Month: December 2020

  • Bakıda koronavirusdan ölən direktor və müəllimlərin sayı açıqlandı – RƏSMİ

    Bakıda bir direktor və 18 müəllim koronavirusdan vəfat edib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş zamanı BŞTİ-nin müdiri Mehriban Vəliyeva məlumat verib.

    O bildirib ki, belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsi zəruridir.

  • İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi təsdiq edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 milyon 769 min 146 manat, xərcləri 157 milyon 769 min 146 manat məbləğində müəyyən edilib.

    Fondun gələn ilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 milyon 774 min 200 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Azərbaycanda ehtiyac meyarı artırıldı

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

    Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Millət vəkili istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif etdi – VİDEO

    “Bu il sözün həqiqi mənasında xalqımız və dövlətimiz üçün fərqli bir il oldu. Vətən müharibəsində qazandığımız qələbə başa çatmaqda olan təqvim ilini hər birimiz üçün əlamətdar etdi. Deyərdim ki, bu təqvim ilini uğurla başa vuran yeganə xalq bizik və buna görə də milli vəhdət halında öz dövləti, Prezidenti ətrafında sıx birləşən xalqımıza, möhtərəm cənab Prezidentimizə, hər bir əsgərimizə dərin təşəkkürümü bildirirəm”.

    Bunu bu gün Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxı edən deputat Emin Hacıyev bildirib.

    O qeyd edib ki, birinci oxunuş zamanı hörmətli hökumət üzvləri büdcə zərfinə daxil olan sənədlər barədə geniş və ətraflı məlumat veriblər:

    “Ümumiyyətlə, bu il büdcə müzakirələrinin daha səmərəli təşkil edildiyini qeyd etməklə hörmətli Sahibə xanıma bu məsələdə daha konstruktiv yeni yanaşma ortaya qoyduğuna görə təşəkkürümü bildirirəm.

    Təqdim edilən sənəd və izahlarla tanışlıqdan hasil olan nəticə ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsi ən iri həcmli büdcələrdən biri olacaq. Düşünürəm ki, hər il olduğu kimi insan kapitalının inkişafına yönəlik siyasətimizi davam etdirməli, biliyə əsaslanan iqtisadiyyatın, sənayenin qurulmasına diqqəti artırmalıyıq. Bu mənada son illərdə Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri olan Sumqayıtda görülən müsbət işləri qeyd etməklə, bu prosesi daha da genişləndirməyi vacib hesab edirəm.

    Aparılmış siyasət və görülmüş işlər sayəsində bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq quruculuq işləri üçün vacib olacaq bir sıra malların daxili istehsalımıza aid olması təqdirə layiqdir. Daxili istehsalı genişləndirmək və dəstəkləməklə bərpa prosesinə çəkəcəyimiz xərcləri böyük miqyasda azalda bilərik.

    Hesab edirəm ki, bərpa prosesini sürətləndirmək üçün tək büdcə vəsaitləri ilə kifayətlənməli deyilik. Bura sahibkarları da cəlb etmək lazımdır və bu məqsədlə hökumət tərəfindən təşviqedici paketin hazırlanmasına ciddi ehtiyac var. Bundan əlavə, işğaldan azad edilən ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsindən söhbət açılanda ən tez reallaşa bilən layihələrin aqrar sahə ilə bağlı olduğunu görərik. İşğaldan azad olunan ərazilərimizdə aqrar sahəni inkişaf etdirərək qısa müddət ərzində daxili tələbatımızı ödəməklə yanaşı, ixrac potensialımızı da artıra bilərik”.

    Millət vəkili qeyd edib ki, bu mənada bölgənin mineral ehtiyatlarından səmərəli istifadə də əhəmiyyətlidir:

    “İşğaldan azad olunan bölgələrin bərpasına xarici investorları da cəlb etmək məqsədilə səmərəli təşviqedici paketin hazırlanması yaxşı olardı. Bərpa prosesinə əlavə vəsaitlərin cəlb edilməsi məqsədilə beynəlxalq təcrübədə münaqişə məntəqələrinin bərpası zamanı tətbiq edilən bir təcrübəyə də müraciət edə bilərik ki, bu da bərpa ilə bağlı beynəlxalq konfransın çağırılmasıdır.

