Month: March 2021

  • Bakıda məktəblərin bağlanması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA + FOTO

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində əyani tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yayılan xəbərlərin yalan olduğunu bildirib.

    “Yanlış məlumat yayanların yeni cəhdləri də əvvəlkilərdən fərqlənmir. Əsassız olaraq rəsmi atributlar fonunda saxta informasiya yayanlar çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar”, – idarə rəsmisi bildirib.

    Qeyd edək ki, BŞTİ-nin adından yayılan məlumatlarda aprelin 2-dən 14-dək koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblərdə əyani tədrisin dayandırılacağı və dərslərin distant formada davam etdiriləcəyi iddia edilib.

  • Gəncədə ŞOK OLAY: Ürəyi zəif olanlar BAXMASIN – VİDEO

    Aparıcı Yusif Ağayev sosial media hesabındakı paylaşımı ilə ürək dağlayıb.

    Median.Az metbuat.az-a istinadla xəbər verir ki, o “İnstagram” səhifəsində Gəncədə baş verən hadisənin videosunu yayımlayıb.

    Paylaşımına yazdığı şərhdən məlum olub ki, hadisə Yeni Gəncə, Firudin Sadıqov küçəsində səhər saat 6-7 radələrində qeydə alınıb.

    90 HS 369 dövlət nömrə nışanlı qazel markalı avtomobilin sahibi insanlığa sığmayan hərəkəti ilə sosial media izləyicilərinin qəzəbinə səbəb olub.

    Belə ki, o idarə etdiyi avtomobili ilə itin üzərindən keçir və bununla da özünə haqq qazandıraraq “onu kənara itələyirəm” deyir.

    Məlum hadisəni videoya çəkən qadın da ağlayaraq, həmin şəxsə qarğış edir.

    Sözügedən videonu təqdim edirik:

  • Daha 2 məktəb koronavirusa görə bağlandı

    Ağdaşda daha iki orta məktəb distant təhsilə cəlb olunub.

    Ağdaş şəhər S.Vurgun adına 1 saylı tam orta məktəb və şəhər 5 saylı tam orta məktəbdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib.

    Məlumata görə, hər iki məktəbdə 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxıb.

    Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər iki məktəbin girişi və daxilində bütün otaqlar, idman zalı dezinfeksiya edilib.

    Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 40 şagirddə, 10 müəllimdə COVID-19 virusu aşkar edilmişdi.

  • Aprelin 5-də “AztraZeneca”nın 84 000 doza vaksini ölkəyə gətiriləcək

    Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə onlayn formatda görüşü olub.

    Median.Az Agentliyə istinadən xəbər verir ki, görüşün məqsədi “AztraZeneca” Şirkətinə məxsus COVID-19 vaksin dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı məsələnin müzakirəsi olub.

    Rozi Qrivs bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.

    Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev göstərilən arqumenti əsassız saymış və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib: “Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub. Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir. Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirib. Həmçinin Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılıb. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”.

    Rozi Qrivs bildirib ki, ilkin mərhələdə aprelin 5-də Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək: “Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.

    Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

    Görüşün sonunda Agentliyin sədri Z.Əliyev COVAX platformasının Azərbaycana münasibətdə öz öhdəliklərinə sadiq qalacağına və bildirilən tarixdə vəd edilən peyvəndi ölkəmizə çatdırılmasını təmin edəcəyinə ümid etdiyini qeyd edib.

  • Bakıda intihara cəhdin qarşısı alınıb – VİDEO

    Paytaxtın Yasamal rayonunda bir nəfər intihara cəhd edib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Dadaş Bünyadzadə küçəsində yerləşən binada intihara cəhdlə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki yaşadığı mənzilin eyvanına çıxaraq intihar niyyətini nümayiş etdirir.

    Xilasedicilər əməliyyat şəraitini qiymətləndirməklə hadisə ilə bağlı zəruri və operativ məlumatlar toplayaraq, intihara cəhd edən vətəndaşla psixoloji söhbət taktikasını müəyyən edib onunla müvafiq söhbətlər aparıblar. Bu zaman, paralel olaraq, təhlükəsizlik məqsədilə eyvanın altında – binanın həyətində təhlükəsizlik yastığı da quraşdırılıb.

    Aparılan psixoloji söhbətin nəticəsi olaraq vətəndaş intihar niyyətindən daşınıb və onun bağlı saxladığı mənzilin qapısının xilasedicilər tərəfindən xüsusi vasitələrlə açılması təmin edilərək vətəndaş xilas olunub.

