Month: November 2020

  • Polşada koronavirus tədbirləri sərtləşdirilir

    Polşa hökuməti koronavirusla mübarizə tədbirlərini sərtləşdirmək istəyir.

    Bu barədə PAP məlumat yayıb.

    Ölkənin baş naziri Mateuş Moravetskinin sözlərinə görə, noyabrın 7-dən Polşada teatr, muzey və kinoteatrlar bağlanacaq.

    O qeyd edib ki, həmçinin bəzi mağazalar və qalereyalar da bağlanacaq, otellər yalnız ezamiyyətdə olanlar üçün fəaliyyət göstərəcək.

    Baş nazir eyni zamanda məktəblərin genişləndirilmiş distansion rejimdə ən azı noyabrın 29-na kimi fəaliyyət göstərəcəyini vurğulayıb.

  • Yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər üçün sadələşdirilmiş vergi necə hesablanır?

    Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan çox olan və yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etmək üçün “İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması” ilə vergi orqanına müraciət edə bilərlər.

    Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu halda yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sözügedən fəaliyyət üzrə sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə hesablayırlar.

    Şərtlərə cavab verməyən (fəaliyyəti yalnız ictimai iaşə olmayan) və müvafiq məlumat formasını təqdim etməyən vergiödəyiciləri isə ƏDV qeydiyyatına durmaq öhdəliyi yarandığı dövrdən etibarən müvafiq ərizə ilə vergi orqanına müraciət edərək ƏDV ödəyicisi kimi ƏDV bəyannaməsini təqdim etməlidirlər.

  • Alimlər koronavirusdan sağalmış insan orqanizmində antitelin qalma müddəti istiqamətində tədqiqatları davam etdirirlər

    Amerikalı həkimlər koronavirusdan sağalmış insan orqanizmində antitelin tez yoxa çıxmasına şübhə ilə yanaşıblar. Onların bu qənaətə gəlməsinə səbəb 2020-ci ilin birinci yarısında Nyu-Yorkda COVID-19 xəstəliyi olan pasiyentlər üzərində aparılmış müşahidələr olub. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, həm xəstəxanaların təcili yardım bölmələrində yerləşdirilən, həm də planlı şəkildə tibbi yardıma müraciət edən pasiyentlərdə antitelin aşkarlanmasına dair müşahidə aparılıb. Hər iki qrupdan olan insanların orqanizmində antitelin konsentrasiyası müntəzəm şəkildə artıb və may ayında pik həddə çatıb, iyula qədər isə sabit qalıb.

    Epidemiyanın başlanğıcından bəri yeni növ koronavirusa qarşı insan orqanizminin uzunmüddətli immunitet qazanıb-qazanmayacağı barədə mübahisələr davam edir. Bunu bilmək vaksinasiya planlaşdırılması və SARS-CoV-2 virusuna qarşı kollektiv immunitetin yaranıb-yaranmayacağını anlamaq baxımından vacibdir.

    Avropa ölkələrində bu qəbildən aparılan ilk uzunmüddətli müşahidələr göstərir ki, təbii yolla kollektiv immunitet çətin ki yarana. Əlavə olaraq Harvard Universitetindən alimlər izah ediblər ki, yeni növ koronavirus ona qarşı uzun müddət antitel hasil edə bilən hüceyrələrin yaranmasına mane olur. Buna görə də həkimlər və bioloqlar xəstəlikdən sağalmış orqanizmdən antitelin nə dərəcədə tez yoxa çıxmasını öyrənməyə başladılar. Maunt-Sinay (ABŞ) xəstəxanasının Tibb Məktəbinin professoru Florian Krammerin rəhbərliyi ilə aparılmış tədqiqatın nəticələri bunun heç də belə olmadığını göstərib. Onlar Nyu-York həkimlərinin COVID-19-un yazda pik həddi və ondan sonrakı dövrdə topladıqları məlumatları təhlil ediblər.

