Month: November 2020

  • Lavrov: “Qarabağla bağlı ortaq bəyanatı şübhə altına alma cəhdləri qəbuledilməzdir”

    “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı böhrandan çıxmağın yeganə yoludur, bunu şübhə altına alma cəhdləri qəbuledilməzdir”.

    TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfərinin yekunları ilə bağlı bildirib.

    “Bu bəyanatın bir neçə həftə əvvəl çox kəskinləşən vəziyyətin həll olunmasının alternativsiz yolu olduğu hər kəs tərəfindən qəbul edilib. Bəyanatı təkcə ölkə daxilində deyil, xaricdə də şübhə altına almaq cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulanıb. Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq”, – deyə o bildirib.

    Rusiya Xarici İşlər naziri İrəvanda Rusiya nümayəndə heyətinin danışıqlar zamanı əsas diqqətin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatının dəqiq və tam həyata keçirilməsi vəzifələrinə ayrıldığını bildirib.

    Lavrov əlavə edib ki, İrəvanda Rusiya nümayəndə heyəti ilə görüşlərində Ermənistanın baş naziri və prezidenti Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiqliklərini təsdiqləyiblər.

  • Erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlərlə bağlı yayılan görüntülər saxtadır

    2020-ci ilin 27 sentyabr – 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb.

    Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

    Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanıb, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
    Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.

    Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunan ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talan edilməsi, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur.

    Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınıb.

    Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

    Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.

  • Əsir düşən əsgərimizin dayısı: “Amin evin tək uşağıdır, atasız böyüyüb” – FOTO

    “Oktyabrın 6-dan bəri Amindən xəbər ala bilmirik. Ailəsi çox narahatdır. Anasının vəziyyəti də çox pisdir”.

    Bu sözləri azxeber.com-a açıqlamasında ermənilər tərəfindən əsir götürülən əsgərimiz Amin Musayevin dayısı Sənan Sadıqov deyib.

    O bildirib ki, Amin atasız böyüyüb:

    “Bəziləri sosial şəbəkələrdə Aminin atasının adından yazıblar ki, guya Amin Azərbaycana qaytarılıb. Amma bu yalandır. Aminin atası bir neçə il bundan öncə dünyasını dəyişib. Amin evin tək uşağıdır. Anası bu xəbəri eşidəndən özünə gələ bilmir”.

    Sənan Sadıqov deyib ki, Aminlə bağlı heç bir xəbər ala bilmirlər:

    “Bizə onun aqibəti ilə bağlı heç bir məlumat verilməyib. Çox narahatıq”.

    Aminin xalası Sadıqova Hicran isə deyib ki, onlar dövlətimizə və Ali Baş Komandana güvənirlər:

    “Biz dövlətimizdən və Ali Baş Komandanımızdan çox razıyıq. Əminik ki, dövlətimizin sayəsində Amin evinə sağ-salamat qayıdacaq”.

    Qeyd edək ki, noyabrın 12-də “ANNA News” YouTube kanalında Aminə rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb.

    Bir neçə gün sonra isə ermənilər özlərini ifşa edərək, Aminə işgəncə verilməsi ilə bağlı görüntülər yayımlayıb. Ondan sonra isə Amindən xəbər yoxdur.

  • İkbal Durre: “Ermənistan hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram”

    Təəssüf ki, hamısı olmasa da əksər rusiyalı ekspert arzu ediləni həqiqət kimi qələmə verir. Qərəz onların obyektiv olmasına mane olur. Üstəlik, öz dövlətlərinin rəsmi siyasəti barədə səhv anlayışları var.

    Bunu türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert İkbal Durre rusiyalı ekspertlərin Türkiyənin Qarabağda sülhməramlı əməliyyatda iştirakına narazılıqları ilə bağlı Media.az-ın sualını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, Kremlin mövqeyini öyrənəndə bir çox ekspertin rəyi, ritorikası tədricən də olsa dəyişir.

    “Tez-tez belə metamorfozların şahidi oluram”, – deyə o əlavə edib.

    Politoloq bu məsələdə Qərbin reaksiyasına gəldikdə isə onların mövcud vəziyyətdə məsələlərdən kənarda qaldıqlarına görə narazı olduqlarını bildirib.

    “Onlar Türkiyə və Rusiyanın bölgədə artan nüfuzundan narazıdırlar. Qərb son zamanlar bu ölkələrlə elə də yaxşı münasibətdə deyil və bu, Ankara ilə Moskvanın mövqelərinin yaxınlaşmasına təkan verir. Hadisələrin belə bir inkişafı onlara sərf etmir, bunu heç gözləmirdilər. Ancaq Qərb öz problemləri ilə məşğul olduğundan bu məsələdə bəxti gətirmədi: ABŞ-da – seçkilər, Avropada – terror hücumları. Nəticədə onların Qarabağa gecikmiş reaksiyasının şahidi oluruq”.

    Ekspert Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu da qiymətləndirib:

    “Bu, Azərbaycan üçün də, Türkiyə üçün də müsbət haldır. Rusiya üçün bir nəticədir, buna görə də Moskva Ankara ilə əlaqələrini inkişaf etdirəcək. Bütün ölkələr Qafqazda qonşudurlar. Moskva üçün Türkiyə istənilən halda Qərbin bu bölgədəki varlığını gücləndirməkdən daha yaxşıdır”.

    Ermənistanın narazılığına gəldikdə isə ekspert bunu heç cür başa düşmədiyini deyib:

    “Ermənistan ümumiyyətlə hər şeyini itirə bilərdi, buna görə İrəvanın niyə narazı olduğunu anlamıram”, – deyə İkbal Durre sözlərini yekunlaşdırıb.

  • 28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri – FOTO

    Noyabrın 20-də 28 il sonra işğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur sıradan çıxarılıb.

    APA-nın məlumatına görə, erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.

    Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycanın üçrəngli bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib.

    Noyabrın 25-ə kimi Kəlbəcər, dekabrın 1-nə kimi isə Laçın rayonlarının tamamilə boşaldılması nəzərdə tutulub.




  • İbrahim Kalın Aİ rəsmiləri ilə Qarabağ məsələsini müzakirə edib

    Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının Zirvə Toplantısı öncəsi Brüsselə səfər edib.

    Bu barədə “TRT Haber” məlumat verib.

    İbrahim Kalın səfər çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin xarici siyasət üzrə baş müşaviri Məryəm Van den Hövel, Aİ Komissiyasının prezidenti Ursula fon der Leyenin kabinet başçısı Byorn Zeybert və Aİ Xarici Əlaqələr Xidmətinin baş katibi Helqa Şmidlə ayrı-ayrılıqda görüşlər keçirib.

    Görüş zamanı Türkiyə-Aİ əlaqələri, Aralıq dənizi, Liviya, Suriya və Dağlıq Qarabağ kimi regional məsələlərlə ələ alınıb, Gömrük İttifaqının yenilənməsi, immiqrasiya razılaşması, viza sadələşdirməsi və siyasi dialoq kimi sahələrdə konkret addımlar atılmasının zəruriliyi vurğulanıb.

  • Qubada qadını avtomobil vurdu

    Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Belə ki, noyabrın 20-i saat 19:00 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Azərbaycan nefti bahalaşıb

    Azərbaycan neftinin qiyməti artıb.

    “Azeri Light” markalı neftin bir bareli 0,52 ABŞ dollar bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,78 ABŞ dollarını təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum 149,66 dollara satılıb.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море 21 ноября произошло землетрясение магнитудой 3.

    По данным Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, подземные толчки были зафиксированы в 02:59.

    Очаг залегал на глубине 14 км.

  • Xəzərdə zəlzələ olub

    Xəzər dənizində zəlzələ baş verib.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 02:59-da Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3, dərinliyi 14 km olub.

    Zəlzələ hiss edilməyib.