Month: October 2020

  • Prezident İlham Əliyev Bosniya və Herseqovinanın dövlət başçısına təşəkkür edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanlayıb.

    Mətndə deyilir:

    “Hörmətli cənab Sədr,

    Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

    Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq həlak olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir.

    Bu təxribat Ermənistanın ölkəmizə qarşı 30 ildən artıq yürütdüyü işğalçılıq siyasətinin davamıdır. Son vaxtlar, xüsusilə də iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar müntəzəm xarakter almış, bu ölkənin hərbi-siyasi rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə sarsıtmağa yönəlmiş təcavüzkar bəyanatlar səsləndirmişdir. Eyni zamanda, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni məskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün on minlərlə könüllüdən ibarət hərbi birləşmələr yaratmışdır.

    Azərbaycan Ordusu öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm. Ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

    İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

    Sizə ən xoş arzularımı yetirir, dost Bosniya və Herseqovina xalqına daim rifah və əmin-amanlıq diləyirəm”.

  • Сопредседатели МГ ОБСЕ распространили заявление

    Сопредседатели Минской группы ОБСЕ (Игорь Попов (Российская Федерация), Стефан Висконти (Франция) и Эндрю Шоффер (США)) выступили с заявлением по поводу эскалации ситуации в зоне нагорно-карабахского конфликта.

    Как сообщает Report, в заявлении, размещенном на официальном сайте ОБСЕ, посредники призвали стороны полностью соблюдать свои международные обязательства по защите гражданского населения:

    “Атаки на мирных жителей никоим образом не приемлемы”.

  • ATƏT-in Minsk qrupu həmsədrləri yenidən bəyanat yayıb

    ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

    “Report” xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar: “Mülki insanları hədəfə almaq heç bir halda məqbul sayılmır”.

  • Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

    Türkiyənin Elazıg vilayətinin Keban şəhərində yerləşən küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.

    “Haberturk” məlumat verir ki, bu barədə qərar Keban şəhərinin bələdiyyə sədri Fəthiyə Atlının başçılığı ilə keçirilən toplantıda qəbul olunub.

    “Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi və bütün qəhrəmanlarımızı hörmətlə, minnətdarlıqla və hörmətlə yad edirik. Yerləri cənnət olsun”, – deyə bələdiyyənin təsdiq etdiyi sənəddə qeyd olunub.

  • Makrondan qalmaqallı açıqlama: “İslam böhran içindədir”

    Fransa prezidenti Emmanuel Makron İslamın bütün dünyada böhran içində olduğunu, bunun təkcə Fransada müşahidə olunmadığını bildirib.

    “Report” “Aljazeera”ya istinadən xəbər verir ki, E.Makronun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Artıq “islamçı radikalizm” ifadəsi əvəzinə məhz İslam dininin ittiham edilməsi müsəlmanlar arasında böyük narazılıq yaradıb.

    Fransada dövlətin sekulyarizmin müdafiəsi və İslamın “liberallaşdırılması” siyasətinə başlayacağı deyilir.

    Xatırladaq ki, Fransada məktəblərə hicabla gəlmək, dövlət qulluqçularının hicab geyinməsi artıq uzun müddətdir ki, yasaqlanıb.

  • XİN: Ermənistan informasiya məkanında ard-arda cəfəng iddialar ortaya atmaqla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmağa çalışır

    Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca dinc sakinləri və mülki infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriyadan istifadə etməklə atəşə tutmasına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatlarında döyüş meydanında bir-birinin ardınca acı məğlubiyyətə uğrayan Ermənistan informasiya məkanında da ard-arda cəfəng iddialar ortaya atmaqla, primitiv yollarla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq məqsədi güdür.

    Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam əməl etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərimizin daxilində hərbi əməliyyat həyata keçirir.

    Azərbaycan ordusunun hədəfi ölkəmizin ərazilərinə beynəlxalq hüquqa zidd olaraq müdaxilə etmiş Ermənistan silahlı qüvvələridir və silahlı qüvvələrimiz işğal edilmiş ərazilərimizdəki legitim hərbi hədəfləri zərərsizləşdirmək istiqamətində tədbirlər görür.

    Silahlı qüvvələrimiz tərəfindən qeyd edilən məqsədlə atılan bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsindən irəli gələn hüquqlar çərçivəsində icra edilir.

