Month: March 2021

  • PA-nın şöbə müdiri: “Görülən işlər nəticəsində 25 siyasi partiya qurultay keçirib”

     “2020-ci ilin əvvəllərindən etibarən siyasi islahatlar yeni mərhələyə qədəm qoyub, sağlam rəqabətə söykənən siyasi dialoq formalaşıb”.

    Bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

    O, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edildiyini, 9 illik fasilədən sonra 7 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, qərargahı olmayan siyasi partiyalar üçün müvafiq yerlər ayrıldığını, habelə aidiyyəti istiqamətdə görülən işlər nəticəsində 25 siyasi partiyanın qurultay keçirdiyini diqqətə çatdırıb.

  • Rusiyada dəmir yolu ilə ilk gəzinti turlarına start verildi

    Rusiyada kruiz dəmir yolu turlarının pilot layihəsinə start verilib.

    Bu barədə layihənin təsisçisi Strateji təşəbbüslər agentliyi öz “Telegram” kanalında bildirir.

    Qatarlar Moskva-Nijni Novqorod-Kazan-Moskva və Moskva-Kazan-Nijni Novqorod-Moskva marşrutları üzrə yola salınıb.

    Belə bir səfərdə vaqonlar təkərli mobil hotel, restoran və əyləncə mərkəzinə çevrilir.

    Şəhərlərdəki dayanacaqlar zamanı səyahət edənlər üçün ekskursiyalar təşkil olunacaq.

    Hazırda layihənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

  • Astarada əmioğlanları arasında dava olub, biri ölüb, biri yaralanıb

    Astara rayonunda əmioğluları arasında dava olub.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Şəmətük kəndində baş verib.

    Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.

    İlkin məlumata görə hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.

    A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Taekvondo millimizin bir illik fasilədən sonra ilk medalı

    İstanbulda keçirilən ənənəvi “Turkish Open” turnirinin ilk günündə taekvondo millimizin bir üzvü qızıl medal qazanıb.

    Bu, İran əsilli idmançımız Milad Beiqidir. Hələ ki Olimpiadada iştirakı rəsmiləşmiş yeganə taekvondoçumuz olan Milad 87 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub.

    Bu gün mübarizəyə qoşulmuş digər beş taekvondoçumuz isə medalsız qalıb.

    Qeyd edək ki, sabah və birisigün də taekvondoçularımız yarışda qüvvəsini sınayacaq.

  • İran yeni silahını təqdim edib

    İranın tamamilə yerli istehsalı olan “Məsaf” avtomatı Silahlı Qüvvələrin istifadəsinə verilib və yaxın gələcəkdə orduda istifadə olunan avtomat silahlar dəyişdiriləcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İranın müdafiə naziri, general-mayor Əmir Xatəmi verib. O bildirib ki, iranlı konstruktorlar piyada qoşunlarının tələbatını nəzərə alaraq bu silahı hazırlayıblar. General-mayorun sözlərinə görə, İran silahı olan “Məsaf” avtomatı dünyanın modern silahları ilə rəqabət qabiliyyətinə malikdir.

    “Məsaf” digər avtomat silahlardan çəkisinə görə fərqlənir və nişangahla təchiz olunub. Bu silah ən qısa müddətdə və xüsusi vasitələrə ehtiyac olmadan snayper və tüfəng tiplərinə çevrilə biləcək formada konfiqurasiya edilib.

  • Bakıda qadın intihar edib

    Bakıda daha bir intihar hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, martın 9-u, günorta saatlarında Yasamal rayonun “Sovetski” adlanan hissəsində yaşayan 1976-cı il təvəllüdlü Kəmalə Həsənova özünü öldürüb.

    O, yaşadığı fərdi yaşayış evinin içərisində başına bağladığı örpəklə özünü tavandan asıb.

    K.Həsənovanın psixoloji problemləri olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Əfv Məsələləri Komissiyası 100-dən artıq müraciətə baxıb

    Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

    Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müaraciətə baxılıb.

    Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

    İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

  • Ağsu rayonunda iki məktəb koronavirusa görə bağlanıb

    Ağsu rayonunun iki kəndində məktəblər koronavirus infeksiyasına görə bağlanıb.

    “Report” xəbər verir ki, bu barədə Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, rayonun Dilman və Kalva kənd orta məktəblərində koronavirus infeksiyası aşkarlanıb. Nəticədə hər iki məktəbin fəaliyyəti dayandırılıb, distant təhsilə keçilib.

  • Ərdoğan və Putin arasında şəxsi görüş keçiriləcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş keçiriləcək.

    TASS xəbər verir ki, dövlət başçıları “Akkuyu” Atom Elektrik Stansiyasının üç nömrəli enerji blokunun təməlqoyma mərasimi zamanı bu barədə razılığa gəldiklərini bəyan ediblər.

    Görüşün yaxın zamanlarda baş tutacağı bildirilir.

    Qeyd edək ki, bu gün Türkiyənin Mersin şəhərində “Akkuyu” AES blokunun təməlqoyma mərasimi təşkil olunub. Ölkə prezidenti R.T.Ərdoğanın iştirak etdiyi tədbirə Rusiya prezidenti V.Putin də videokonfrans vasitəsilə qatılıb.

    Mərasim Türkiyənin NTV kanalı vasitəsilə canlı yayımlanıb.

  • Daha bir məktəb koronavirusa görə bağlandı

    Bu gündən Gəncə şəhərində yerləşən 26 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

    Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

    Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

    Qeyd edək ki, bundan başqa bu gün ölkə ərazisində fəaliyyət göstərən daha altı məktəb COVID-19-a görə bağlanıb.