Month: February 2021

  • Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi – FOTO

    1923-cü ildə imzalanan Lozanna və 1947-ci ildə bağlanan Paris müqaviləsinə görə, Aralıq və Egey dənizlərində silahsız olmalı olan daha bir adanı Yunanıstan zəbt edib.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yunanlar son olaraq Limoniya adasına ordu qüvvələrini yeridib və burada Bizans və Yunanıstan bayrağı qaldırılıb.

    Beləliklə Yunanıstanın beynəlxalq razılaşmaları pozaraq zəbt etdiyi adaların sayı 20-yə çatıb.

    Qeyd edək ki, beynəlxalq sənədlərə görə Türkiyə sərhədində yerləşən 23 ada neytral olmalıdır və oraya hərbi qüvvə yerləşdirməklə bağlı heç bir dövlətin səlahiyyəti yoxdur.



  • Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb – FOTO

    Yaponiyanın “fnn.jp” portalı ermənilərin 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb.

    Reportajda protalın müxbirinin Azərbaycanın işğal altında olmuş şəhər və kəndlərində ermənilər tərəfindən törədilən vandalizm aktları barədə geniş məlumatı əksini tapıb.

    Reportajın əvvəlində münaqişənin tarixi barədə məlumat verən müxbir ötən ilin sentyabr–noyabr ayları ərzində davam etmiş müharibədən bəhs edir. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının dayandığı vurğulanır.

    Azad edilmiş şəhər və kəndlərdə ermənilərin bütün tikililəri dağıtdığı, evlərin qapı-pəncərələrini, damlarını sökərək apardığı, yaşayış və sosial obyektləri yandırdığı yapon tamaşaçılara təqdim olunur.

    Qeyd edilir ki, azad edilmiş ərazilərə gələn azərbaycanlılar burada yalnız dağıdılmış və yandırılmış yaşayış məskənləri ilə qarşılaşırlar. Ermənilər yalnız evləri yandırmaqla kifayətlənməyib, buradakı qiymətli ağacları da kəsib aparıblar. Həmçinin ermənilər tərəfindən basdırılmış minaların xəritələrinin Azərbaycan tərəfinə verilməməsi ərazidə hərəkətə ciddi təhlükə yaradır.

    Reportajda hazırda Ermənistanda baş verən hadisələrə də toxunulur, ölkədə siyasi sabitliyin hələ də gərgin qaldığı, hakimiyyət uğrunda mübarizənin qızışdığı qeyd edilir./ Azertac




  • Bakıda yoldan qız qaçıran şəxslərin işi- Özlərini təqsirli bilmirlər

    Bakıda adam oğurluğunda təqsirli bilinərək həbs edilən şəxslərin məhkəməsi davam etdirilir.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən Əsgər Mehdiyev, Zaur Aslanov və Elçin Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

    İşə hakim Fikrət Qəribovun sədrliyi ilə baxılır.

    Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilmirlər.

    Qeyd edək ki, hadisə ötən il martın 1-də Binəqədi şosesində qeydə alınıb. Adı çəkilən şəxslər 34 yaşlı Gülnarə Məmmədovanı zorla “Mercedes” markalı avtomobilə mindiriblər. Onlar qadını Ağdam rayonuna aparmağı planlaşdırıblar, lakin Dövlət Yol Polisinin Nəvahi postunda əməliyyatçılar tərəfindən tutulublar. Polis tərəfindən Ağdam rayon sakinləri 37 yaşlı Zaur Aslanov, 28 yaşlı Əsgər Mehdiyev və 33 yaşlı Elçin Quliyev saxlanılıb.

    Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham irəli sürülüb.

  • Azərbaycanda “EVDƏ QAL” karantin rejimi geri qayıdır? – AÇIQLAMA

    Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Belə ki, fevralın 26-da koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Yoluxmaların sayındakı artım bir çoxlarında karantin rejimində yenidən sərtləşmənin olması ehtimalını yaradır. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramında insanların bir-birinin evinə bayramlaşmağa getməsinin və kütləvi toplaşmanın qarşısını almaq üçün yenidən “evdə qal” karantin rejiminin tətbiq ediləcəyi ilə bağlıdır. Azərbaycanda Novruz bayramına qədər “evdə qal” karantin rejimi tətbiq edilə bilərmi?

    Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artma dinamikası ilə davam etsə, Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi ehtimalı böyükdür:

    “Artıq son bir neçə gündə yoluxanların sayı 220-yə çatıb. Yoluxanların sayındakı artım dinamikası davam etsə, “evdə qal” karantin rejiminə və “SMS-icazə” sisteminə geri qayıda bilərik. Son iki gündə yoluxma sayının çoxalması narahatedicidir. Yoluxma sayı artarsa, yenidən kafe və restoranlar bağalana bilər. Əllbəttə, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Onlar mövcud vəziyyəti analiz edərək, ona uyğun düzgün qərarı verəcəklər. Bundan əlavə, ölkməmizdə vaksinasiya da davam edir. Düşünürəm ki, hər şey insanların qaydalara məsuliyyətlə yanaşıb-yanaşmamasından asılı olacaq. Ümid edirəm ki, insanlar yumşalmalardan arxayın olmayacaqlar, çünki dünyada koronavirusun Britaniya ştammı da sürətlə yayılmaqdadır. Ona görə maskadan düzgün istifadə və qaydalara məsuliyyətlə yanaşmaq vacibdir”.

  • Səfirdən Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik – FOTO / VİDEO

    Dünən Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünyanın bir çox yerində anım tədbirləri keçirilib, faciə qurbanlarının xatirəsi yad edilib.

    Median.Az Dominant.az-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən isə Xocalı soyqırımı qurbanlarına qarşı hörmətsizlik edilib.

