Month: January 2021

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı – FOTO

    Azərbaycanda son sutkada koronavirusa 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 229 358 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib, aktiv xəstə sayı 5142 nəfərdir.

    Ölkədə son sutka ərzində 7807, hazırkı dövrədək isə 2 372 616 test aparılıb.

  • Qanunsuz ov edənlərdən 100-dən artıq silah götürülüb – AÇIQLAMA

    “Azərbaycanda səkkiz ovçuluq təsərrüfatı var ki, orada qanunla müəyyən olunan qaydalar çərçivəsində ovçuluq etmək olar”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

    Onun sözlərinə görə, təyin olunan miqdardan artıq ov etmək hansısa heyvan növünün nəslinin tükənməsi deməkdir:

    “Xüsusi mühafizə olunan təbiət ərazilərdə isə qanunsuz ov edənlər barədə 31 protokol, 27 akt tərtib olunub

    Milli Parklar, qoruq ərazilərində qanun pozuntusuna yol verən şəxslərdən 13 odlu silah götürülüb. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yerli regional idarələrdə isə 98 protokol, 95 akt və 95 silah götürülüb”.

  • Lavrov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır”

    Moskva və Tehran qarşılıqlı şəkildə bir sıra regional məsələlər, o cümlədən də Qarabağdakı vəziyyətlə bağlı dialoqu dərinləşdirməkdə maraqlıdırlar.

    TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlara başlayarkən bəyan edib.

    Rusiya XİN-in rəhbəri bildirib ki, təmsil etdikləri ölkələrin bölgədəki rolunu nəzərə alaraq, Fars körfəzində təhlükəsizlik, Əfqanıstan probleminin tənzimlənməsi kimi məsələlər üzrə ikitərəfli dialoqu dərinləşdirməkdə hər iki tərəf maraqlıdır və əlbəttə ki, dialoq zamanı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmanın əldə olunmasından sonra bölgədə yaranmış vəziyyət də müzakirə oluna bilər.

    “Həmçinin Suriya, Yəmən və Fələstin, eləcə də digər Yaxın Şərq münaqişələri ətrafında iranlı həmkarlarımızla apardığımız fikir mübadiləsi bizim üçün böyük maraq doğurur”, – deyə Lavrov bildirib.

  • Молодой человек выбросился с 7-го этажа высотки в Баку – ФОТО/ВИДЕО

    В Баку произошло еще одно самоубийство.

    Информация об этом распространилась в социальных сетях.

    По предварительным данным, молодой человек, личность которого пока не установлена, бросился с седьмого этажа высотного здания.

    Причина самоубийства неизвестна.

    По данному факту проводится расследование.

  • Bakıda oğlan özünü hündürmərtəbəli binadan atdı – FOTO/VİDEO

    Bakıda daha bir intihar hadisəsi baş verib.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    İlkin məlumata görə, kimliyi bəlli olmayan gənc oğlan özünü hündürmərtəbəli binanın yeddinci mərtəbəsindən atıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan vətəndaşlarını qanunsuz olaraq Avropaya aparan şəxslər tutuldu

    Almaniya Federal Kriminal Polisinin Avropa Polis Təşkilatı (Europol) ilə keçirdiyi birgə əməliyyat nəticəsində müxtəlif ölkələrdən şəxsləri qanunsuz olaraq Avropa ölkələrinə gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar.

    “Report”un məlumatına görə, 21-44 yaşlı Livan, Suriya və Liviya vətəndaşlarından ibarət 7 nəfərlik dəstə üzvləri 2019-cu ildən bəri avtobus, yük maşını və qayıqlarla 140-dan çox sığınacaq axtaranı pul qarşılığında qanunsuz olaraq Avropaya gətirib. Qanunsuz olaraq Avropaya gətirilənlər əsasən, Əfqanıstan, Pakistan, İran, Azərbaycan, Ermənistan və Monqolustan vətəndaşları olublar.

    Saxlanılan dəstə üzvlərinin evlərində aparılan axtarış zamanı sığınacaq axtaranlara aid pasport, şəxsiyyət vəsiqəsi, müxtəlif dövlət qurumlarına aid sənədlər, foto və video məlumatların olduğu xarici yaddaş qurğuları götürülüb.

    Dəstə üzvlərinin polisdə ilkin ifadəsi zamanı məlum olub ki, onlar Türkiyə və Yunanıstana qədər sığınacaq axtaranları avtobus, yük maşını və qayıqlarla, daha sonra isə piyada Avropa Birliyi ölkələrinə gətiriblər.

    Saxlanılan şəxslərin ifadəsinə əsasən “Europol” dəstə başçısını Avstriyada saxlayıb.

    Faktla bağlı əməliyyat istintaq-tədbirləri davam etdiyindən başqa məlumat verilməyib.

  • Prezident Ramin Quluzadənin fəaliyyətini qiymətləndirdi

    Prezident İlham Əliyev bu gün vəzifəsindən azad edilən Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimi fəaliyyətini qiymətləndirib.

    Dövlət başçısı bununla bağlı Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman danışıb:

    “Ona görə sizin nazirliyinizin üzərinə böyük funksiyalar düşür. Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız”.

  • İlham Əliyev: “Yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir”

    Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir.

    Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub.

    Buna baxmayaraq, biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik.”.

  • Prezident: “Dövlət şirkətləri göstərişlərimi axıra qədər icra etməlidirlər”

    Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər.

    Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir.

    Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq”.

    Dövlət başçısı əlavə edib ki, kadr hazırlığı xüsusi yer tutur:

    “Hesab edirəm ki, hazırda bu sahədə kifayət qədər peşəkar kadr potensialı yaranmışdır. Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir. Hesab edirəm ki, sizin nazirliyiniz bu sahədə – təhsillə bağlı müvafiq ali məktəblərlə də sıx təmasda olmalıdır. Kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Ancaq belə olan halda, biz istədiyimizə nail ola bilərik”.

  • İlham Əliyev peyklərimizin Vətən müharibəsindəki rolundan DANIŞDI

    Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi. Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır.

    Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

    “Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər. Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.

    Müharibədən sonra – hazırda bizim bərpa işləri ilə bağlı planlarımız üçün də peyklərin çox böyük əhəmiyyəti var. Sizin mənə təqdim etdiyiniz məlumatlar əsasında biz indi daha böyük səmərə ilə minatəmizləmə işləri görürük. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır”.