    Eyni zamanda, bölgənin turizm – rekreasiya resurslarından gələcəkdə səmərəli istifadə edə bilməyimiz üçün tanıdılma, təbliğ etmə işinə başlamağımız, müvafiq təqdimatların vasitələrin tərtib edilməsi vacibdir.

    İcazənizlə təmsil etdiyim Sumqayıt şəhəri ilə bağlı bir məsələyə toxunardım. Mövsüm hər bir şəhər və rayonda istilik sistemlərinin yenilənməsini, bu sahədə təmir-bərpa işlərinin aparılmasını aktuallaşdırıb və bu sosial-iqtisadi məsələnin həlli olduqca vacibdir. Təbii ki, insanların komfortlu yaşayışının təmin olunması yolunda hər zaman ciddi addımlar atılır. Lakin havaların soyuması ilə aktuallaşan məsələlərdən biri çoxmənzilli binaların istilik təchizatı ilə bağlıdır. Mən əvvəlki çıxışlarım zamanı bir dəfə bu məsələni qaldırmışam və keçən iclasımızda hörmətli Hicran xanım Hüseynova da bu məsələyə toxundu. Sumqayıt şəhəri üçün bu məsələ olduqca aktualdır, bu səbəbdən hörmətli hökumət üzvlərini, aidiyyəti dövlət qurumlarının diqqətini bu məsələnin həllinə cəlb etmək istərdim.

    Onu da deyim ki, Regionların İnkişafı üzrə Dövlət Proqramında Sumqayıt şəhərindəki binaların istilik təchizatı məsələsi öz əksini tapıb. Düşünürəm ki, bu məsələdə dövlətimizin xərclərini azaltmaq məqsədilə istilik təchizatı sahəsini özəlləşdirmək və yaxud da yerli və ya xarici sahibkar və investorların idarəçiliyinə vermək imkanının qiymətləndirilməsi məqsədə uyğun olardı. Təbii ki, süni qiymət artımı kimi problemlər meydana çıxmasın deyə bu sahədə qiymətə təsir mexanizmini dövlətin nəzarətində saxlamaq şərtilə”.

  • Qardaşxan Əhmədovun anası: “Statusda oxudum ki, oğlum şəhid olub” – FOTO/VİDEO

    Hələ bu dünyaya gəlmədən şəhid qızı adını alan Nişanə iki həftə sonra doğulacaq. Onun atası Qardaşxan Əhmədov isə 50 gün itkin kimi axtarışda olub.

    “Qafqazinfo” ailəyə baş çəkərək Qardaşxan Əhmədovun xatirəsini əbədiləşdirmək üçün reportaj hazırlayıb.

    24 yaşlı Qardaşxan döyüşə getməmişdən 10 ay öncə ailə həyatı qurub, iki həftə sonra isə qızı dünyaya gələcək, ilk və sonuncu övladı…


    Qardaşxan hərbi xidmətdə olarkən “Aprel döyüşləri”ndə də iştirak edib. Vətən Müharibəsi başladıqda isə döyüşə çağırılıb. Lənkəran rayon komissarlığında bir yerlisi ilə tanış olub. Eyni vaxtda müharibəyə yola salınıblar, bütün döyüş yolunu birgə keçiblər və sonda Xocavənddə bir yerdə şəhid olublar.

    Atası Elxan Əhmədov oğlu ilə çox vaxt keçirməsə də, onu daim öz yeri üçün böyüdüb. Şəhid atası deyir ki, oğlunun son döyüşü noyabrın 7-də olub. Ondan sonrakı iki gün isə müəmmalıdır, o günlərdə Qardaşxanın yaşayıb-yaşamadığı bəlli deyil. Amma döyüşlər dayandıqdan sonra düz dekabrın 19-dək ailə və yaxınları daim onu axtarıb. Qardaşxan 44 günlük Vətən Müharibəsinin 50 günlük itkini olub.


