Month: February 2021

  • Vilayət Eyvazov polis polkovnikinə yeni vəzifə verdi

    Binəqədi Rayon Polis İdarəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub.

    Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Fuad Əliyev təyinat alıb.

    Qeyd edək ki, o, bu təyinatadək DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində rəis müavini vəzifəsində çalışıb.

  • Soyuq havada spirtli içkilərin qəbulu ziyandır – SƏBƏB

    “Soyuq havada insanlar qəbul etdikləri qidalara normal hava şəraiti ilə müqayisədə xüsusi diqqət yetirməlidir. Bol zülallı qidalara, meyvəyə üstünlük vermək olduqca əhəmiyyətlidir”.

    Median.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında terapevt Rasif Bağırov deyib. Həkim qeyd edib ki, sözügedən qidalar bədənin enerji potensialını çoxaldır:

    “Nəticədə xəstəliklərə qarşı müqavimət qabiliyyəti artır. Təbii ki, xəstələnmənin qarşısını tək qidalarla almaq olmaz. Soyuqdan qorunmaq da əsas şərtlərdən biridir, belə havalarda isti geyinmək önəmlidir”.

    İçkilərə gəldikdə isə həmsöhbətimiz soyuq havada spirtli içki qəbul edilməsinin tərəfdarı olmadığını vurğulayıb:

    “Bəzi şəxslər soyuq havada spirtli içki qəbul edirlər, amma tibbdə qayda belədir ki, soyuq havada spirtli içkilərin qəbulu xəstələrə yaxşı təsir göstərmir. Çünki spirtli içkilərin qəbulu temperaturun tənzimlənməsini kəskin şəkildə pozur, nəticədə insan bədənində damarların genişlənməsi baş verir. Şaxtalı havada spirtli içkilərdən istifadə xəstənin daha tez donmasına gətirib çıxarır.

    Rasif Bağırov soyuq havanın virusu öldürmədiyini də diqqətə çatdırıb:

    “Sadəcə virusun fəaliyyətini müəyyən qədər dayandıra bilir. Amma hava şəraiti düzələn kimi o, yenidən aktivləşir. Virus insanın ağız boşluğunda, tənəfüs yolunda, mədə-bağırsaq sistemində oturur, bədənin müqavimət qabiliyyəti azca aşağı düşən kimi virus olduğu yerdə inkişaf edir. Məsələn, adicə vərəm çöplərini yuxarı tənəffüs yollarında axtardıqda həmişə tapmaq olar. Amma zəif formada olurlar, iş qabiliyyətləri olmur. Sadəcə əlverişli mühitə düşəndə vərəm prosesi inkişaf etməyə başlayır”.

  • Pandemiya ən çox bu sahəyə ziyan vurub

    COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycanda ümumi yükdaşımaların 2020-ci ildə 2019-cu illə müqayisədə 19,8% azalmasının ölkə üzrə iqtisadi artıma təsiri Eviews-10 proqram paketində qiymətləndirilib.

    Trend-in məlumatına görə, AMEA İqtisadiyyat İnstitunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarov bildirib ki, Azərbaycan üzrə vahid nəqliyyat sisteminə daxil olan bütün nəqliyyat növləri üzrə yükdaşımaların dinamikası statistik mənbələr əsasında təhlil olunub.

    Tədqiqat nəticəsində müəyyən edilib ki, vahid nəqliyyat sistemi üzrə pandemiya hesabına dəymiş ziyan ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalarda müşahidə edilib. Dəniz nəqliyyatı və hava nəqliyyatı üzrə yükdaşımalar isə 2020-ci ilin 2-ci yarısından başlayaraq artdığından həmin sahələrdə yükdaşımaların həcmində 2020-ci il üzrə artım müşahidə olunub.

  • Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyuldu

    Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi üçün binalar tikən “KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə istintaq davam edir.

    Səkkiz aya yaxındır davam edən ibtidai istintaqın yaxın günlərdə bitməsi və işin araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.

    E.Ələkbərovun həyat yoldaşı Olqa Ələkbərova bildirib ki, istintaq çərçivəsində dəyən zərərə görə ərinin, özünün, övladlarının və onun anası Lidiya Deqtyarevanın adına olan mənzillərin üzərinə də həbs qoyulub.

    O.Ələkbərova özünün və anasının adına olan, hazırda yaşadıqları evlərin üzərinə qoyulan həbsin götürülməsi üçün bir neçə dəfə məhkəməyə müraciət edib.

    Belə ki, birinci dəfə iki mənzilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulub. Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı ləğv edib.

    Bundan sonra istintaq orqanı yenidən məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsi yenidən eyni mənzillərin üzərinə həbs qoyub. İkinci dəfə isə Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.

