Month: March 2021

  • Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatdı

    Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının birinci mərhələsi başa çatıb.

    Artıq deputatlar birinci mərhələdə peyvəndin ilk dozasını vurdurublar.

    Peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir.

    Koronavirusu keçirmiş deputatlarda isə antitellər olduğu üçün peyvənd olunmaları hələ ki, tövsiyə olunmayıb.

    Qeyd edək ki, deputatların vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilib.

    ///Report

  • Dövlət Neft Fondu dollar satışını kəskin azaldıb

    Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

    Azərbaycan Respublikası Dövlət Neft Fondundan Oxu.Az-verilən məlumata əsasən, 2021-ci ilin fevral ayı ərzində 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

    Bu isə 2020-ci ilin fevral ayı ilə müqayisədə 19,5 faiz və ya 106,1 milyon ABŞ dolları qədər, əvvəlki ayı ilə (2021-ci ilin yanvar) müqayisədə isə 32,2 faiz və ya 207,6 milyon dollar azdır.

    Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində, 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

  • Bakıda 22 yaşlı gənc öldürülüb, qatili axtarılır

    Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Xətai Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

  • Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq

    Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasinda mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində təşkil olunan və Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy ilə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovun iştirak etdiyi tədbirdə, Azərbaycan və Türkiyə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığa dair Niyyət Protokolu TİKA prezidenti Serkan Kayalar və Dövlət Xidmətinin rəisi Azad Cəfərli tərəfindən imzalanıb

    Protokol ilə iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq və qarşılıqlı tərcrübə mübadiləsinə tövhə verilməsi hədəflənir. Bu çərçivədə, mütəxəssis mübadilə proqramları, texniki və peşə təlimləri, staj proqramları vasitəsi ilə bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

    Azərbaycan, 2020-ci ilin payızında yaşanan və 44 gün davam edən Qarabağ Müharibəsi nəticəsində işğaldan azad olan, tarixi və mədəni irs ilə zəngin Qarabağ bölgəsində abidələrin bərpa və təmir işlərində Türkiyə təcrübəsindən yararlanacaq.

    Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.

    Tarixi ortaq mədəniyyət dəyərlərinə sahib qardaş ölkələr olan Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi mədəni irsin qorunması sahəsində də mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.

  • Afaq Bəşirqızının səhhətində problem yaranıb

    Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.

    Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər “Elgizlə izlə” proqramında deyib. O bildirib ki, aktrisanın xəstəliyi hazırda daha da artıb:

    “Özündən icazə almışam, ona görə verilişdə deyirəm. 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi xəstəlik daha ağır formada qayıdıb. Əvvəlkindən də çox ağrıyır”.

  • Apelyasiya şikayətlərinin sayı azalıb

    Son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib.

    Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

    Məlumatda qeyd olunub ki, görülən tədbirlər işlərin daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir:

    “Belə ki, ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının demək olar ki, 80 faizi ilə tərəflər razılaşıb, başqa sözlə, həmin işlərdən apelyasiya şikayəti verilməyib. Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95 %-i, hökmlərin isə 91,3 %-i dəyişdirilməyərək sabit qalıb”.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 234 662 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3223 nəfər vəfat edib, aktiv xəstə sayı 2600 nəfərdir.

    Ölkədə son sutka ərzində 4205, hazırkı dövrədək isə 2 602 884 test aparılıb.

  • KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib

    Martın 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair brifinq keçirilib.

    KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib. Bildirilib ki, KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış 7 normativ hüquqi aktdan 2-si artıq təsdiq edilib, müxtəlif istiqamətlər üzrə hazırlanmış 86 normativ sənəd layihəsinə Agentlik tərəfindən rəy bildirilib.

    Sahibkarlıq sahəsində qanunvericilik və tənzimləmə, idxal-ixrac əməliyyatları, dəstək mexanizmlərindən istifadə, “COVID-19” pandemiyasının biznesə təsiri və s. istiqamətlər üzrə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 7722 KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib.

    2020-ci ildə Agentliyə 3187 vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib və s.

    İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-2020-ci illəri əhatə edən “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” (“SME Policy Index 2020”) hesabatında Azərbaycanın mövqeyində 12 meyardan 9-u üzrə irəliləyiş əldə olunub. Qeyd edək ki, OECD tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə 2012-ci ildən başlayaraq hazırlanan “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” 12 istiqamət, 33 altistiqamət və təxminən 500 sual əsasında qiymətləndirilir.

    Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində ilk KOB evi fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95%-i dövlət-biznes (“G2B”) və 5%-i biznes-biznes (“B2B”) xidmətlər olmaqla 20759 xidmət göstərilib. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98%-dir. Hazırda Xaçmaz KOB evində 9 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 8 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir. Yaxın günlərdə Yevlax şəhərində KOB evinin açılması nəzərdə tutulur. Bakı KOB evinin təşkili istiqamətində isə işlər davam etdirilir.

    Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib, 4-ü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb. 2021-ci ildə də ölkə regionları üzrə KOB Dostu şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

    KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, onların məlumatlandırılması məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişafı mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Ötən il KOBİM-lər tərəfindən 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər (təlim və məsləhət xidmətləri, biznes planın hazırlanması, şəbəkələşmə, maliyyə resursların çıxış və s.) ödənişsizdir. Ötən il KOBİM-lərin vahid internet səhifəsi – www.kobim.az saytı fəaliyyətə başlayıb.

    KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə həyata keçirilən, KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan 2020-ci ildə 29, ümumilikdə isə indiyədək 451 sahibkar və menecer yararlanıb.

    Agentlik məqsədlərindən irəli gələrək ötən il ölkə regionlarına investisiyaların cəlb olunmasına da dəstək göstərib. Bu istiqamətdə xarici investisiya əsasında Oğuz rayonunun Sincan kəndində tütünçülük müəssisəsinin fəaliyyətinə, Astara şəhərində yeni turizm kompleksinin yaradılmasına, Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çay istehsalına başlanılmasına və s. KOBİA tərəfindən dəstək və xidmətlər göstərilib.

    2020-ci ildə də Agentlik KOB subyektlərini mövcud maliyyə resursları və onlara çıxışla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib. KOB subyektlərinin maliyyə bazarında mövcud olan maliyyə alətlərinə və mexanizmlərinə çıxışının asanlaşdırılması və koordinasiyası məqsədilə Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə təşkilatlarının iştirakı ilə platforma yaradılıb və bu platforma çərçivəsində mütəmadi olaraq müzakirələr aparılır.

    Nazirlər Kabinetinin 30.09.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, mikro, kiçik və orta sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu məqsədlə Agentlik tərəfindən müsabiqə elan edilib və hazırda müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə çərçivəsində maliyyələşdiriləcək hər bir layihəyə maksimum 20 min manat vəsait ayrılacaq.

    2020-ci ildə pandemiya səbəbindən sərgilərin keçirilməsinə məhdudiyyət qoyulduğundan Agentlik yalnız ilin əvvəlində mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnasız olaraq iştirakına dəstək göstərib. Bu sərgilərdə KOB subyektləri məhsul və xidmətlərini tanıdıb, satış imkanlarını genişləndirib, yeni işgüzar əlaqələr qurublar.

    Rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması məqsədilə KOB subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırmasının aparılmasına Agentlik tərəfindən dəstək göstərilib və bu proses hazırda da davam etdirilir.

    Dövlət tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən KOB-lar üçün həyata keçirilən dəstək tədbirlərində KOBİA da yaxından iştirak edib, mümkün alətlər çərçivəsində pandemiyadan zərər çəkmiş KOB-lara dəstək göstərib.

    2020-ci il – “Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 7 gənc Agentlikdə işlə təmin olunub, KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” nəşr edilib və gənclərə pulsuz paylanılıb. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib.

    Sosial sahibkarlığın inkişafı məqsədilə ötən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2020-ci il də daxil olmaqla indiyədək 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün Agentliyin dəstək və xidmətlərindən faydalanıb. KOBİA-nın dəstəyi ilə 2020-ci ildə “Qobu Park 3” yaşayış kompleksində biznes və sosialyönümlü iki müəssisə fəaliyyətə başlayıb. Eyni zamanda “Çiçəklənən Abşeron” layhəsində aztəminatlı ailələrin iştirakı təmin olunmaqla, onların əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək göstərilib.

    Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

  • Müğənni Səmra yeni layihəsini təqdim etdi “Göz” – VİDEO

    Müğənni Səmra Rəhimli yeni layihəsini təqdim edib.

  • Millimizin oyunu qapalı olacaq

    Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Moldova oyunu yenə qapalı şəraitdə baş tutacaq.

    Martın 4-də Bakı İdman Sarayında keçiriləcək oyun COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.

    Qeyd edək ki, bundan əvvəl millimizin yanvarın 29-da Slovakiya ilə Bakıda keçirdiyi oyun da qapalı keçirilmişdi.