    Silahlı qüvvələrimiz tərəfindən aparılan hərbi əməliyyatlar gedişində Ermənistanın illərdən bəri özünün işğalçı siyasətini ört-basdır etmək məqsədilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı guya münaqişənin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinin öz müqəddaratını təyin etmə uğrunda mübarizəsi olduğu, Ermənistanın münaqişə tərəfi olmadığı, bu ölkənin Dağlıq Qarabağ əhalisini müdafiə etdiyi kimi qondarma tezislər tamamilə iflasa uğramışdır. Münaqişə zonasında son günlər baş verən hadisələr Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaratdığı qanunsuz rejimin irqçilik və etnik ayrıseçkilik əsasında yaradılmış oyuncaq struktur olması əyani şəkildə sübut olunmuşdur.

    Ermənistanın işğalçılıq siyasətini müşayiət etmiş etnik təmizləmə, soyqırımı və digər ağır müharibə və insanlıq əleyhinə cinayətlər nəticəsində 750 mindən çox dinc azərbaycanlının ən sadə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda Ermənistanın öz təcavüzkar hərəkətlərini insan hüquqlarının müdafiəsi kimi qələmə verməsinə artıq heç kim inana bilməz.

    Özünün hərbi və informasiya müstəvisində ağır məğlubiyyətlərini kompensasiya etmək məqsədilə Ermənistan Azərbaycana qarşı böhtan xarakterli yeni iddiaları tirajlamağa uğursuz cəhd edir. Bu xüsusda, Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki insanları və mülki infrastrukturu hədəfə aldığını, Türkiyə silahlı qüvvələrinin Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etdiyini və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Azərbaycan tərəfindən Ermənistana qarşı əməliyyatlara cəlb edildiyinə dair əsassız və cəfəng iddialar irəli sürülür.

    Ermənistanın Azərbaycanın mülki insanları və infrastrukturu hədəf alması ilə bağlı iddiaları ən azı ona görə saxta və əsassızdır ki, məhz Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində təmas xəttinin qarşı tərəfindən bütün mülki şəxslər öz evlərindən qovulmuşdur və bu ərazilərdə Ermənistanın işğalı davam etdirmək üçün formalaşdırdığı hərbi infrastrukturdan başqa hər hansı bir infrastruktur qalmamışdır.

    Bunun əksinə olaraq, təmas xəttinin Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan hissəsində sıx şəkildə məskunlaşmış yaşayış məntəqələri və onları təmin edən mülki infrastruktur yerləşir. Münaqişənin davam etdiyi bütün müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq hədəf alınan bu yaşayış məntəqələrinə son 5 gün ərzində ciddi ziyan dəymiş, mülki vətəndaşlar arasında çoxsaylı itkilər və yaralananlar qeydə alınmışdır.

    Türkiyənin hazırkı hərbi əməliyyatların tərəfi kimi qələmə verməklə, Ermənistan həm Azərbaycan silahlı qüvvələrinə qarşı acizliyini özünün ictimaiyyətinə izah etmək, həm də beynəlxalq ictimai rəydə ənənəvi olaraq “yazıq” imici yaratmaqla, türkofob dairələrdən dəstək ummağa cəhd edir.

    Ermənistan tərəfi birmənalı bilməlidir ki, Türkiyə ən yaxın strateji tərəfdaşımız olmaqla, Azərbaycanın haqq işinə özünün birmənalı və sarsılmaz dəstəyini ifadə etmişdir. Bu dəstək yalnız Azərbaycan və Türkiyə arasında qədim tarixə söykənən qardaşlıq münasibətlərinin təzahürü deyildir. Türkiyə Azərbaycanı məhz haqlı olduğuna, işğala məruz qaldığına və işğal edilmiş ərazilərini azad etmək hüququna malik olduğuna görə dəstəkləyir.

    Ermənistan tərəfi həm də unutmamalıdır ki, Türkiyə münaqişənin nizama salınmasının həvalə olunduğu ATƏT-in Minsk Qrupunu yaradan və onun daimi üzvü olan dövlətdir. Bu baxımdan Türkiyə tərəfindən münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in əlaqədar sənədlərinə söykənən mövqe nümayiş etdirməsindən Ermənistan və ya hər hansı bir digər tərəf təəccüblənməməlidir. Bu Türkiyənin beynəlxalq ictimaiyyətin nüfuzlu və hörmətə malik olan məsuliyyətli üzvü olmasından irəli gələn bir mövqedir və bütün digər dövlətlər, xüsusilə münaqişənin BMT və ATƏT-in istinad olunan sənədləri çərçivəsində mandat həvalə edilmiş Minsk Qrupunun digər üzvləri üçün nümunə təşkil edir.

