Month: March 2021

  • Bakı nəqliyyatı ötən əsrin 60-cı illərində – FOTO

    1964-cü ildə 30 min nüsxə ilə çap edilməsinə baxmayaraq, demək olar ki, dərhal nadir biblioqrafik vəsaitə çevrilən “Bakı” foto albomu buraxılıb.

    “Azerhistory” portalının məlumatına görə, albom Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski tərəfindən tərtib edilib.

    Fotoların müəllifi tanınmış fotoqraf İsak Rubençik olub. Rəsmlər üzərindəki mətnləri isə yazıçı, dramaturq və ssenari müəllifi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Xalq Yazıçısı, məşhur “Uzaq sahillərdə” povestinin həmmüəllifi (Gəray Seyidbəyli ilə birlikdə) olan İmran Qasımov yazıb.

    Albomun rəssam-dizayneri məşhur teatr, qrafika və afişa rəssamı, Azərbaycan SSR Xalq Artisti, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi İsmayıl Axundov olub.

    Müasir dildə desək, fotoalbom “ulduzlar” tərəfindən hazırlanıb.

    Əyani vəsait 238 ağ-qara və 21 rəngli səhifədən ibarətdir. Fotoşəkillərdə Bakı sakinlərinin iş və asudə vaxtları, inanılmaz dərəcədə gözəl şəhər mənzərələri, bir sözlə, paytaxt həyatının bir çox tərəfləri öz əksini tapıb.

    Albomdan bəzi fotoları təqdim edirik:

  • Dünya azərbaycanlıları soyqırımı qurbanlarını yad edib – FOTO

    Diasporla İş üzrə Dövlət Komitəsi “31 mart – Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması: hüquqi və tarixi baxış” mövzusunda beynəlxalq videokonfrans təşkil edib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 48 ölkədən 150-dən çox soydaşımızın iştirak etdiyi konfransda soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi ehtiramla yad edilib, soyqırımına aid videoçarx nümayiş etdirilib.

    Çıxışına Prezident İlham Əliyevin “Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Bu tarixi həqiqətdir” sözləri ilə başlayan Komitə sədri Fuad Muradov soyqırımı tarixinə nəzər salmaqla yanaşı, 30 ildir işğal altında qalan torpaqlarımızın azad olunması, 44 günlük müharibə dönəmində aparılan informasiya savaşında diasporumuzun fəallığı və fədakarlığı barədə danışıb, informasiya savaşında qəhrəmanlıq göstərən soydaşlarımıza təşəkkürünü bildirib.

    Milli Məclisin sədr müavini, tarix üzrə elmlər doktoru, professor Fəzail İbrahimli öz çıxışında qeyd edib ki, yüz ildən artıqdır ki, soyqırıma məruz qalan hər bir azərbaycanlının bu gün qisası alınıb, onların ruhu artıq şaddır. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev 31 mart 1918-ci il hadisələri və Xocalı soyqırımı barədə müfəssəl məlumat verib, dünyada sülh və sabitliyə nail olmaq üçün erməni faşizminin beynəlxalq dairələrə çatdırılmasının daim aktual olduğunu, beynəlxalq cinayətlərin tarixinin, zamanın olmadığını və onların mütləq cavabının veriləcəyini diqqətə çatdırıb.

    Konfransa xaricdən qoşulan azərbaycanlı alimlər, iş adamları, müxtəlif sferalarda təmsil olunan diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, ermənilərin və onların havadarlarının dayanmadan işləyən təbliğat maşınını susdurmaq, xalqımıza qarşı həyata keçirilən düşmənçilik siyasətinin və təxribatların qarşısını almaq üçün hər birimizin siyasi, ideoloji və elmi cəhətdən hazırlıqlı olmalı olduğumuz bir daha vurğulanıb.

  • Ukraynadan elektron pasportlarla bağlı inqilabi qərar – FOTO

    Ukraynanın Ali Radası “Dii” tətbiqində rəqəmsal pasportları plastik və ya kağız analoqu ilə bərabərləşdirən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

    Bu barədə Ukraynanın “Onlayn dövlət xidmətləri” saytı xəbər verib.

    Layihənin mətninə görə, Ukrayna vətəndaşının “Dii” tətbiqində şəxsiyyətini təsdiq edən rəqəmsal sənədi və xaricə səyahət üçün rəqəmsal pasportu fiziki analoqları ilə eyni qanuni qüvvəyə malik olacaq.

    Ölkənin Rəqəmsal Transformasiya naziri Mixail Fedorovun sözlərinə görə, bənzər təcrübə digər ölkələrdə – Polşa, Cənubi Koreya, İngiltərə, Finlandiya və ABŞ-da da həyata keçirilir. Estoniya vətəndaşları isə rəqəmsal İD kartı ilə onlayn şəkildə dövlət xidmətlərindən yararlanır, bank hesablarını idarə edir və internet vasitəsilə səs verə bilirlər.

    “Ancaq məhz Ukrayna smartfonda rəqəmsal pasportların qanuni olaraq kağız və plastik sənədlərlə eyni qüvvədə saydığı ilk dövlətdir”, – deyə nazir vurğulayıb.

    Onun sözlərinə görə, bu qərarın ətraf mühit üçün də əhəmiyyəti var.

    “Artıq ukraynalılar sənədlərin kağız surətlərini (şəxsiyyət təsdiqlənməsi üçün tez-tez müxtəlif qurumlarda tələb olunur) daha az çıxarmaq məcburiyyətindədirlər”, – deyə o vurğulayıb.