    Bu ilin fevralından Maunt-Sinay xəstəxanasının və Nyu-Yorkun digər klinikalarının həkimləri müalicə edilmiş və müayinədən keçmiş bütün pasiyentlərin qan nümunələrini toplayıb və dondurublar. Bunun nəticəsində, SARS-CoV-2 virusuna qarşı antitel üçün dəqiq test yarananda alimlər həmin pasiyentlər arasında neçə nəfərin koronavirus daşıyıcısı olduğunu müəyyənləşdiriblər. Ümumilikdə Krammer və onun həmkarları fevralın 9-dan iyulun 5-dək toplanmış on mindən çox belə nümunəni analiz ediblər. Alimlər analiz üçün pasiyentlərin məlumatlarını iki qrupa ayırıblar. Birinci qrupa reanimasiyaya və ya xəstəxananın təcili yardımı bölməsinə yerləşdirilənlər, ikinci qrupa rutin müayinə və ya ambulator müalicə alanlar daxil edilib.

    Bu göstəriciləri müqayisə edən həkimlər koronavirusun simptomsuz daşıyıcılarının Nyu-York ərazisində nə qədər çox olduğunu başa düşməyə çalışıblar. Çünki Nyu-York ABŞ-ın koronavirusdan daha çox əziyyət çəkən şəhəri olub. Tədqiqatçılar, həmçinin koronavirusun ağır və yüngül formalarında immun reaksiyanın fərqli olub-olmadığını anlamağa çalışıblar.

    Analiz göstərib ki, Nyu-York ərazisində SARS-CoV-2 virusuna yoluxmanın ilk halları hələ fevralın ortalarında baş verib, halbuki infeksiyanın sənədləşdirildiyi yoluxma halı martın əvvəlinə aiddir. Virus şəhər əhalisi arasında martın sonunda geniş yayılıb: o zaman “ambulator” qrupuna aid pasiyentlərdə antitel 2-3 faizdən 11-19 faizə çatıb. Hər iki qrupda antitel pik həddə – 20 faizə may ayında çatıb. Ondan sonra antitelin konsentrasiyası üç ay ərzində yüksək sabit həddə qalıb. Bunu nəzərə alan alimlər güman edirlər ki, SARS-CoV-2 virusuna qarşı immunitet heç də digər alimlərin güman etdiyi kimi tez itmir. Krammer və onun komandası Nyu-York əhalisindən gələcəkdə götürüləcək qan nümunələrinin analizinin bu suala dəqiq cavab verə biləcəyinə ümidvardır.

  • Trampın seçki qərargahı Viskonsində səslərin yenidən sayılmasını istəyir

    ABŞ Prezidenti Donald Trampın seçki qərargahı seçimi müəyyən olunmayan Viskonsin ştatında səslərin yenidən sayılacağına ümid edir.

    Bu barədə “Fox News” məlumat yayıb.

    D.Trampın seçki kampaniyasının meneceri Uilyam Stepinin sözlərinə görə, sözügedən ştatın ərazisində səslərin yenidən sayılmasına ehtiyac var.

    Qeyd edək ki, Co Bayden Viskonsin ştatında qələbə qazanmaqla 10 səs əldə edib.

  • Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə etdilər

    Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

    Bu barədə “Report”” Kremlin saytına istinadən xəbər verir.

    Məlumata görə, dövlət başçıları telefon söhbətinin gedişatında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. Prezidentlər infeksiyanın yayılmasına qarşı mübarizədə ölkələrin əməkdaşlığını yüksək qiymətləndiriblər. Bundan başqa, tərəflər Rusiyanın “Sputnik V” peyvəndinin Belarusa ixracı ilə bağlı qərarın əhəmiyyətini qeyd ediblər.

    Prezidentlər müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə sadiq olduqlarını da təsdiqləyiblər. Onların sözlərinə görə, ölkələr daha əvvəl bağlanmış müqavilələr üzrə öhdəlikləri yerinə yetirməyə davam edəcək.

