddi problemlər var. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələrinin öz arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var. Əks-hücum əməliyyatı başlayandan bu günədək ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilib.

    Diqqətə çatdırılıb ki, ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan qondarma rejimin və Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatları onların psixoloji durumunu aydın şəkildə əks etdirir. İtirilmiş mövqeləri dırnaqarası qaytaran işğalçı ordu Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun və əsgərlərimizin qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə icra edilir.

  • Prezident Administrasiyası ilə Milli Məclis deputatları arasında görüş keçirilib – FOTO

    Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclis deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk dəfə seçilmiş deputatlar qatılıblar.

    Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın son günlərdə cəbhə xəttində törətdiyi hərbi təxribatlar və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib. Spiker bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuzun əks hücum əməliyyatları zamanı əldə olunan möhtəşəm qələbələr hər birimizdə fəxarət və qürur hissi yaradır: “Düşmənin bütün təxribatlarının qarşısı alınır, onlara layiqli şəkildə cavab verilir. Eyni zamanda, diplomatiya sahəsində də Azərbaycan dövləti erməni təxribatlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Milli Məclis olaraq biz də bu məsələdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Ötən günlər ərzində Milli Məclis adından beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə müraciətlər göndərilib, Milli Məclisin sədri kimi mənim bir sıra ölkələrin parlament rəhbərləri ilə çoxsaylı telefon danışıqlarım olub”.

    Daha sonra konfransda müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sədri qeyd edib ki, son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, ötən il möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sferada inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq, vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib.

    Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə aparıldığını vurğulayan Spiker bildirib ki, bu islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Sahibə Qafarovanın sözlərinə görə, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Altıncı çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.

    Spiker həmçinin Milli Məclisə ilk dəfə seçilən deputatların parlamentin işində, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini, seçicilərlə işin düzgün əsaslarda qurulmasında fəallıq göstərdiklərini də bildirib. Sahibə Qafarova Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini bildirərək qeyd edib ki, bu da ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması, onların idarəetmədə irəli çəkilməsi ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.

    Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə davamlı surətdə aparılan siyasi-hüquqi islahatlar barədə danışıb, yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində indiyədək görülmüş işlər haqqında ətraflı məlumat verib. O, dövlət başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə milli birliyə nail olmaq üçün atılan addımları qeyd edib, siyasi partiyalarla müntəzəm iş aparıldığını və sağlam əməkdaşlıq qurulduğunu, ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapdığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda siyasi partiyaların 32 illik fəaliyyəti tarixində 51 partiyanın ilk dəfə olaraq vahid təşəbbüslə çıxış etməsi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda fəaliyyətini birmənalı dəstəkləməsi, onun haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etməsi xüsusi vurğulanıb.

    Qanunvericilik hakimiyyəti ilə əlaqələrin mövcud vəziyyətinə toxunan Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklərə diqqət çəkərək ötən müddət ərzində parlamentə sağlam, demokratik mühit gətirildiyini, onun işində dönüş yarandığını və nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəldiyini qeyd edib. Qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan şöbə müdiri deputatların yerlərdə vətəndaşlarla işinin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına aidiyyəti tapşırıqların verildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi məqsədilə deputatlar tərəfindən seçicilərlə fəal iş aparılması ilə bağlı mövcud gözləntiləri diqqətə çatdırılıb.

    Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qətiyyətlə irəlilədiyi bu günlərdə hər kəsin milli birlik, ruh yüksəkliyi və döyüş əzmi nümayiş etdirməsi barədə danışan natiq, ölkə Prezidenti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq-dövlət birliyinə, həmrəyliyimizə önəmli töhfələr verdiyini vurğulayıb. Ə.Vəliyev, həmçinin dövlət başçısının müxtəlif çıxışları, bəyanatları, müsahibələri ilə Ermənistanın işğalçı siyasətini dünya birliyi qarşısında tutarlı faktlarla ifşa etdiyini qeyd edərək, vətəndaş məsuliyyəti hiss edən hər kəsin bu istiqamətdə son dərəcə təəssübkeş davranmasının vacibliyini xatırladıb.

    Daha sonra deputatlar Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Tural Gəncəliyev, Nurlan Həsənov, Arzu Nağıyev, Afət Həsənova və Fatma Yıldırım çıxış ediblər. Çıxışlarda son illər dövlət başçısı tərəfindən ölkəmizdə aparılan siyasi-hüquqi, institusional və kadr islahatları, bu islahatların gətirdiyi müsbət dəyişikliklər, habelə Milli Məclisin bu prosesdə yeri və rolu, fəaliyyətinin perspektivləri, eləcə də qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətləri təhlil edilib, aidiyyəti təkliflər verilib. Deputatlar, həmçinin ərazi bütövlüyümüzün bərpa olunduğu bu şərəfli günlərdə Ali Baş Komandanın yanında olduqlarını, onun atdığı bütün addımlara dəstək verdiklərini və bu işi bütün imkanlarını səfərbər etməklə inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.