    Elxan Əhmədov deyir ki, bu 50 gün ona 50 il kimi görünüb, bu 50 gündə evə sığmayıb, gecə-gündüz küçələrdə, yollarda, idarələrdə bircə oğlunu axtarıb. İki bacıdan sonra evin son beşiyi olan Qardaşxanı…

    Amma bu 50 gün ərzində Elxan Əhmədov oğlu ilə bağlı fərəhləndirici onlarla zəng alıb. Döyüşdən yaralı qayıdan qazilərin valideynləri Elxana zəng edərək onun oğlu Qardaşxanın onların övladlarını ölümdən xilas etdiyini deyib. Övladına qovuşsa da, onu şəhid kimi qarşılayan atalar isə itkin atası Elxana oğluna görə təşəkkür ediblər. Minnətdar olublar ki, Qardaşxan onların övladının cənazəsini ortada qoymayıb. Onlarla igidi ya qazi, ya da şəhid olaraq döyüş meydanından çıxarıb. Özünü isə 50 gün sonra Xocavənd dağlarında sıx meşənin içindən qarlar altından çıxara biliblər.

    Bir dərdin başqa dərdə dərman olması kimi, Elxan da oğlunun əsir olmasını, mühasirədə olmasını, yaralı olmasını, şikəst olmasını arzulayıb. Təki sağ olsun…


    Ailə Qardaşxan üçün son limit günü də təyin edibmiş. 28 noyabr… Bu gün Qardaşxanın toyunun birinci ildönümüdür. Gənc, hamilə həyat yoldaşı da ən sonda həmin gün Qardaşxanın gələcəyinə ümid edib.

    Elxan Əhmədov isə oğlunun tezliklə gəlib doğulacaq qızını qucağına alacağını, onu xəstəxanadan şarlarla bəzədilmiş maşında evinə gətirəcəyini arzulayıb.

    Vətən Müharibəsi Qardaşxan üçün ilk çətin sınaq olmayıb. Altı yaşından bəri ailəyə rəhbərlik etməyə məcbur olan Qardaşxan bu yola daim imtinaları ilə yadda qalıb. O, ilk olaraq 17 medal aldığı güləşdən uzaqlaşıb. Bunun əvəzində isə anası ilə birgə 10 il dükanda satıcı işləyib, iki bacısından yaşca balaca olsa da, onlara böyük qardaş olub. Atası Elxan isə mütəmadi olaraq Rusiyada işləyərək ailənin maddi durumuna dəstək olub. Qardaşxan ilk medalını yeddi yaşında alıb.

    Anası Bahar Əhmədova deyir ki, Qardaşxan onun həm oğlu, həm qardaşı, həm də iş yoldaşı olub:

    “Bütün sirlərini, aruzlarını, xəyallarını mənə deyərdi. Mənim həyatımdakı hər şey, evim-eşiyim onun əziyyəti, onu xatirələridir. Onu hər gün güləş məşqinə özüm aparırdım. Hər dəfə yer tutanda mənə zəng edib deyirdi. Yeddi yaşı olanda ilk medalını qazandı, zəng edib dedi ki, “Ana, birinci yerə çıxdım”.


    Toyunun ildönümündə hələ də onu axtarırdıq. O bizi çox istədiyi üçün tez-tez sürprizlər edirdi. Xüsusi günlərdə həmişə zəng edirdi. Mən də inanırdım ki, noyabrın 28-də oğlum zəng edib sağ olduğunu deyəcək”.

    Bahar Əhmədova oğlunun döyüş yoldaşı ilə danışaraq Qardaşxanın şəhid olmadığına onu inandırmaq istəyərkən elə bircə oğlunun şəhadət xəbərini alıb:

    “Qardaşxandan xəbər olmayandan sonra bizə hansı nömrə ilə zəng etmişdisə, onlarla danışdıq, hamısı dedi biz yaralıyıq, ondan xəbərimiz yoxdu.