    Kremlin rəsmi məlumatına görə, siyasətlər həmçinin Dağlıq Qarabağda münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

    Dövlət başçıları müxtəlif səviyyələrdə təmasların davam etdirilməsini razılaşdırıb.

  • Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib

    Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

  • Ermənilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi Şuşadan aparıb

    Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından köçürülüb.

    Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

    O bildirib ki, bu barədə bu gün ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məlumat verib: “Bu gün günorta saatlarında komitədən zəng vurub bildirdilər ki, atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Komitə əməkdaşları dedilər ki, onları Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumatları yoxdur. Hazırda onların yeri dəqiqləşdirilir. Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər”.

    K. Əsgərov bildirib ki, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib: “Həmin vaxt atam bizə məktub da göndərmişdi. Məktubda atam bildirmişdi ki, hər şey normaldır. Ondan sonra xəbər yoxdur”.

  • ABŞ-da koronavirusdan ölən namizəd seçkidə qələbə qazandı

    Koronavirusdan ölən ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi Devid Andal qanunverici orqana keçirilən seçkilərdə Şimali Dakota ştatında qalib gəlib.

    Bu barədə “The Independent” məlumat yayıb.

    Nəşrin məlumatına görə, 55 yaşlı siyasətçi oktyabrın əvvəlində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, oktyabrın 5-də ölüb.

    Ancaq erkən seçki respublikaçının ölümündən bir neçə həftə əvvəl başlayıb. Nəticədə Devid Andal və eyni partiyadan olan Deyv Nerinq seçkidə qalib gəlib. Siyasətçi ümumilikdə 38 faiz səs toplayıb.

    İndi Respublikaçılar Partiyası siyasətçini əvəz edəcək birini tapmalıdır. Bununla belə ştatda yenidən seçki keçirilməsi istisna deyil.

  • İmişlidə zəlzələ oldu

    İmişlidə maqnitudası 4,2 olan zəlzələ baş verib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də, Saatlı stansiyasından 17 km şimal-qərbdə qeydə alınıb.

    Zəlzələ episentrdə 4, ətraf Saatlı və Sabirabad rayonunda isə 3-4 bal gücündə hiss olunub.

    Zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.

  • Könüllülər münaqişədən zərər çəkənlərə dəstək oldular

    Azərbaycan könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) aksiyası çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə edilən hücumlardan insanları qorumaq üçün yaradılan sığınacaqları növbəti dəfə ziyarət ediblər.

    Könüllülər Bərdə və Ağcabədidə yerləşən sığınacaqları ziyarət zamanı oradakı azyaşlı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdiyi psixoloji gərginləyin aradan qaldırmağa çalışıblar. Onların əhval-ruhiyyəsini yüksəltmək üçün kiçik sürprizlər edərək boyama kitabçaları və rəngli karandaşlar hədiyyə edib, birlikdə rəsm çəkiblər. Daha sonra könüllülər uşaqlarla müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçiriblər.

    Xatırladaq ki, aksiya Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə başladılıb və düşmən hücumlarından zərər çəkən vətəndaşlarımıza həm mənəvi, həm də maddi dəstək olmaq məqsədi daşıyır. Aksiya çərçivəsində xeyirxah vətəndaşlar da öz növbəsində zərər çəkən vətəndaşlarımıza gec xarab olan ərzaq məhsulları, yararlı qış geyimləri, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. ianə edə bilərlər, eyni zaman da maddi ianə də etmək mümkündür. İanə edilən məhsullar könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və tərəfdaşlar vasitəsilə sığınacaqlara çatdırılır.

    Dəstək olmaq istəyən vətəndaşlar, ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilər və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

    Ünvanlar

    Qaynar xətt: 070 266 80 90

    Ətraflı:

    Facebook

    İnstagram