Month: March 2021

  • MN-dən erməni təxribatına CAVAB

    Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərinin Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisindəki Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən guya mühasirəyə alınması və istənilən an ermənilərin postlarını itirə biləcəyi barədə bu ölkənin yaydığı məlumatın əsası yoxdur. Bu, şişirdilmiş və təhrif olunmuş xəbərdir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərində dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur.

    Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik.

  • Bakının mərkəzi küçələrində parklanma qadağan edildi

    Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtın yarış trekinə düşən mərkəzi küçələrində bu gecədən tikinti-quraşdırma işlərinə başlayacaq.

    Bu barədə Bakı Şəhər Halqası Şirkəti məlumat yayıb.

    Bildirilib ki, Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar formasında təhlükəsizlik baryerlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan səhər saat 06:00-dək planlaşdırılıb. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda, qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcək.

    Həmçinin, yolun qeyd olunan hissələrindəki təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.

    Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyununadək davam edəcək. “Formula 1” trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək bölümündə tikinti işlərinin aprelin 15-dək yekunlaşacağı gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

    Bakı Şəhər Halqası ƏŞ müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək.

  • İlham Əliyev: “Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”

    “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı zamanı deyib.

    “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”, – deyə Prezident əlavə edib.

  • Baş nazir üç dövlət-tarix-mədəniyyət qoruğun əsasnaməsini təsdiq etdi

    Azəraycanda üç dövlət-tarix-mədəniyyət qoruğunun əsasnaməsini təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq edilib.

    Hər üç qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. 

    Qoruqların fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

  • 20 partiya gəlir və xərci barədə hesabat verdi

    Dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 20-si 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

    Bununla bağlı MSK-nın saytında yerləşdirilən məlumatda bildirilir.

    Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Bu prosesə 2015-ci ildən başlanılıb.

    MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

  • Ali təhsillə bağlı mühüm qanun layihəsinin ilkin variantı hazırlandı

    Milli Məclis sədri Sahibə Qafarovanın tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb.

    Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev məlumat verib.

    B.Əliyev həm də “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəridir.

    O qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsində Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınıb. Bu isə ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib.

    Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi, iqtisadi əsaslarını, təhsilalanların, təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

    Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini deyib.

    Deputat sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri, özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.

    “Ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib”, – deyə B.Əliyev əlavə edib.

  • Ermənistanda nazir istefa verdi

    Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan istefa verib.

    O, bu barədə martın 31-də feysbuk səhifəsində yazıb.

    A.Arşakyan könüllü olaraq istefa ərizəsini yazdığını açıqlayıb.

    Bildirilib ki, nazirin istefası ilə bağlı şayiələr bir neçə gün əvvəl KİV-də yayılmışdı.

    ///Report

  • Ərdoğan: “Azərbaycanın yanında olmağımız önəmlidir”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycanı bir daha Qarabağda qazandığı zəfər münasibəti ilə təbrik edib və qardaş ölkənin dövlətimizə dəstəyini vurğulayıb.

    “Bütün azərbaycanlı qardaşlarımı, əziz qardaşım İlham Əliyevi əvvəl Qarabağdakı qələbəsinə görə təbrik edirəm”, – deyə Ərdoğan bildirib.

    O qeyd edib ki, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb. Bundan başqa, kilsələr də məhv edilib:

    “Qarabağdakı türk irsinin qorunması və bərpası üçün bütün vasitələrimizlə Azərbaycanın yanında olmağımız önəm kəsb edir”.

    O, Türkiyənin bölgənin dirçəlməsi üçün bütün köçkünlərin evlərinə qayıtmasına çalışacağını vurğulayıb.

  • Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı

    Masallı rayonunda 16 yaşlı qıza toy etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.

    Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov “qafqazinfo”ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:

    “Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.

  • Nazir: “Zəfər Muzeyi dünyada unikal bir yer olacaq”

    “Zəfər Muzeyinin inşası onun layihəsindən asılıdır. Layihə hazırlanıb, təsdiq olunandan sonra təbii ki, onun inşasına başlanılacaq”.

    Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

    Onun sözlərinə görə, Zəfər Muzeyi möhtəşəm bir kompleks və muzey olacaq:

    “Onu deyə bilərəm ki, bəlkə də dünyada unikal bir yer olacaq.

    Zəfər Muzeyi bizim üçün bir qürur və necə deyərlər gələcəyə nikbinliklə baxmaq üçün bir yaddaş olacaq”, – deyə nazir əlavə edib.