Month: January 2021

  • Yevlaxın həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub

    Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub.

    APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 21-ə təyin edilib.

    Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

  • Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

    Yanvarın 12-də Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasının növbəti iclası keçirilib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda 2021-ci il ərzində Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək 17 Portfel Şirkətlərin rəhbərləri ilə görüş keçirilib və Prezidentin 2020-ci il 5 noyabr tarixli fərmanında şirkətlərə verilmiş tapşırığın icra vəziyyəti və digər cari məsələlər müzakirə edilib.

  • Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Əhməd İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin”.

    Qeyd edək ki, Əhməd İsmayılov daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru işləyib.

  • ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib

    İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonundan sonra Ağdama gedib.

    “Report”un məlumatına görə, nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, ermənilərin 27 il ərzində törətdikləri vandalizmin şahidi olublar.

    Əvvəlcə Ağdam məscidinə gələn qonaqlara məlumat verilib ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib və dağıdılıb.

    Daha sonra Ağdam Dram Teatrının və Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti, rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərlə də tanış olublar.

    ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərin suallarını cavablandırıblar.

  • FHN-in 15 illiyi yubiley medalı təsis edildi

    “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis edilib.

    Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

    Sənədə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.

    “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.

  • Rusiyadakı Azərbaycan vətəndaşlarının pasportlarının müddəti uzadılıb

    Azərbaycanın Rusiyadakı səfirliyi ölkə vətəndaşlarına müraciət edib.

    Səfirlikdən “Report”a verilən məlumata görə, koronavirus pandemiya dövrünün yaratmış olduğu çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

    Azərbaycan Respublikası vətəndaşları yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.

  • Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib

    Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.

    “Report” IPS-ə istinadən xəbər verir ki, tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb.

    Dünya əhalisinin 60 faizini, ÜDM-sinin isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

    Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

    Xatırladaq ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.

  • Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinin başlayacağı tarixi açıqladı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinin yaxın günlərdə başlayacağını bildirib.

    Bu barədə “Hürriyet Daily News” məlumat yayıb.

    Türkiyə liderinin sözlərinə görə, vaksinasiya prosesi 14 və ya 15 yanvarda başlayacaq.

    Qeyd edək ki, Türkiyədə vaksinasiya zamanı Çinin “Sinovac Biotech” şirkətinin peyvəndindən istifadə olunacaq.

  • İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.

    AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Cakarta şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”

  • Şimali Koreya rəsmilərindən qəribə davranış: Bir il sonra qəfil maska taxmağa başladılar

    Pandemiyanın başlamasından bir il sonra Şimali Koreya rəsmiləri Koreya Əmək Partiyasının qurultayı zamanı qəfildən koronavirusdan qorunmaq üçün maska taxıblar.

    Lenta.ru xəbər verir ki, Şimali Koreya mediasının yayımladığı rəsmi şəkillər bunu sübut edir.

    Rəsmi qeydlərə görə, Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla, rəsmilər konqresin əvvəlki altı günü də maska taxmayıblar.

    Konqres iştirakçılarının bir neçə gün davam edən tədbirdən sonra niyə qəflətən maska taxması aydın deyil.

    Qeyd edək ki, Şimali Koreya səlahiyyətliləri dəfələrlə pandemiya ilə mübarizədə nailiyyət qazandıqlarını və virusun ölkəyə girməsinin qarşısını almağı bacardıqlarını deyiblər.