Month: January 2021

  • Evi tərk edən altı koronavirus xəstəsinə cinayət işi açıldı

    Ev şəraitində müalicə təyin edilən yeddi nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, altı nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    Hazırda istintaq araşdırmaları davam etdirilir.

    Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

    Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

  • Qarabağda muzeylərin təşkili üç istiqamətdə aparılmalıdır

    Azərbaycanın Qarabağ bölgəsində infrastrukturun bərpası qədər muzeylərin yaradılması da önəmli sayılmalıdır.

    Bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

    Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı işğaldan azad olunmuş rayonlarda muzeylərin yaradılmalı olduğunu deyən şöbə müdiri bildirib ki, insan sadəcə oxumaqla deyil, görməklə və toxunmaqla hadisələri daha geniş şəkildə yaddaşına həkk edir. Eyni zamanda, Azərbaycana səfər edən hər hansı bir qonaq yazılı mətindən daha çox vizual məlumatlara diqqət yetirəcək. Beləliklə, biz öz tariximizi təbliğ edərək informasiya müharibəsində mövcud olan üstünlüyümüzü birə on qat daha artıracağıq”.

    B.Quliyev qeyd edib ki, bundan başqa, muzeylərin yaradılması ən qədim abidələrə malik olan Azərbaycana qarşı marağın artmasına səbəb olacaq və bu da turizmə müsbət təsir edəcək.

    Muzeylərin yaradılması ideyasının Prezidenti İlham Əliyevin dərin uzaqgörən siyasətinin mövcudluğunu bir daha göstərdiyini deyən B.Quliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaradılacaq muzeylərin təşkili üç istiqamətdə aparılmalıdır. Birincisi, dağıdılmış şəhərlərin təxmini böyük bir məhəllə böyüklüyündəki parçasını hasara alaraq heç toxunmadan muzey halına gətirmək, açıq hava muzeyi yaratmaq olar. Buraya hətta Ermənistana məxsus qənimət kimi əldə etdiyimiz hərbi texnika və sursat yerləşdirmək olar. Plastik manekenlərdən hərbi formalı əsgər modelləri qurmaq daha gerçək ab-hava yaradacaq. Bu muzeylərin içində həmin rayonların işğaldan azad edilməsi uğrunda şəhid olmuş oğullarımızın adları olan lövhələr quraşdırmaq olar.

    Bu cür muzeylərin bütün rayonlarda olmasını vacib sayan B.Quliyev bildirib ki, Xocalı şəhərində hətta Xocalı faciəsini əks etdirən bir muzey mütləq yaradılmalıdır.

    Muzeylərin təşkilinin ikinci istiqaməti barədə danışan alim deyib ki, 90 faizi və ya tamamilə salamat qalmış tarixi abidələr müəyyən olunmalı, onların əksik yönləri tamamlanmalı və inventarlaşdırılıb muzey halına gətirilməlidir. Azıx mağarasında Qobustandakına bənzər və daha real olan muzey yaradıla bilər. Dini abidələr də qeydiyyata alınıb, muzey halına gətirilməlidir. Bu prosesdə ilk olaraq abidə komplekslərinə üstünlük verilməlidir. Üçüncü istiqamət isə son mərhələdir. İnfrastruktur yaradılmış rayonlarda muzey binalarının tikilməsi və dağıdılmış abidələrin bərpa olunmasıdır.

  • Beş ay sonra Çində koronavirusa ən yüksək yoluxma qeydə alındı: Hərbi vəziyyət elan edildi

    Çinin Şitszyaçjuan şəhərində koronavirusa 120 yeni yoluxmanın qeydə alınmasından sonra ümumi karantin və hərbi vəziyyət tətbiq edilib.

    Bu barədə “Ren TV” məlumat yayıb.

    Bu, ölkədə son beş ayda ən yüksək yoluxma hesab olunub. Şəhərdə məktəblər bağlanıb, poçt çatdırılmaları dayandırılıb.

    Yoluxmanın artımının “Britaniya ştammı” ilə əlaqəli olduğu bildirilir.