    Mənim ümidim vardı ki, mənim balam sağdır. Noyabrın 7-də Xocavənddə döyüşdə olub, bir gün sonra da müharibə bitib. Qardaşxan bir gün özünü qoruya bilərdi…

    Dekabrın 19-da axşamüstü yoldaşım evə gəldi, dedi uşaq yaralı tapılıb, ora gedirik. Mən də oğlumu gözləyirdim, dedim bir ayağı, bir qolu olmaz, eybi yox. Şəhid olduğunu bilmirdim. Dekabrın 20-də həyətə çıxdım, gördüm qonşular bizdədir. Evə girib yoldaşıma zəng etdim, cavab vermədi. Bütün qohumlara, tanışlara zəng etdim, heç kim mənə cavab vermədi. “Whatsapp”ı açıb gördüm ki, Qardaşxanın döyüş dostu Murad onun şəklini paylaşıb, yazıb ki, “can qardaş, aramızdan sən də getdin, şəhid oldun”. Mən ona yazdım ki, “Qardaşxan hələ şəhid olmayıb, sağdır, yaralıdır, atası gedib gətirməyə”.

    Elə o sözü yazıb bitirəndə gördüm evin qapısı açıldı, qonşular hamısı içəri girdi. Onda bildim ki, oğlum şəhid olub, o vaxta kimi mənə heç kim bunu demədi”.


    Şəhidin bacısı Nuranə Əhmədli isə qardaşının yarımçıq qalan arzularından bəhs edib:

    “Altı yaşında güləşə gedirdi, idmanla bağlı çox xəyalları vardı. Sonra elə oldu ki, atam işləmək üçün Rusiyaya getdi. Elə həmin vaxt qardaşım xəyallarından əlini üzdü. Evdə kişi yoxdu deyə, altı yaşında evin hər işini öhdəsinə götürdü. Şəhid olmadan əvvəl də onun xarakterinə görə mən onunla fəxr edirdim. Qardaşımın qızı ilə bağlı çox xəyalları, planları var idi. İndi isə onları onsuz həyata keçirməli olacağıq. Amma onun qızı qardaşımdan bizə bir nişanə olduğu üçün adını da Nişanə qoymaq istəyirik”.

    Nuranə deyir ki, atası qardaşının yaralı olduğunu sevinərək demədiyi üçün o artıq Qardaşxanın şəhid olduğunu bilib:

    “Atam gəlib dedi ki, qaqaş tapılıb, yaralıdır, gətirməyə gedirəm. Mən atama inanmadım, çünki qardaşım yaralı gəlsəydi, biz sevinərdik. Amma atamın üzünün ifadəsindən, rəngindən bildim ki, o, şəhid dalıyca gedir…”

  • Şəmkirdə 26 yaşlı gənc yol qəzasında ölüb

    Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Könüllü kəndi ərazisində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobillə toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Şuşaya yeni polis rəisi təyin edildi

    Şuşaya yeni polis rəisi təyin olunub.

    Median.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəməv Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

    Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.//qaynarinfo

  • Aznif Baqdasaryan Ermənistana qaytarıldı

    Vətən müharibəsi zamanı xilas edilərək döyüş bölgəsindən təxliyyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan ölkəsinə təhvil verilib.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Baqdasaryan 3 əsirlə birlikdə Ermənistana qaytarılıb.

    “Mən artıq bir neçə gündür evimdəyəm”, – deyə Baqdasaryan bildirib.

  • “Sinovac” vaksininin üstünlükləri açıqlandı

    COVİD-19-a qarşı Çində hazırlanmış “Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

    Median.Az xəbər verir ki, İndoneziya və Türkiyədə indiyədək “Sinovac” vaksinin ən yüksək effektivlik faizi qeydə alınıb.

    Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei iyul ayından etibarən Çində bu vaksindən istifadə edildiyini bildirib: “1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb”.

    Vasksinin əsas üstünlükləri bunlardan ibarətdir:

    – sürətli immun cavab reaksiyası;
    – öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);
    – daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;
    – soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır (Pfizer 70 dərəcədə saxlanılmalıdır).

    Rəsmi məlumatlara əsasən, artıq Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bu kimi 100-dən çox dövlət “Sinovac” vaksinini sifariş edib.

    İstehsalçı “Sinopharm” şirkətinin məlumatlarına görə, artıq 500 milyon doza vaksin istehsal olunub.

    Vaksinin effektiv istifadəsi nəticəsində hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir. (modern.az)

  • İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini Əzimov Rüstəm Ağaşirin oğlunun üzərindən ayrı-ayrı bağlamalarda ümumilikdə 6,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,330 qram çəkidə narkotik vasitə olan heroin və 0,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.