    Belə ki, Ukraynadakı Azərbaycan səfirliyinin binasının qarşısına Xocalı soyqırımı ilə bağlı ötən ilə aid tanıtım lövhəsi vurulub.

    Xocalı həqiqətlərini dünyaya çatdırılması məqsədilə xarici ölkələrdəki Azərbaycan səfirlikləri daha sanballı təbliğat işlərinə – tədbirlər, aksiyalar, yürüşlər keçirmək, filmlər nümayiş etdirmək və s. imza atmağa çalışarkən Ukraynadakı səfirliyimiz tərəfindən sadə bir poster hazırlatdırmağa belə, cəhd göstərilməyib. Heç olmazsa, köhnə posterdəki bir rəqəmi dəyişdirərək, tarixi 2021-ci il qeyd etməyiblər.



    Maraqlıdır, Ukraynadakı Azərbaycan səfirliyinin Xocalı qurbanlarına qarşı bu sayqısızlığı nədən qaynaqlanır?

    Olmaya, səfirlik rəsmiləri ciddi maliyyə sıxıntısı yaşadığından 26 fevralı köhnə posterlə “yola verməyə” çalışıblar?! Və ya hələ də Xocalıda baş verənlərin fərqinə varmadıqları, anım gününün qeyd olunmasının mahiyyətini anlamadıqları üçün köhnə posterə layiq görüblər?! Bəlkə də Ukraynadakı səfirliyimiz hələ 2020-ci ildədir?!

    Təbii ki, bu sualların cavabı olmayacaq, səfirlik nümayəndələri bu bağışlanmaz əməllərinə də hansısa formada “don geyindirəcəklər”. Ancaq bizi bir sual daima düşündürəcək, Azərbaycanın öz səfirliyi Xocalı soyqırımının qurbanlarına belə “hörmət” qoyursa, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün hansı işləri görə bilər?

    Ümid edirik ki, Xocalı faciəsinin qurbanlarını 2020-ci ildə hazırlanmış tanıtım lövhəsi ilə “yad edən” səfirlik rəsmiləri çox gec bu hörmətsizliyi aradan qaldıracaqlar.

  • Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

    2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınmaqla vaqon parkındakı müasir tipli vaqonların sayı 75-ə çatdırılıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, vaqonlarda yeraltı yolların ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Bütün vaqonlar dartı mühərriki, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, Bakının iqlim şəraitinə hesablanmış kondisioner və avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib.

    “Qlobal işlərdən biri də yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq olaraq ballastsız əsaslar üzərində qurulması, park yollarında taxta şpallar əvəzinə dəmir-beton şpallardan istifadə olunmasıdır. Yolların dəmir-beton blokları metronun öz istehsalat bazasında hazırlanır.

    Burada Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur.

    Sahə təkcə 2020-ci ilə 1198 dəmir-beton blok istehsal edib. Onlardan “Bənövşəyi” xəttin “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən-Avtovağzal” sahələrində olduğu kimi “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmiri işləri zamanı da istifadə olunub.

    Bir neçə ildir ki, “Nərimanov” elektrik deposunun park yollarında taxta şpalların dəmir-beton şpallarla əvəz edilməsi davam edir. İndiyə kimi depo yollarında 2000-dən artıq dəmir-beton şpal qoyulub”, – məlumatda qeyd olunub.

  • Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında

    Bakıda anasını öldürməyə cəhddə ittiham olunan Sənan Şahkərimov yenidən məhkəməyə müraciət edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, o, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.

    6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən S.Şahkərimovun təqdimatı Nizami Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

    İttihama görə, S.Şahkərimov anası K.Zalovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürmək istəyib. Belə ki, o, yaşadıqları binanın yanında anasının evə qayıtmasını gözləyib.

    S.Şahkərimov anasının binanın dəhlizində görən kimi ona yaxınlaşaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

    Zərbələr K.Zalovanın boyun, çiyin, burun, döş qəfəsi, qarın boşluğu, bel və digər nahiyələrinə dəyib. O, anasının qışqırdığını gördükədən sonra bıçağı yerə atıb və oradan qaçıb.

    S.Şahkərimov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Sumqayıt Apellyasiya Məhkəməsi onun barəsindəki hökmü qüvvədə saxlayıb, apellyasiya şikayətini təmin etməyib.

  • Bakıda tramvayların bərpası ilə bağlı işlər gedir – AÇIQLAMA

    Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.

    Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

    Onun sözlərinə görə, 2021‒2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində BNA qarşısında dayanan vəzifələr var:

    “2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir.

    Eyni zamanda velosiped sürənəri də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosdiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır. Təəssüf ki, bu gün velosiped infrastrukturu demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur”.

    M.Ağayev onu da əlavə edib ki, yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub:

    “İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq. Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bu işlər nəzərimizdə var”.

  • Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

    Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı,1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

    K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

    Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

    K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.

  • ATƏT PA-nın iclasında Ermənistanın təxribatları xatırladılıb

    Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günü çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.

    “Report”un məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə iclasda iştirak edərək müzakirə edilən mövzularla bağlı fikirlərini bildirib. Əminə xanım qeyd edib ki, ki, ümumilikdə, Azərbaycan bugünədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.

    Əminə xanım eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələrin, anti-terror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışdıqlarını, onların da 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarını bildirib.

    Həmkarlarına müraciət edərək millət vəkili məlumat verib ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan anti-terror əməliyyatları nəticəsində saxlanılıb.

    Əminə Ağazadə bildirib ki, ilkin dindirmə əsasında qrup üzvlərinin hamısının Ermənistan vətəndaşları olduqları, qrup üçtərəfli bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsdilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirildiyi məlum olub.

    Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar. Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.

    Millət vəkili bir daha vurğulayıb ki, üçtərəfli bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur.

    Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır.