Month: January 2021

  • Cəlilabadda kişi arvadını yatdığı yerdə qətlə yetirib

    Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

    Belə ki, rayon sakini Qədirağa Mirzəyev həyat yoldaşı Yəmən Mirzəyevanı yatdığı yerdə armaturla qətlə yetirib.

    Q.Mirzəyevin ruhi xəstə olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Afət Fərmanqızı: “Nəsimidən oxudum maşın aldım, Nizamidən də oxuyub təyyarə alacam” – VİDEO

    “Nəsimidən oxudum maşın aldım, Nizamidən də oxuyub təyyarə alacam. Bir misrasını desəm, müğənnilərin hamısı təyyarəmi oğurlayarlar”.

    Bu sözləri ARB TV-nin “Heç vaxt Heç yerdə” verlişinin qonağı müğənni Afət Fərmanqızı deyib.

    Müğənni efirdə maraqlı açıqlamalar da verib.

  • İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər – VİDEO

    Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial şəbəkələrdə tez tez rast gəlmək olur. Hətta zəng edərək maraqlanan şəxslərə “siz gəlin, biz xidmətlərimiz barədə məlumat verərik”, – deyirlər.

    Özəl obyektlərə Milli Qəhrəman General Polad Həşimovun adının qeyri qanuni verilməsi, ailəsinin narazılığı ilə qarşılanıb.

    Məktəbəqədər tədris müəssisəsi bir neçə dəfə fəaliyyətlərini dayandıracağını desə də, buna əməl etməyiblər. Ailəsi generalın adının hara, necə gəldi verilməsinə narazıdır.

    Generalın bacısı Kəmalə Həşimova deyir ki, qardaşının adına açılan uşaq bağçasına sosial şəbəkələrdə bir neçə dəfə rast gəlib. Özü həmin bağçalardan biri ilə əlaqədə saxlayıb. İşbazların generalın bacısına verdiyi cavab heç də ürəkaçan olmayıb…

    Ətraflı Baku TV-nin süjetində:

  • İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib – FOTO

    Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransı öz işinə başlayıb.

    Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sayca 13-cü olan bu mötəbər tədbir Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biridir. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan konfransda bu il Azərbaycan da daxil olmaqla 72 ölkədən nümayəndə qatılıb.

    Konfrans Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu “Pandemiya və iqlim dəyişikliyi dövründə dünyanın qidaya olan tələbatını necə ödəmək olar?” şüarı altında keçirilib. 13-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransının “Gələcək pandemiyaların qarşısının alınması” virtual sessiyasında çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVİD-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. İnam Kərimov əlavə edib ki, Azərbaycan höküməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb. Nəticədə 2020-ci ildə kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb.

    Konfransda pandemiya riskləri ilə mübarizə tədbirləri əsas müzakirə mövzusu olub. Qeyd olunub ki, pandemiyanın mənfi təsirlərinin və zoonoz xəstəliklərin qarşısının alınmasında erkən aşkarlama, düzgün qiymətləndirmə və təsirli mübarizə tədbirlərinin birləşdirilməsi mühüm amillərdən sayılır. Vurğulanıb ki, keyfiyyətli baytarlıq xidmətləri vasitəsilə heyvan sağlamlığının qorunması, müasir laboratoriyaların yaradılması, biotəhlükəsizlik qaydalarına riayət etməklə sağlam qida istehsalı zoonoz xəstəliklərin idarə edilməsi və gələcəkdə pandemiya risklərinin azaldılması üçün ən faydalı tədbirlərdəndir.

    Tədbir iştirakçıları qlobal pandemiya dövründə rəqəmsal transformasiyanın əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Milli kənd təsərrüfatı sisteminin rəqəmsallaşdırılması nəticəsində fermerlərə virtual xidmətlərin göstərilməsinin pandemiyanın yayılmasının qarşısını almaqda xüsusi rol oynadığı qeyd olunub. Konfrans iştirakçıları insan, heyvan və ətraf mühitin sağlamlığı naminə tədbirləri özündə birləşdirən “Bir Sağlamlıq Təşəbbüsü”nün tətbiqini yüksək qiymətləndirdiklərini bəyan ediblər. Məruzəçilər pandemiyaların qarşısının alınmasında regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu xüsusi vurğulayıblar.

    Konfransın yekun bəyannaməsində 3 mühüm qlobal problemin kollektiv şəkildə həllinə kömək göstərmək barədə çağırışlar yer alıb. Bu çağırışlarda COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri, gələcək pandemiyaların qarşısının alınması və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində birgə fəaliyyətin vacibliyi öz əksini tapıb.

  • Ötən il ARDNF-nin aktivlərinin həcmində artım baş verib – HESABAT

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci il üzrə gəlir və xərclərinə dair məlumat yayıb.

    Bu barədə Oxu.Az-a ARDNF-dən məlumat verilib.

    Bildirilib ki, 2020-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 9 360,8 milyon manat, büdcə xərcləri isə 12 425,3 milyon manat təşkil edib.

    2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 382,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 587,3 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,7 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat təşkil edib.

    Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 978,6 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 21,1%-ni təşkil edir.

    Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 473,9 milyon manat təşkil edib.

    Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 200,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.

    Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilib.

    2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21,2 milyon manat təşkil edib.

    2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,56% artaraq 43 564,3 milyon ABŞ dollarına bərabər olub.

    Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq, vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş verib.

    Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil edib.

  • Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı AÇIQLAMA

    Maliyyə Nazirliyi bəzi mətbuat orqanlarda və sosial şəbəkələrdə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair dərc olunanlarla münasibət bildirib.

    Qurumdan “Report”a verilən açıqlamada deyilir ki, hərbi qulluqçuların pul və maddi təminatı “Hərbi qulluqçuların statusu haqqında” qanun əsasında həyata keçirillir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, “döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”.

    Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu və digər silahlı birləşmələr tərəfindən 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində Ermənistan üzərində qazanılan parlaq qələbə ilə işğalçı ölkə kapitulyasiya aktına imza atmağa və 30 ilə yaxın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarını tərk etməyə məcbur edildi.

    Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb. Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq təxris edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb.

    Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.

    Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələr həyata keçirməyə başlayıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdrilməsi həyata keçirilir.

    Bununla yanaşı qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.

    Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nomrəli qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrə qədər olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur.

    Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.

    Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir.

  • Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən daha bir nəfər saxlanılıb – VİDEO

    Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir nəfər saxlanılıb.

    Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.

    Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub.

    Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

    Saxlanılan C.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

    Şirvan şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

  • Dünyaca məşhur fotoqraf daha bir erməni vəhşiliyini nümayiş etdirdi – FOTO

    Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdamda növbəti erməni vəhşiliyini nümayiş etdirib.

    Bu barədə fotoqraf “Twitter” hesabında yazıb.

    “Qarabağ xanı və Şuşanın əsasını qoyan Pənahəli xan Cavanşirin sarayı gözəl muzey və mədəniyyət kompleksi idi. 30 illik işğal ərzində Ağdamı zəbt edən erməni qoşunları tərəfindən tövlə kimi istifadə olunub”, – deyə fotoqraf qeyd edib.

  • Parlamentdə yeni işçi qrupları yaradılacaq

    Milli Məclisin yaz sessiyasında Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının icrası ilə əlaqədar işçi qrupların yaradılması nəzərdə tutulur.

    Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili məlumat verib.

    Aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin keçirilməsi ilə bağlı bir sıra tədbirlər də planlaşdırılır.

    Həmçinin “Lombardlar haqqında”, “Turizm haqqında” layihələrinin müzakirəsi nəzərdə tutulub.

  • Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı

    “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

    Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub.

    Bu baxımdan Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlib.

    Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi – tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

    “Mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib. Ali təhsil haqqında məsələlər “Təhsil haqqında” Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapmışdır. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda “Ali təhsil haqqında” qanun hazırlanır. “Əvvəllər belə bir qanun olmayıb”,-deyə spiker qeyd edib.

    Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi Qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, işçi qrupunun ilk iclasıdır: “Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır. Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq.

    Sonra videokonfransda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir:

    “Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır”.

    Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. E.Əmrullayev təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib. Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb.

    Onlayn videokonfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri – İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

    Səslənən təkliflər əsasında “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanacaq və işçi qrupunun növbəti iclasında geniş müzakirə olunacaq.