Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
“Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
O.S.Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüeppi qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə nazir qarşı tərəfə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixində imzaladığı birgə bəyanatdan sonra regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımlar barəsində məlumat verərək, birgə bəyanat ilə atəşkəsin təmin edildiyini, hərbi fəaliyyətlərin dayandırıldığını və bununla əlaqəli şəkildə Azərbaycan Respublikasının işğal edilmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdırıb. Birgə bəyanatın icra edilməsi ilə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı vurğulanıb.
Bölgədə yaranmış yeni şərait nəzərə alınmaqla BQXK-nın Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə bütün insanların həyat şəraitinin yaxşılaşdırılması və dinc birgəyaşayışın təmin edilməsi işinə özünün müsbət töhfəsini verəcəyinə ümid ifadə edilib.
Öz növbəsində, Martin Şüepp Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlığın, o cümlədən təşkilatın mandatının əsasını təşkil edən beynəlxalq humanitar hüquqa əməl edilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların BQXK tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn BQXK-nın mandatına aid müvafiq məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, BQXK-nın ölkədəki fəaliyyətinin səmərəliliyi və effektivliyinin daha da artırılması yolları müzakirə edilib.
Komandada üzvləri arasında koronavirusa kütləvi yoluxma hallarına görə istirahətə buraxılan “Neftçi” yenidən məşqləri bərpa edib.
Bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib.
42 yaşlı mütəxəssisin sözlərinə görə, komanda 13 nəfərlə hazırlığa başlayıb: “Kollektiv mənsiz yığışıb. 13 nəfərdən 2-si qapıçıdır. Səlahət Ağayev uzun müddətdən sonra məşqə qatılıb. Halbuki zədəsi tam sağalmayıb. Təsəvvür edin, vəziyyət nə dərəcədə ağırdır”.
Abasov komandada yeni yoluxma faktının aşkarlanmadığını söyləyib: “Hamısı əvvəlki oyunçulardır. Dünən Yusuf Lavalın qızdırması var idi. Dərhal testə göndərdik. Bu gün cavab gəldi. Şükürlər olsun ki, cavabı neqativ çıxdı, özü isə komandaya qoşuldu. Çox sevindik. Görün, nə vəziyyətdəyik ki, bir futbolçudan şad xəbər gələndə sanki bizə dünyanı verirlər”.
Bir müddət öncə koronavirusa yoluxmuş baş məşqçi xəstəliyi ağır keçirdiyini söyləyib: “Müalicə davam edir. Evdə, təcrid olunmuşam. Özümü qorumadığım üçün simptomlar ağır oldu. İndi də əziyyətini çəkirəm. Dekabrın əvvəlində təkrar test vermişdim, təəssüf ki, müsbət çıxdı”.
Qeyd edək ki, hazırda “Neftçi”də Samir Abasovla yanaşı, onun köməkçiləri Qədir Həsənov və Vəfadar Quliyev, həmçinin qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrin aktiv koronavirus xəstələridir.
PCR testi ilə müəyyən olunub ki, kəskin respirator virus infeksiyası (SARS) olan moskvalıların 40 faizindən çoxunda koronavirus var.
“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf üzrə köməkçisi Anastasiya Rakova elmi-praktik onlayn konfransda danışıb.
“Bu gün SARS keçirən hər kəsə dərman verəcəyimizlə bağlı qərara gəldik. Çünki əvvəlcə SARS olan və sonra PCR tədqiqatları nəticəsində COVID diaqnozu qoyulan insanların payı artıq 40 faizdən çoxdur”.
Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb.
Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar.
İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.

Səudiyyə Ərəbistanının Sakaka şəhərində nəhəng qasırğa baş verib.
“Haber Global” məlumat verir ki, bu, ölkədə indiyədək olan ən şiddətli qasırğadır.
Sürəti saatda 75 kilometr olan qasırğa şəhərdə bir çox evə və nəqliyyat vasitəsinə ziyan vurub.
Həmin anların görüntüləri sakinlər tərəfindən kameraya çəkilib.
Bakının Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən xanımın müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs təqib edilərək “isti” izlərlə yaxalanıb.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilən şübhəli şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu müəyyən edilib. Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkar edilərək götürülüb. N.Fərəməzovun Binəqədi rayonunda hündürmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub.
N.Fərəməzov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.



Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu ilin dekabr ayının 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə qalma müddəti 5 aprel 2021-ci ilə qədər uzadılacaq.
Bununla bağlı qanun layihəsi artıq Milli Məclisə təqdim olunub.
Bildirilib ki, bundan başqa “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif edilmiş yeni düzəlişə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan limit artıq 100 min manat həcmində olacaq. Hazırda, qüvvədə olan qanuna əsasən bu limit 30 min manatdır. Eyni zamanda, daha əvvəl açıq qalan məsələ hesab edilən, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar bank hesablarında 20 min manata qədər olan hissəsi kompensasiya olunacaq. İndiki mövcud qanunvericiliyə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesabları qorunmayan əmanət hesab olunur.
Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 4 il doqquz ay müddətinə qəbul edilib.
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri Ettore Rosatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və İtaliya arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov 19-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladıb. Nazir səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini, bununla siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək yolu ilə qarşılıqlı istəklərini ortaya qoyduqlarını bildirib.
C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyini minnətdarlıqla vurğulayıb.
Vitse-spiker Ettore Rosato qəbula görə təşəkkürünü bildirərək, Azərbaycana xüsusi rəğbət bəslədiyini, belə ki, COVID-19 pandemiyasına baxmayaraq, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini, səfər çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış Ağdam şəhərini, habelə Ermənistan hərbi qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncəni ziyarət etdiklərini söyləyib. Azərbaycanın mövqeyinin ədalətli olduğunu vurğulayan vitse-spiker, İtaliyanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi qeyd edib. Eyni zamanda, cənab E.Rosato İtaliya hökumətinin hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Görüş zamanı İtaliya və Azərbaycan Parlamentlərinin xarici əlaqələr komitələri və dostluq qrupları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.