    Tədbirin sonunda bu qəbildən olan görüşlərin davamlı təşkilinin faydalı olacağı qeyd edilib.

  • İlham Əliyev: “Bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, bu münaqişə çoxdan çözülərdi”

    “Bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heç bir məhdudiyyət yoxdur. Yalnız fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır”.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.

    Dövlətimizin başçısı deyib: “Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız var ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur”.

    Prezident qeyd edib ki, indi silah bazarı daha çox şaxələnib, coğrafiyası genişlənib. Bu gün Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız daha da yüksək səviyyəyə qalxacaq.

  • Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar…”

    Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ermənilərin Parisdəki Azərbaycan səfirliyinin binasını hədəf aldıqlarını açıqlayıb.

    Bu barədə o, “Anadolu” agentliyinə müsahibə verib:

    “Ermənilər səfirliyin qapısına gələrək dəfələrlə təhqir yağdırır, daş atır, şüşələrimizi qırır, yumurta atırlar. Fransanın bir qanuni dövlət kimi buna icazə verməsi normal deyil, bu qəbuledilməzdir”.

    Onun sözlərinə görə, səfirlikdə baş verənlərə görə heç kim barəsində cinayət işi başladılmayıb, bu hadisəyə reaksiya verilməyib.

    Səfir qeyd edib ki, Fransadakı erməni diasporasının qanunu pozmasına çox sərt reaksiya verilməlidir.

    BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinə uyğun olaraq Ermənistan Azərbaycan torpaqlarından geri çəkilməlidir.

    Mustafayev bildirib ki, Türkiyə başda olmaqla Avropa və Asiya ölkələrinin səfirləri də onu bu məsələdə dəstəklədiklərini bildiriblər.

    “Bu gün biz Ermənistanı beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi ərazilərdən çəkilməyə dəvət edirik. Bundan sonra, Azərbaycan beynəlxalq zəmanət də istəyir. Çünki son 30 il Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistanın təxribat xarakterli hərəkətləri, diqqəti yayındırması və prosesi dalana dirəməsi ilə keçdi. Bu, İrəvanın siyasətinə heç bir şəkildə etibar edilə bilməyəcəyini göstərir. Ermənistanın birtərəfli vədlərinə ehtiyacımız yoxdur, beynəlxalq zəmanət istəyirik”.

    O, mülki əraziləri bombalayaraq hərbi cinayətlər törədən Ermənistanın beynəlxalq humanitar hüquq çərçivəsində mühakimə edilərək cəzalandırılmalı olduğunu vurğulayıb.

  • Prezident: “Əgər vasitəçilər vasitəçi kimi qalmaq istəyirlərsə, daha məsuliyyətli olmalıdırlar”

    Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.

    Dövlətimizin başçısı daha sonra deyib: “Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik”.

    Sözünə davam edən Azərbaycan Prezidenti vurğulayıb ki, əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.

  • Bayrağımız Cəbrayılın mərkəzində – FOTO

    İşğalçı Ermənistanın sentyabrın 27-də törətdiyi təxribatlar nəticəsində əks-hücuma keçən və uğurlu əməliyyatlar keçirən ordumuz bir sıra torpaqlarımızı işğaldan azad edib.

    Ətrafındakı bir neçə kəndlə birlikdə Cəbrayıl rayonu da işğaldan azad olunan bölgələrimzidən biridir.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyi daha əvvəl bir neçə kənddən videolar yayımlamışdı.

    Bu dəfə isə Cəbrayıl şəhərinin mərkəzində əsgərlərimizin şanlı Azərbaycan bayrağını ucaltması fotolarını əldə etmişik.

  • İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Britaniya parlamentinə erməni qruplaşmalarının Qarabağdan çıxarılmasını tələb edən qətnamə təqdim olunub

    Böyük Britaniya parlamentinin İcmalar Palatasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə təqdim edilib.

    Qətnamə təşəbbüsü İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülüb.

    Qətnamədə qeyd olunur ki, Ermənistan tərəfdən 27 sentyabr 2020-ci ildə başlayan və hər gün artan təcavüzkarlıq aktları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun Ermənistan tərəfindən qeyri-qanuni işğalının səbəb olduğun Ermənistan-Azərbaycan münaqişəsində silahlı qarşıdurmanı daha da gücləndirir.

    “İcmalar Palatası Birləşmiş Krallıq hökumətini Ermənistanı 1994-cü ildə imzalanan atəşkəsin kobud şəkildə pozulmasına, habelə Azərbaycanın silahlı qüvvələri və dinc əhalinin mövqelərinin intensiv atəşə tutulması zamanı iriçaplı silahlar, minaatan və artilleriyadan istifadə etməsinə mühakimə etməyə çağırır və daha sonra hökuməti Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə əsasən, Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən olan qüvvələrini geri çəkilməsini tələb etməyə səsləyir”, – qətnamədə deyilir.

  • Ceyhun Bayramov Cenevrəyə gedir

    Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov 8 oktyabr 2020-ci il tarixində Cenevrəyə işgüzar səfərlə yola düşəcək.

    Bu barədə XİN məlumat yayıb.

    Səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.