    Azərbaycan və Türkiyənin çox şaxəli əməkdaşlığı 30 ilə yaxındır ki, Cənubi Qafqaz regionunda inkişafın, tərəqqinin, sabitlik və təhlükəsizliyin təməlini təşkil edir. Bu müddət ərzində regionda həyata keçirilən qitə və qlobal miqyaslı bütün layihə və təşəbbüslər üçün Türkiyə və Azərbaycan əməkdaşlığı lokomotiv rolunu oynamışdır. Ermənistanın isə bundan yararlanan bilməməsi yalnız bu ölkənin özünün seçimidir və buna görə Ermənistan Türkiyə və Azərbaycanı deyil, məhz özünü günahlandırmalıdır.

    Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də sıx əməkdaşlıq olduğu da açıq və birmənalıdır.

    Hazırda işğalçı Ermənistan ordusuna qarşı həyata keçirilən hərbi əməliyyatlara gəldikdə isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün qarşıya qoyulan məqsədə nail olmağa tam şəkildə qadir olan güclü, peşəkar və ən müasir silah və sursat təmin edilmiş ordusu var və bu işdə digər dövlətin iştirakına ehtiyac yoxdur.

    Ermənistanın terrorçu və muzdlu şəxslərin Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb edildiyinə dair iddialara cavab olaraq, bir daha qeyd edirik ki, Ermənistan propaqanda maşınının bu iddiaları tamamilə əsassızdır. Hərbi əməliyyatlar hələ başlamamışdan öncə Ermənistan tərəfindən tirajlanan, heç bir fakta əsaslanmayan bu iddialar Ermənistanın 27 sentyabr tarixində həyata keçirdiyi təcavüz aktı ilə bağlı zəruri informasiya fonu yaratmaq məqsədi güdür, bu ölkənin Yaxın Şərqin bir sıra ölkələrindən olan erməni mənşəli terrorçuların mənfur “xidmətlərindən” istifadə etməsindən diqqəti yayındırmaq, Azərbaycanın haqlı mübarizəsinə ləkə salmaq niyyəti ilə apardığı böhtan kampaniyasının bir elementidir.

    Münaqişənin davam etdiyi bütün müddət ərzində məhz Ermənistan terrorçu dəstələrdən Azərbaycanlı dinc əhaliyə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsində intensiv şəkildə istifadə etmiş, xüsusi qəddarlığı ilə seçilmiş terrorçuları bu gün də Ermənistanda milli qəhrəman statusu daşıyır, Azərbaycana qarşı təcavüzkar müharibədə iştiraka məcbur edilən ermənilər üçün nümunə kimi şöhrətləndirilir və qəhrəmanlaşdırılır. Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən terrorçu etnik erməni ünsürləri kütləvi və sistemli şəkildə işğal edilmiş ərazilərimizdə yerləşdirilməsinə dair saysız hesabsız faktlar davamlı şəkildə beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin diqqətinə çatdırılmışdır.

    Hazırda işğal edilmiş ərazilərimizə qanunsuz yerləşdirilmiş bu terrorçu ünsürlər Azərbaycana və onun mülki əhalisinə qarşı təcavüzkar müharibədə iştirak edir. Bu terrorçu dəstələrin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasına dair beynəlxalq ictimaiyyətə olan çağırışlarımız öz nəticəsini vermədiyi şəraitdə, beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi hədə olan bu problemin həlli yalnız Azərbaycan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalına son qoyulması ilə mümkün olacaqdır.

    Erməni propaqandasının Azərbaycana qarşı böhtan kampaniyasının etnik və dini mövzuları məsuliyyətsiz şəkildə sui-istifadə etməklə mümkün ola biləcək ən aşağı səviyyəyə endiyi, Ermənistanın özünün işğalçı siyasətini “səlib yürüşü” “demokratiya uğrunda mübarizə” kimi cəfəng şüarlarla beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı bir vəziyyətdə onun əsassız iddialarını qətiyyətlə rədd edirik.

  • Lük Koffi: “Xankəndidə yüzə yaxın əcnəbi döyüşçünün olması barədə məlumat almışam”

    “Xankəndidə yüzə yaxın əcnəbi döyüşçü var. Dağlıq Qarabağ bölgəsinə çoxlu sayda əcnəbi döyüşçülərin gəlməsi barədə müzakirələr və ittihamlar səslənir”.