  • Азербайджанская нефть незначительно подешевела

    Азербайджанская нефть марки Azeri Light незначительно подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 0,05%, или на 0,03 доллара за баррель – до 54,7 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin bu günə olan qiyməti

    Azərbaycan neftinin qiymətində cüzi azalma müşahidə olunub.

    “Azeri Light” markalı neftin bir bareli 0,05 faiz və ya 0,03 ABŞ dolları qədər ucuzlaşıb.

    Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 54,70 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum – 149,66 dollara satılıb.

    Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar dünya bazarında neft qiymətlərinin 5 faizə qədər artmasına səbəb olmuşdu.

  • Kriştianu Ronaldu 2020-də penaltidən ən çox fərqlənən futbolçu oldu

    2020-ci ildə Avropanın ən güclü beş çempionatında 11 metrlik cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçular açıqlanıb.

    Bu barədə Transfermarkt.de portalı araşdırma aparıb.

    Siyahıda ilk pilləni “Yuventus”un hücumçusu Kriştianu Ronaldu tutub. Portuqaliyalı penaltidən 17 qol vurub. İkinci pillədə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş (15 qol), üçüncü pillədə isə “Latsio”dan Çiro İmmobile (14 qol) qərarlaşıb.

    Növbəti pillədə isə bu futbolçular qərarlaşıb:

    4. Romelu Lukaku (“İnter”) — 10;

    5-9. Andrey Kramariç (“Hoffenhaym”) — 9;

    5-9. Jordan Beretu (“Roma”) — 9;

    5-9. Neymar (PSJ) — 9;

    5-9. Lukas Okampos (“Sevilya”) — 9;

    5-9. Lionel Messi (“Barselona”) — 9;

    10. Məhəmməd Salah (“Liverpul”) — 8.

  • Bakıda sərnişin daşıyıcılarına XƏBƏRDARLIQ

    Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara yanacağın qiymətinin artımı ilə əlaqədar sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüşü zamanı deyib.

    O bildirib ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir:

    “Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 faizi yenilənib. Dizel yanacağının qiymət artımı ilə bağlı daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub”.

    Görüş zamanı dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən, problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

  • “Avroviziya-2021” üçün mahnı qəbulu elan edilib

    “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

    İctimai Televiziya və Radio Yayımları Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

    Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

    Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

    Qeyd edək ki, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.

    Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.

  • Türkiyənin XİN başçısı: “Bundan sonra da addımlarımızı Azərbaycanla birgə dəyərləndirəcəyik” – VİDEO

    Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    “HaberGlobal”ın məlumatına görə, M.Çavuşoğluna Qarabağda Rusiya-Türkiyə rəqabəti və atəşkəsə nəzarət üzrə birgə fəaliyyət istiqaməti sahəsində anlaşmanın olub-olmadığı barədə sual ünvanlanıb.

    M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanı yalnız bir millət iki dövlət olduğu üçün deyil, ilk növbədə Azərbyacanın beynəlxalq qanunlar çərçivəsində haqlı olduğu üçün dəstəkləyib.

    Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirdi və hazırda bölgədə ataşkəs mövcuddur:

    “Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”, – deyə M.Çavuşoğlu qeyd edib.

    Türkiyəli nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində üç dəfə atəşkəs elan edilməsinə rəğmən, Ermənistan hər dəfə bu atəşkəsi pozub.

    “Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”, – deyə M.Çavuşoğlu bildirib.

  • Dünyada son bir gündə 14 minə yaxın şəxs virusdan ölüb

    Dünyada COVID-19-a yoluxanların sayı 85,92 milyon nəfəri ötüb

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 85 929 428 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 876 100 insan ölüb.

    Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 735 944 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 13 968 pasiyent təhlükəli infeksiyadan ölüb.

    Son 24 saat ərzində infeksiyaya yoluxanların 47 faizindan çoxu Şimali və Cənubi Amerikada (348 951), daha sonra Avropada (288 030), ardından isə Cənub-Şərqi Asiyada (32 068) qeydə alınıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.