Month: February 2021

  • Ötən gün səkkiz nəfər köməksiz qalıb – RƏSMİ

    Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 8 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

    Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

  • Gürcüstanın yeni baş naziri kim olacaq?

    Gürcüstanda Giorgi Qaxariyanın baş nazir postundan getməsi ilə bağlı gözlənilməz açıqlamasından sonra hakim “Gürcü arzusu” partiyasının üzvü İrakli Qaribaşvili hökumətə rəhbərlik edə bilər.

    “Sputnik Gürcüstan” xəbər verir ki, Qaribaşvili 2019-cu ildən Gürcüstanın müdafiə naziri vəzifəsini tutur.

    39 yaşlı Qaribaşvili ilk dəfə baş nazir postunu səkkiz il əvvəl tutub. Həmin vaxt, 2013-cü ildə o, Gürcüstanın ən gənc baş naziri və bütün Avropada ən cavan hökumət başçısı olub.

  • Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın oldu

    Nizami rayonunda yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 45 kvm olan otaqda ev əşyaları 8 kvm sahədə yanıb.

  • Bir gündə 363 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

    Dünyada COVID-19-a yoluxanların sayı 109, 59 milyon nəfəri ötüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 109 594 835 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 424 060 insan ölüb.

    Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 363 654 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 9 619 pasiyent təhlükəli infeksiyadan ölüb.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi

    Qatı millətçi mövqeyilə tanınan “Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edilib.

    Bu barədə “RİA Novosti” Latviya XİN rəhbəri Edqar Rinkeviçin sosial şəbəkələrdəki bəyanatına əsasən məlumat verib.

    Məlumata əsasən, jurnalist Latviya hökumətinin qərarından məhkəməyə şikayət etmək fikrindədir.

    “İndi düşünmək lazımdır ki, kimi məhkəməyə verəsən, kiminlə çəkişəsən”, – deyə Solovyov bildirib. Jurnalist onun verilişinin Latviyada yayımlanmadığını da qeyd edib.

  • Abazyan Azərbaycana gəlir: Nağıyevlə görüşəcək

    Ermənistan Milli Təhlükəsilik Xidmətinin rəhbəri Armen Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyev və Araik Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır.

    “Armen Abazyanın bu yaxınlarda Moskvaya səfəri zamanı razılaşdırdığı gizli görüş yaxın günlərdə, Suqovuşan yaxınlığında təmas xəttində baş tutacaq. Abazyan, Arutyunyan və Nağıyev infrastruktur məsələlərini, əslində isə “artsax”ın qalıqlarını Azərbaycana inteqrasiya etmək üçün addımları müzakirə etməyi planlaşdırırlar”, – Minasyan bildirib.

  • Bakıda qardaş bacısını bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonu 1-ci Mədən, korpus 43 ünvanında qeydə alınıb.

    1986-cı il təvəllüdlü Husayen Gülxanım Arif qızı bıçaq xəsarəti alıb. Bildirilir ki, hadisəni törədən onun qardaşı olub.

    Belə ki, oğul anasına bıçaq zərbəsi endirmək istəyən zaman H.Gülxanım araya girib və zərbə ona dəyib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Azərişıq”: Tarif Şurasına müraciət etməmişik

    “Elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

    Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

    T.Mustafayevin sözlərinə görə, “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif (qiymət) Şurasına müraciət etməyib.

    Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilirdi ki, Tarif (qiymət) Şurasnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olacaq.

    Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyri əhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.

  • İndoneziya parlamenti Xocalı ilə bağlı bəyanat yaydı

    İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bu qrupun adından bəyanat yayıb.

    Median.Az xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin soyqırımına məruz qaldığı, bu qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.

    Sənəddə qrup üzvləri Xocalı qətliamının insanlıq tarixinə böyük ləkə kimi düşdüyünü, bu soyqırımının təşkilinə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq səviyyədə cəzalandırılmalı olduğunu vurğulayıblar. Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilən Xocalı qətliamı qurbanlarının xatirəsinin qrup üzvləri tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, bu qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və bütün Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.

    Qrup üzvləri bir daha dünyanın heç bir yerində bəşəriyyət əleyhinə bu cür cinayətin törədilməməsi üçün Xocalıda həyatını itirən insanların yad olunduğunu, burada törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab etdiklərini bildiriblər. Həmçinin Xocalı qurbanlarının hər kəsə sülhün dəyərini xatırlatdığını qeyd ediblər.

    Bəyanatda, eyni zamanda, Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət kimi qiymətləndirilib. Ermənistana BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirərək, Azərbaycan ərazisində hələ də qalan hərbi dəstələri buradan çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtması üçün şərait yaratmasına çağırış edilib.//sfera.az

  • Tələbələrin NƏZƏRİNƏ: Magistraturaya qəbul vaxtı uzadıldı

    Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb.

    Oxu.az-ın məlumatına görə, sənəd qəbulu fevralın 19-u səhər saat 10-a kimi davam edəcək.

    Qeyd edək ki, əvvəlki vaxt fevralın 18-i saat 23:59-dək idi.

    Magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək.

    Bu imtahan üçün ikinci şansın iyun ayı ərzində verilməsi planlaşdırılır.