  • Azərbaycan və Tacikistanın Xarici işlər nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb – FOTO

    Nazir Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşü baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

    Tacikistan naziri COVİD-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə, xüsusilə pandemiya dövründə tranzit daşımalarında göstərdiyi dəstək və yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

    Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və beynəlxalq formatlarda qarşılıqlı dəstəyin önəmini vurğulayıblar.

    İkitərəfli əlaqələrin o cümlədən, iqtisadi, ticarət, nəqliyyat, təhsil, mədəniyyət sahələrində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Belə ki, birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyəti, habelə ADA Universiteti ilə Tacikistanın ali təhsil ocaqları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Nazir Ceyhun Bayramov tacikistanlı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib.

    Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.

  • Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır

    Ermənistan prezidenti Armen Sarkisyan vəzifəyə başlayarkən ikinci vətəndaşlığını gizlətdiyi üçün qınaq hədəfinə çevrilib.

    Median.Az “Report”a istinadən istinadən xəbər verir ki, Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan 53 vəkilin bu barədə Baş Prokurorluğa müraciət etdiyini feysbukdan bildirib.

    Belə ki, həmin ərizəyə görə, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub və bununla da o, prezident seçilən şəxsin əvvəlki 6 il ərzində yalnız Ermənistan vətəndaşlığı daşımasına dair qanunun müddəasını pozub.

    “Armen Sarkisyan yalnız Böyük Britaniya vətəndaşlığına 2012-ci ilin 1 mart tarixinədək xitam verilməsi halında Ermənistan prezidenti seçilə bilərdi”, – hüquqşünas vurğulayıb.

  • AQTA-dan fermada heyvanların kütləvi şəkildə tələf olması barədə AÇIQLAMA

    AQTA-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin “1003 – Çağrı Mərkəzi”nə Tərtər rayon, Seydimli kənd sakini Mədətov Ramiz Cavanşir oğluna məxsus təsərrüfatda heyvanların tələf olması ilə bağlı daxil olmuş məlumat əsasında qurumun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birlikdə həmin təsərrüfatda araşdırma aparılıb:

    “Araşdırma zamanı heyvanlarda tələfat olduğu müəyyən edilib, kliniki müayinələr aparılıb və tələf olmuş heyvanlardan nümunələr götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Aparılan laborator müayinələrin nəticələrinə əsasən, nümunələrdə fasiolyoz xəstəliyinin (helmint xəstəliyi) törədicisi aşkar edilib. Təsərrüfatda mütəxəssislər tərəfindən müvafiq baytarlıq tədbirləri yerinə yetirilib və təsərrüfatın sağlamlaşdırılması ilə bağlı lazımi işlər həyata keçirilib”.

    “Hazırda sözügedən təsərrüfatda xırdabuynuzlu heyvanlar arasında tələfatın qarşısı alınıb.
    Agentlik bir daha vətəndaşlara diqqətli olmağı, heyvanlarda rast gəlinən xəstəlik halları barədə dərhal Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”, – deyə AQTA-dan qeyd edilib.

  • Gürcüstanda 1 manat 2 larini ötüb

    Son günlər Gürcüstanın milli valyutası olan larinin əksər xarici valyutalara münasibətdə dəyərsizləşməsi müşahidə edilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, lari Azərbaycan manatı qarşısında da ucuzlaşır.

    Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə əsasən, sabah 1 manat 2,0052 lari təşkil edəcək ki, bu da bugünkü məzənnəyə nisbətdə 0,0162 lari çoxdur.

    Qonşu ölkədə sabah 1 ABŞ dolları 3,4118 lari (+0,0272 lari), 1 avro isə 4,0044 lari (+0,0204 lari) təşkil edəcək.

    Qeyd edək ki, Gürcüstan hökuməti larinin məzənnəsinin sabitləşdirilməsi üçün ilk addım olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesini sürətləndirib. Növbəti addım isə ölkənin turizm üçün açılmasından ibarət olacaq.

  • Türkiyə koronavirus əleyhinə vaksin istehsal edib

    “Apreldə yerli vaksinin insan üzərində sınağı başlayacaq”.

    Median.Az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

    Onun sözlərinə görə, yerli vaksinin klinikadan əvvəlki sınaq mərhələsi uğurla tamamlanıb: “Aprelin 1-dən vaksini insan üzərində sınaqdan keçirəcəyik. Peyvəndin Türkiyənin Əczaçılıq və Tibbi Cihazlar İdarəsi tərəfindən təsdiqlənməsi gözlənilir”.

    Nazir Türkiyənin sənaye və vaksin sahəsində böyük inkişafa malik olduğunu da vurğulayıb.