    Qeyd edək ki, Azərbaycanda bizneslə məşğul olan Litva vətəndaşı Povilas Pociusa “KAT Holdinq”lə müqavilə imzalayaraq 3 milyon 26 min manat ödəniş edib və əvəzində holdinqin 50 faizi payına sahiblik edib.

    “KAT Holdinq”lə Povilas Pociusa arasında inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin veriləcəyinə dair müqavilə imzalanıb, həmçinin, şirkətin balansında olan zavod da girov qoyulub. Beləliklə, 3 milyon yatırımın əvəzində təxminən 10 milyonluq mülk girov qoyulub.

    Bir müddət sonra Povilas Pociusa pulunu geri tələb edib və polisə şikayət ünvanlayıb. Ötən il Xətai RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılsa da, istintaq zamanı bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinə xitam verilib.

    Litva vətəndaşı Povilas Pociusa bu dəfə prokurorluğa şikayət edib. Korrupsiyaya qarşı Mübarizə İdarəsində Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və o həbs edilib.

    “KAT Holdinq” MİDA-nın Yasamal kompleksində 3 bina tikib, razılığa görə, tikdiyi binalardan ikisi şirkətdə qalıb, satışı da onlar özləri həyata keçirib. Həmin iki binanın tikintisi yekunlaşmadığı üçün mənzil sahibləri MİDA-ya və mətbuata müraciət ediblər. Məlum olub ki, narazılıq olan binalar kompleksin ərazisində olsa da, MİDA-ya aid deyil.

  • Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

    Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, fevral ayı üzrə bütün növ müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

    Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

    Fevral ayı üzrə 550 min nəfərə yaxın vətəndaşa müavinət, təqaüd və kompensasiya ödənilib.

  • 29 il sonra Laçında: Valideynlərimə Laçın suyu aparacağam (VİDEO)

    Baku TV əməkdaşları Alban-Udi xristian icmasının nümayəndələri və 30 il əvvəl öz yurd-yuvalarından didərgin düşmüş Laçın sakinləri ilə birlikdə Laçın rayonunda yerləşən Ağoğlan monstrına yollanıb.

    Yeddi yaşında Laçını təkr etməyə məcbur olan Müşfiq İsmayılov bildirib ki, Laçından çıxan gündən ən böyük arzusu öz kəndlərinə qayıtmaq olub.

    29 il müddətində düşmən tapdağı altında qalan bu məbəd 44 günlük vətən müharibəsində ordumuz tərəfindən işğaldan azad edildi.

    Ermənilər evlərimizi dağıtdı, tarixi-dini abidələrimizi yerlə-yeksan etdi, növbə ekoloji terrora gəlib çatdı. Laçın rayonunda yerləşən hektarlarla meşələrdə ağaclar kəsilib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • COVID-19 antitellərinin hamiləlikdə körpəyə keçdiyi sübut edildi – ARAŞDIRMA

    “Weill Cornell” tibb universitetindən olan mütəxəssislər apardığı araşdırmada koronavirus testi nəticəsində körpələrdə aktiv virusun olmadığını, antitelləri plasenta vasitəsilə anadan köçürüldüyünü qeyd ediblər.

    Median.Az xəbər verir ki, “Science Daily”nin məlumatına görə, araşdırma Nyu-Yorkda koronavirus xəstələrinin çox olduğu xəstəxanalarının birində doğan 88 qadına aid qan nümunələri əsasında aparılıb.

    Belə ki, dünyaya gələn körpələrin 78 faizinin göbək kordonundan alınan qan nümunələrində antikor tapılıb.

    Çalışmaya qatılan qadınlarda, daha əvvəl kovid-19-a yoluxduqlarını göstərən antitellərə rastlanıb. Və bunların 58 faizinin asemptomatik olduğunu bildiriblər. Mütəxəssislər koronavirus testi nəticəsində körpələrdə virusun tapılmadığını, antitellərin anadan plasenta yolu ilə keçdiyini qeyd edirlər.

    Həmin araşdırma “Amerika Qadın Xəstəlikləri və Doğum (American Journal of Obstetrics and Gynecology) jurnalında yayımlandı. /medicina.az

  • Avropa Liqası: İlk 1/8 finalçı məlum oldu

    UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçlarına start verilib.

    İlk oyun günündə bir qarşılaşma keçirilib.

    “Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberq” komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Hesabı 11-ci dəqiqədə Dele Alli açıb. 50-ci və 83-cü dəqiqələrdə Karlos Vinisius, 73-cü dəqiqədə Qaret Beyl fərqlənib.

    Pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdən də London təmsilçisi üstün ayrılıb – 4:1. Bu səbəbdən, “Tottenhem” 1/8 finala vəsiqə qazanıb.

