Month: January 2021

  • Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının yanvarın 25-də təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

    Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü olublar.

  • Azərbaycanda rüşvət alan xəstəxana direktorunun tutulma görüntüləri – VİDEO

    Uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılma görüntüləri yayılıb.

    Görüntüləri Azərbaycan Televiziyası yayıb.

    Videoda C.Nəzərovun saxlanılmasının əməliyyat görüntüləri öz əksini tapıb.

    Görüntülərdə həmçinin C.Nəzərovun xidməti otağında aparılan axtarışlar zamanı aşkar olunan sübutlar təqdim edilib.

    Həmin görüntüləri təqdim edirik:

  • İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirir:

    – 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər:

    – yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

  • Neyrocərrahiyyə Xəstəxanasında qadın özünü niyə atdı? – TƏBİB-dən açıqlama

    Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan qadın intihara cəhd edib.

    Məsələnin təfərrüatını öyrənmək üçün Bizim.Media Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

    Qurumun mətbuat kiatibi Elnarə Baxışlı bildirib ki, bu haqda araşdırma aparılır. Araşdırmanın nəticəsi tezliklə ictimaiyyətə açıqlanacaq.

    Qeyd edək ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin eyvanından atıb. Qadının vəziyyəti ağırdır.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Rəmişin son halı – FOTO

    Uzun müddətdir səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) yeni görüntüsü yayılıb.

    Xalq artisti Fatma Mahmudova Rafiq Hüseynovu ziyarət edərək onunla şəkil çəkdirib.

    O, Rəmişlə birgə şəklini “İnstagram” profilində paylaşaraq, böyük sənətkarımız Rəmişə baş çəkdik. Allahdan şəfa diləyirəm qeydini yazıb.

    Qeyd edək ki, Rəmişin həkimi onda qaraciyər transplantasiyasının həyata keçiriləcəyini açıqlamışdı.

  • Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb – RƏSMİ

    Uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə Cəlil Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilməsi müqabilində onlardan tələb etdiyi cəmi 4500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə Cəlil Nəzərovun Masallı rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb.

    Qeyd edilən faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlarla Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

    Hazırda C.Nəzərovun rəhbərlik etdiyi Masallı rayon Mərkəzi Xəstəxanasının işçi heyətinin məvacib kartlarını özündə saxlamaqla onların əmək haqlarının, habelə rəhbərlik etdiyi Xəstəxanaya dövlət tərəfindən ayrılmış dərman preparatları və tibbi avadanlıqların mənimsənilməsi ilə bağlı faktların araşdırılması, eləcə də, təqsirləndirilən şəxsin digər qanunsuz hərəkətlərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sökülən “Qarabağ” mehmanxanası – VİDEO

    Sovet dövründə ölkəmizdə ən məşhur tikililərdən biri, hətta dünyada memarlıq üslubuna görə tarixə düşən – “Qarabağ” mehmanxanasının taleyi də elə 1990-cı illərin əvvəlində Qarabağ kimi gətirmədi.

    Bakının ən diqqətçəkən yerində inşa olunan mehmanxananın əsası 1974-cü ildə qoyulub. 2000-ci illərin əvvəllərində bina tamamilə söküldü və bu ərazi pullu dayanacaq kimi fəaliyyət göstərdi. Bir vaxtlar paytaxtın hündür hissəsində yerləşən mehmanxananın yerində indi tikinti materialları satılır.

    Qeyd edək ki, “Qarabağ” mehmanxanası 1978-ci ildə Nyu-Yorkda nəşr edilən “Dünyanın Memarlıq Ensiklopediyasına” daxil olub. Bir zamanlar unikal memarlıq nümunəsi hesab olunan binanın layihəsi 1979-ci ildə “Le Korbyuze” mükafatını alıb.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub – RƏSMİ

    2020-ci il ərzində prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171 628 342 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub.

    Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

    Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. 62 milyon 436 min manat məbləğində ziyanın ödənilməsi təmin edilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

    2020-ci il ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə baş idarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Digərləri üzrə təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

  • Şuşanın Mamay məhəlləsindəki məscid və bulaq erməni vandalizminə məruz qalıb – FOTO

    Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

    AZƏRTAC xəbər verir ki, qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Digər qədim məhəllələrdə olduğu kimi, Mamay məhəlləsindəki tarixi-memarlıq nümunəsi olan tikililər də erməni vandalizminə məruz qalıb.

    Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar.

    Mamay məhəlləsindəki bulaq da erməni vandalizminə məruz qalan tikililərdəndir. Vaxtilə bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər.

    Qeyd edək ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal altında saxladığı ərazilərdə də bu mülkiyyətin formasının dəyişdirilməsinin, bir yerdən başqa yerə köçürülməsinin, oğurlanmasının yolverilməz olduğu qeyd olunur.




  • Vətən müharibəsi ilə bağlı 21 şəxs barəsində axtarış elan edildi

    27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının dörd vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib.

    Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

    Eyni zamanda, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib. 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

    İclasda bildirilib ki, erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.