    Bu barədə öz “Twitter” hesabında “Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin (ABŞ) rəhbəri, siyasi məsləhətçi Lyük Koffi yazıb.

    O qeyd edib ki, hər iki tərəf bu məlumatları təkzib edir:

    “Lakin bu yaxınlarda məsələyə yaxın və etibarlı mənbələrdən hazırda Xankəndidə yüzə yaxın əcnəbi döyüşçünün (deyilənə görə PKK üzvləridir) olması barədə məlumat almışam. Cəbhədə əcnəbi döyüşçülərin olması pis xəbərdir”.

  • XİN ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri rəhbərlərinin bəyanatına münasibət bildirib

    Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

    Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır.

    Azərbaycan Respublikasının Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.

    XİN-in açıqlamasında deyilir:

    “Ermənistan rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “inaqurasiyasında” iştirak üçün Şuşa şəhərinə getməsi, işğal olunmuş Xankəndi şəhərində təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, işğalçı ölkənin “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürməsi, münaqişənin həlli danışıqlarda 7 qeyd şərt irəli sürməsi, eləcə də danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə zərbə vurub.

    Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir.

    1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.

    Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.

    ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır.

    BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır.

    Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür”.

  • Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi qaydası müəyyənləşib

    Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.

    APA-nın məlumatına görə, bu Qayda Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsini “Qrant haqqında” qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirir. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi Agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən edilir.

    Müsabiqələr aşağıda qeyd olunmuş sahələr üzrə həyata keçirilir:

    – təhsil layihələri;

    – elm layihələri;

    – tədqiqat layihələri;

    – dəstək layihələri.

    Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar Agentliyin rəsmi internet saytında yerləşdirilir və bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir. Bu Qayda ilə müəyyən olunmuş məqsədlər üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektləri) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri 20 min manatdan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı ilə nağdsız qaydada ödənilir.

    Agentliyə təqdim edilmiş və maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələr üzrə ödənişlər 2 mərhələdə həyata keçirilir. Müqavilə bağlanıldıqdan sonra vəsaitin 70 faizi, layihənin tam icrası ilə bağlı yekun hesabat təqdim edildikdən sonra isə vəsaitin qalan 30 faizi layihəni təqdim edən şəxsin müvafiq bank hesabına köçürülür. Yerinə yetirilmiş layihə üzrə yekun hesabat layihə rəhbəri tərəfindən baxılması üçün Agentliyə təqdim olunur. Agentlik layihə üzrə yekun hesabatı qiymətləndirmək məqsədilə hesabatı ekspert komissiyasına göndərmək hüququna malikdir. İlkin, aralıq və yekun hesabatların təhlili nəticəsində layihənin bu Qayda ilə müəyyən edilmiş göstəricilərə uyğun gəlmədiyi müəyyən edildikdə, Agentliyin əsaslandırılmış qərarına əsasən layihənin maliyyələşdirilməsi dayandırılır və bu Qaydada nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Layihə üçün ayrılmış vəsait tam istifadə edilmədikdə, qalıq məbləğ və ya təyinatı üzrə xərclənmədiyi aşkar edildikdə, tam məbləğ Agentliyin hesabına qaytarılır. Agentlik bu hallarla əlaqədar məbləğin qalıq və ya tam hissəsinin ödənilməsi məqsədilə müraciət edən şəxsə tələb məktubu göndərir. Müraciət edən şəxs tərəfindən tələb məktubu icra edilmədikdə və qalıq və ya tam məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ layihənin icra müddəti bitdikdən sonra Agentliyin hesabına qaytarılır.

    Agentlik tərəfindən layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edildiyi təqdirdə, layihənin maliyyələşdirilməsi aşağıda göstərilən maliyyə mənbələri hesabına həyata keçirilir:

    – Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitlər;

    – Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsaitlər;

    – beynəlxalq təşkilatların verdikləri kreditlər, qrantlar, texniki və maliyyə yardımları;

    – sahibkarlıq subyektlərinin bu məqsədlər üçün ayırdıqları vəsaitlər;

    – xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

  • Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başlayıb

    Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə – İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.

    Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) APA-ya verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür.

    Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşın həyatına hər hansı təhlükəsi yoxdur.

    Bundan başqa, düşmənin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi vətəndaşlardan xahiş olunur.