    Avropa Liqası

    1/16 final mərhələsi

    Cavab oyunu

    21:00. “Tottenhem” (İngiltərə) – “Volfsberq” (Avstriya) – 4:0

    Qollar: Dele Alli, 11. Karlos Vinisius, 50; 83. Qaret Beyl, 73

    İlk oyun – 4:1

    Qeyd edək ki, bu raundda digər cavab görüşləri fevralın 25-də oynanılacaq.

  • ABŞ erməni terrorunu əks etdirən sərgi təşkil olunub

    ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Arizona ştatının paytaxtı Finiks şəhərində sərgi təşkil edilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Arizona ştatının Kapitoli (Nümayəndələr Palatası) binası önündə – açıq səma altında gerçəkləşdirilən sərgidə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı, Azərbaycan və Türkiyə ərazilərində həyata keçirdikləri digər soyqırım və terror aktlarını, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin bombardman edilməsini əks etdirən fotomateriallar və kitablar nümayiş etdirilib.

    TASFO-nun rəhbəri Fatih Öznür sərgi ilə maraqlanan şəxslərə erməni terrorizmi, ermənilərin törətdikləri dəhşətli cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verib.

  • Qarlı havada yıxılmamaq üçün diqqətli olun – MƏSLƏHƏTLƏR

    Qarlı havada yıxılan insanların ən çox şikayət etdiyi problem yumşaq toxumanın zədələnməsi, baş-beyin travması, qol və qıçlarda müxtəlif cür sınıqların əmələ gəlməsilə bağlıdır.

    Median.Az turpkimi.com-a istinadən xəbər verir ki, mütəxəssislər qarlı, buzlu yollarda yıxılmadan hərəkət etmək üçün bəzi ipuclarına diqqət etməli olduğumuzu bildirir.

    Qarlı havada yaşlı insanlar mümkün olduqca bayıra çıxmamalıdırlar. Yıxılmaqdan qorunmaq üçün ən birinci ayaqqabılara ciddi fikir vermək lazımdır. Altında çıxıntıları olan, sürüşməyən, hündür olmayan ayaqqabı geyinmək lazımdır. Çölə çıxarkən isə əvvəlcə paltarlarımıza diqqət etməliyik.

    Yıxılarkən az zədə almaq üçün nə etməli?

    Ağırlığımızı yüngül önə verərək və dizlərimizi ehtiyatla qatlamalıyıq, əllərimizi ciblərimizə qoymadan kiçik addımlarla getməyə diqqət etməliyik. Bu, bizə sürüşdüyümüzdə tarazlığımızı daha asan təmin etməyi və əgər yıxılsaq daha az zədə almağımıza kömək edir.

    Yıxılarkən isə əllərimizi və qollarımızı açmaq yerinə yığmalı, omba və çiyinə güc verərərək özümüzü çox zədə almaqdan qorumalıyıq.

    Elə paltarlar geyməliyik ki, ətrafdan görünsün, sürücülər seçə bilsin. Ona görə də parlaq rəngli geyimə üstünlük vermək lazımdır. Qarın parlaq təsirindən, gözlərin qamaşmasından qorunmaq üçün isə günəş gözlüyündən istifadə etmək və ya göz altlarına tünd makiyaj çəkmək faydalı olacaq.

    Gözünüzü dörd açın…

    Gedərkən ətrafımızda baş verənlərdən xəbərdar olmalıyıq. Ona görə də qulaqcıqdan istifadə etməkdən qaçmaq lazımdır. Qarlı və buzlu yolda maşınlar da sürüşür. Onlardan da özümüzü qorumalıyıq. Səkilərdən istifadə edərkən diqqətli olmaq lazımdır.

    Xüsusilə əriyən su yığınları gecə donaraq səhərlər sürüşkən bir təbəqə yaradır. Binaların girişində diqqətli olmaq lazımdır. Ümumiyyətlə bina girişlərində və bina daxilində olan döşəmələr sürüşkən olur. Binaya girməzdən əvvəl ayaqqabıların altındakı qarı yerə çırpmaqla təmizləmək lazımdır. Nərdivanlardan düşəndə və qalxanda dəstəklərdən tutmalıyıq. Kənar, az gediş-gəliş olan yollardan ehtiyatla istifadə etmək lazımdır. Çünki ayaq qoyulmayan yerlər daha təhlükəli, sürüşkən ola bilər.

    Evlərin üstündə olan qar yığınlarının qəfildən düşməsinə də fikir verməliyik. Bir sözlə qarlı, şaxtalı havalarda çölə çıxarkən qulağımız səsdə, gözümüz yolda olmalıdır.