  • DYP-dən sürücülərə – Xəbərdarlıq

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

    İdarədən APA-ya verilən məlumata görə, paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis tərəfindən gücləndirilmiş qaydada profilaktik tədbirlər davam etdirilir:

    “Dayanma-durma qaydalarını pozan sürücülər əsasən günün pik saatlarında intensiv hərəkət müşahidə olunan küçə və prospektləri, ictimai nəqliyyat üçün ayrılmış yolları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, eləcə də mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur.

    Bir daha sürücülərə dayanma-durma qaydalarına düzgün əməl olunması və bu sahədə nəzarət tədbirlərin gücləndirilməsi məqsədilə xəbərdarlıq edir, onlardan “Yol Hərəkəti Haqqında” qanunun çərçivəsində, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün qayda pozuntusu törətməkdən çəkinmələrini xahiş edirik”.

  • Müharibə əlillərinə təqaüd verilməsi ilə bağlı büdcə xərclərinin təsnifatına dəyişiklik edildi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nda dəyişiklik edib.

    Müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

    Sənəd müharibə əlillərinə təqaüd verilməsini ehtiva edir.

    Belə ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.

    Bugünkü dəyişikliklə büdcə xərclərinin iqtisadi təsnifatının “Təqaüdlər” paraqrafına yeni bənd əlavə olunub.

    “Təqaüdlər” paraqrafına müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.

  • Yeni təhlükəli virus on minlərlə “Windows” sistemli kompüterə “hücum” edib

    “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər kompüterlər “Purple Fox” adlı təhlükəli virusun yeni versiyasının qurbanı olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər zərərli proqram təminatı eksployt dəsti və fişinq məktubları vasitəsilə yayılsa da, indi qurdabənzər modulla təchiz edilib. Nəticədə bir qurğunun yoluxması “Purple Fox” virusuna şəbəkə daxilindəki “Windows” əsasında işləyən digər sistemləri skan edərək onlara hücum etməyə imkan verir.

    Mütəxəssislərin məlumatına görə, 2020-ci ilin mayından virusun yeni versiyasının hücumlarının sayı 600 faiz artaraq 10 minə çatıb. Bundan əvvəl “GuardiCore” əməkdaşları tərəfindən istifadəçilərə qarşı 90 mindən çox “hücum”un həyata keçirilməsi qeydə alınıb. Həmçinin tədqiqatçıların fikrincə, hakerlər təhlükəli proqram təminatını 2 minə yaxın müdaxilə edilmiş serverə tətbiq edə biliblər.

    “Purple Fox” virusu elə şəkildə yaradılıb ki, qurbanda şübhə yaratmır. Məsələn, kompüter yoluxdurulduqdan sonra proqram təminatı rutkiti – virusun hərəkətlərini maskalayan proqram vasitələri dəstini işə salır.

  • Ali təhsillə bağlı mühüm qanun layihəsinin ilkin variantı hazırlandı

    Milli Məclis sədri Sahibə Qafarovanın tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb.

    Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev məlumat verib.

    B.Əliyev həm də “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəridir.

    O qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsində Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınıb. Bu isə ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib.

    Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi, iqtisadi əsaslarını, təhsilalanların, təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

    Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini deyib.

    Deputat sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri, özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.

    “Ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib”, – deyə B.Əliyev əlavə edib.

  • MN: Erməni hərbçilərin mühasirəyə alınması barədə məlumatlar əsassızdır

    “Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərinin Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisindəki Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən guya mühasirəyə alınması və istənilən an ermənilərin postlarını itirə biləcəyi barədə bu ölkənin yaydığı məlumatın əsası yoxdur”.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, bu, şişirdilmiş və təhrif olunmuş xəbərdir: “Bildiririk ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərdə dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur.

    Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik”, – nazirlikdən bildirilib.

  • UEFA-dan azarkeşlərlə bağlı AÇIQLAMA

    Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) iyun ayından etibarən stadionlarda tamaşaçı məhdudiyyəti ilə bağlı qərarını ləğv edəcək.

    TASS xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar hələ ötən ilin oktyabr ayında tətbiq etdiyi qərarla qurum idman arenalarına 30%-dək tamaşaçı buraxmağa icazə vermişdi. Yeni qərara əsasən, izləyici sayı yalnız yerli hökumət qurumları tərəfindən müəyyən olunacaq. Bu zaman həmin ərazidə koronavirusla bağlı vəziyyət əsas götürüləcək.

    Təşkilatın öncəki qərarı Çempionlar Liqasının mayın sonlarında keçiriləcək final qarşılaşmasına da şamil olunacaq və yalnız bu oyundan sonra yeni qayda tətbiq ediləcək.

    Bununla yanaşı, UEFA AVRO-2021 matçlarında oyunçu dəyişikliyinin sayı ilə bağlı qərarını da açıqlayıb. Beləliklə, Avropa çempionatı oyunlarında 5 futbolçu dəyişikliyinə icazə veriləcək.

    Qeyd edək ki, AÇ-2021 11 iyun-11 iyul aralığında keçiriləcək. Turnirin oyunları 12 şəhərdə, o cümlədən də Bakıda təşkil olunacaq.

  • Azərbaycanda müayinəyə gedən kişi xəstəxanada öldü

    Mingəçevirdə xəstəxanaya müayinəyə gələn şəxs orada ölüb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanaya müayinəyə gələn, şəhər sakini, 1965-ci il təvəllüdlü Abbasov Yaqub Əbil oğlu qəfildən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.