Month: February 2021

  • Soyuq havanın dərimizə təsiri – Qar üzü gözəlləşdirir

    Soyuq havanın bizim cildimizə təsiri dedikdə, ağlımıza ilk olaraq pis tərəfləri gəlir. Bu bir həqiqətdir.

    Dərimizi qurudur, qurudan dərimizi çatladır deyə soyuq havaları sevmirik. Ancaq heç bir mövsüm qış qədər dərimizi canlandırmır. Dərinizi yaxşı nəmləndirdiyiniz müddətdə soyuq havanın zərərdən çox faydası var. Maddələr mübadiləsini sürətləndirər. Yəni, ümumiyyətlə soyuq hava gözəlləşdirər.

    Median.Az soyuq havanın cildinizə olan xeyiri haqqında bəzi bilgiləri diqqətinizi çatdırır.

    Məsamələri sıxlaşdırar

    Soyuq hava insan dərisinə yaxşı təsir edir, üzdəki məsamələri sıxlaşdırır, qabarıqlığı azaldır. Ona görə də mütəxəssislər “Üzünüzü isti deyil, soyuq su ilə yuyun” deyə xəbərdarlıq edirlər. Unutmayın, soyuqda qalan hər şey büzüşər, istidə qalan hər şey yumşalar. Məsamələrimiz də belədir. Rus mütəxəssislərinə görə soyuq havanın “estetik” faydası da var.

    Serotonini artırır

    Qışda, soyuq havada alınan təmiz oksigen yaya nisbətən 30 faiz daha çoxdur. Qana daha çox oksigen gedəndə insanın zehni fəaliyyəti də artır. Alimlər qeyd edir ki, normal olaraq soyuq havaya çıxmaq “xoşbəxtlik sindromu” adlandırılan serotonin hormonunun ifrazını artırır. Xoşbəxtlik insanı gülmüsədər. Gülümsəmə isə ən gözəl makiyajdır.

    Qan damarları işləyir

    Bir çoxumuz soyuq havanın dərini qurutduğunu və büzüşdürdüyünü düşünürük. Lakin, 2010-cu ildə Harvardda aparılan bir araşdırmaya görə soyuq havalar damar sisteminin fəaliyyəti üçün çox yararlıdır. Çünki qan damarları işləyərək dəriyə qarşı həssas olmasını təmin edir. Əgər qış aylarında quru bir dəriyə sahibsinizsə üzünüzü hind qozu yağı ilə yuya bilərsiniz.

    Maddələr mübadiləsini sürətləndirir

    Düşünülənin tam əksinə müəyyən miqdarda soyuq havaya məruz qalmaq maddələr mübadiləsini sürətləndirərək kilo verməyə, arıqlamağa kömək olur. Bədən istiliyinin düşməsi piylənməyə səbəb olan ağ yağ toxuması hüceyrələrinin qəhvəyi rəngli yağ toxuması hüceyrələrinə çevrilməsini təmin edir.

    Lazer epilyasiyasının əsl zamanıdır

    Lazer epilyasiyasının payız, qış və ya yaz mövsümündə tətbiq olunması lazımdır. Çünki bu mövsümlərdə günəşin zərərli şüalarından qorunmaq mümkün olur.

    Döymə üçün uyğun mövsüm

    Əgər ömür boyu qalacaq döymənizin 10 günlük baxım müddətində çətinlik çəkəcəyinizi düşünürsünüzsə payız və qış ayları döymə etdirmək üçün ən doğru mövsümdür. Avropa və Amerikada döymə etdirmək üçün daha çox qış və payız ayları seçilir. Döyməyə qulluq edərkən buz tətbiqi də döymə boyasının dəri altında daha yaxşı yapışmasını təmin edər. Toxuma möhkəmləşərək içəridəki boyanı həbs edər və yayılmasına da mane olar.

    Qış tərəvəzləri arıqladır

    Qara kələm, ağ kələm, çuğundur, brokoli, kərəviz, ispanaq və pırasa kimi qış aylarında yetişən kök bitkilərinin kilo itkisində əhəmiyyətli rolu var. Bunun səbəbi kök bitkilərinin digər qidalarla nisbətdə ortalama iki dəfə daha çox liflə zəngin olmasıdır. Kök bitkiləri bəsləyici və bol miqdarda həll edilən liflə zəngin olduğundan həzm sistemini işlədib təmizləyir. Qandakı şəkər səviyyəsini tarazlayaraq toxluq hissi yaradır. /medicina.az

  • Pensiyaçılara MÜHÜM XƏBƏR: 1 iyuldan… – RƏSMİ

    Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

    Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyun ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.(azsabah.com)

  • Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Metronun “Qara Qarayev” stansıyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi

    Gürcüstanın hökumət administrasiyasının rəhbəri Kaxaber Kemoklidze istefa verib.

    Bu barədə o, feysbuk səhifəsində yazıb.

    K.Kemoklidze keçmiş baş nazir Giorgi Qaxariyaya minnətdarlıq edib, yeni baş nazir İrakli Qaribaşviliyə isə uğurlar diləyib.

    O, Gürcüstanın gücünün yalnız birlikdə olduğunu qeyd edib.

    “Mən müvəqqəti sağollaşıram. Yenidən görüşəcəyik!”, – Kaxaber Kemoklidze yazıb.

    Qeyd edək ki, K.Kemoklidze bu ilin 4 fevralında hökumət administrasiyasının rəhbəri təyin olunub.

  • “Telegram”da yeni funksiya istifadəyə verilib

    “Telegram” messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası, həmçinin qrup və kanallara dəvət etmək üçün müvəqqəti linklər əlçatan olub.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Telegram messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası, qrup və kanallara dəvət etmək üçün müvəqqəti linklər, həmçinin çatlara sürətli giriş üçün vidcetlər əlçatan olub. Bundan başqa, indi qruplarda iştirakçıların sayına məhdudiyyət yoxdur” – mesajda deyilir.

    Yeni funksiya göndərilmiş mesajın 24 saat və ya 7 gün sonra avtomatik silinməsini tənzimləməyə imkan verir. Bundan əvvəl mesajların avtomatik silinməsi funksiyası yalnız məxfi çatlarda əlçatan idi.

  • FHN vətəndaşlara müraciət etdi – VİDEO

    Dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Median.Az-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən köməksiz vəziyyətdə qalma, o cümlədən yolların buz bağlaması ilə əlaqədar baş verən avtonəqliyyat hadisələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilir.

    “Bir daha vətəndaşlara müraciət edərək piyada hərəkət edərkən və ya sükan arxasında ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq”, – deyə FHN-nin məlumatında bildirilir.

  • Güclü qarın şimal-qərb bölgəsində fəsadları – VİDEO

    Ölkənin hər yerində olduğu kimi, şimal-qərb bölgəsi də ağ örpəyə bürünüb. Dünən gecədən yağan qar əsasən avtomobil yollarına təsir edib.

    Axşam saatlarından yağan qar yolların buz bağlamasına səbəb olub.

    Qar Şamaxı şəhərinin daxili yollarında problem yaradıb. Səhər saatlarından etibarən sürücülər yolda qalıb.

    Şəhərin mərkəzi Nərimanov, Şirvani, Rəsulzadə küçələrində hərəkət çətinləşib. Bir neçə avtomobil sürüşərək yoldan çıxıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • “Neftçi” və “Zirə” öz aralarındakı oyuna itkilərlə çıxacaq

    “Neftçi” Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” ilə matçına itki ilə çıxacaq.

    Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin “Report”a verdiyi məlumata görə, “Qarabağ”la XV tur qarşılaşmasında (2:1) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılan müdafiəçi Ömər Buludovun sabahkı görüşdə iştirak etməyəcəyi dəqiqdir.

    Zədəsini yenicə sağaltmış yarımmüdafiəçi Samir Buqrinin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

    “Zirə”də isə cəzalı Dmitrios Çantakias, zədəlilər Filipe Paxtman və Ruslan Qurbanov oynamayacaq. Tural Bayramlının da bu matçda iştirak edib-etməyəcəyi bəlli deyil.

    Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da start götürəcək.

  • Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb

    5-18 fevral tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.

    Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

  • Aİ-nin terrorçu kimi tanıdığı “Sasna tsrer”in üzvlərinə hökm oxunub

    Yerevanın ümumi məhkəməsi fevralın 24-də “Sasna tsrer” silahlı qruplaşmanın üzvləri barəsində qərarını açıqlayıb.

    “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məhkəmə qruplaşmanı girov götürməkdə, qanunsuz silah saxlamaqda, girovları qətlə yetirməkdə təqsirli bilib.

    Qruplaşmanın üzvü Smbat Barseqyan iki polis əməkdaşını qətlə yetirdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib. Qalan üzvlər 7-10 il arasında müxtəlif müddətə həbslə cəzalandırılıblar.

    Xatırladaq ki, “Sasna tsrer” qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda post patrul xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yeqiazaryan da olub. Təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı qarşıdurma zamanı polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi.

    Bu hadisəyə görə “Yeni Ermənistan” İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Nikol Paşinyan hakimiyyətə gələndən sonra Sefilyan azadlığa buraxıldı. Avropa İttifaqı Ermənistanın “Sasna tsrer” silahlı qruplaşmasını terrorçu dəstə kimi tanıyır.