Month: March 2021

  • Azərbaycan və Ermənistan sərhədindəki zastavalar SSRİ xəritələri əsasında yerləşdirilib

    Ermənistan və Azərbaycan sərhədindəki sərhəd zastavaları hazırda SSRİ-nin 1975-1976-cı illərdəki hərbi xəritələri əsasında yerləşdirilib.

    Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan “Azadlıq” radiosuna (Azatutyun) müsahibəsində bildirib.

    Onun sözlərinə görə, bu, sərhədlərin son delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir. O, qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün ikitərəfli münasibətlərin olması zəruridir.

    Avinyan bu prosesin uzun vaxt ala biləcəyini vurğulayıb.

    “Biz hələ Gürcüstanla bu prosesi tamamlamamışıq. Ancaq gec-tez bütün qonşularımızla bu prosesi keçməliyik”, – deyə erməni nazir müavini bildirib.

  • Koronavirusun ikiqat mutasiyalı növü tapıldı

    Hindistanda yeni ikiqat mutasiya edilmiş koronavirus ştammı aşkarlanıb.

    Median.Az Lent.az-a istinadən istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Ölkədə bir sıra digər koronavirus variantları ilə birlikdə yeni bir ikiqat mutasiya aşkar edilib”, – nazirliyin açıqlamasında vurğulanır.

    İndiyə qədər Hindistan səlahiyyətliləri mutasiyaların ortaya çıxması ilə ölkənin bəzi əyalətlərində xəstəlik hallarının sürətlə artması arasında birbaşa əlaqə olması ilə bağlı kifayət qədər məlumata malik deyillər.

    Fevral ayında amerikalı alimlər, koronavirusun ingilis, Cənubi Afrika və Braziliya ştamlarındakı mutasiyaların yoluxma qabiliyyətini səkkiz dəfə artırdığını aşkar ediblər.

    Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Britaniya ştammı artıq 101, Cənubi Afrika ştammı 51 və Braziliya ştammı 29 ölkədə aşkarlanıb.

  • Ucarda 12 yaşlı uşaq intihar edib

    Ucar rayonunda 12 yaşlı uşaq intihar edib.

    “Report” xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

    Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

    Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

    Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Оперштаб назвал число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 690 новых случаев инфицирования коронавирусом, 713 человек вылечились и были выписаны домой.

    Об этом 27 марта сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 19 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 254 370 человек, 3 464 из них скончались, 235 606 – вылечились, 15 300 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 826 454 теста на COVID-19 (за последние 24 часа – 9 670).

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.

    Ölkədə son sutka ərzində 9 670, hazırkı dövrədək isə 2 826 454 test aparılıb.

  • DİN adı “Qırmızı Kitab”a düşən quşları ovlayanlara xəbərdarlıq etdi

    Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, idarənin əməkdaşları qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirir.

  • Bakının hansı rayonlarında koronavirusa yoluxma daha çoxdur?

    Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

    Median.Az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,2 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,3 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,9 faizi Nəsimi, 6,9 faizi Nizami, 6,9 faizi Xəzər, 5,1 faizi Qaradağ, 5,1 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

    Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,9 faizi paytaxtda qeydə alınıb.

  • Bülbülün Şuşadakı evinin bərpa layihəsi hazırdır

    “Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. O, mən nazir olan zaman Mədəniyyət Nazirliyində Abidələrin qorunması və bərpası İdarəsinin rəisi olub. Çox gözəl bir peşəkardır. Mən ondan xahiş elədim bir yerdə, bir maşında Şuşaya getdik. Daha sonra Rizvan Bayramov bir dəfə də mənsiz Şuşaya getdi. Necə deyərlər, hər şeyi ölçdü, biçdi. Artıq Bülbülün evinin bərpa layihəsi hazırdır. Hər bir xırda detalına kimi layihə hazırlanıb”.

    Bunu APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

    O bildirib ki, Bülbülün evinin bərpası ilə bağlı könüllü memarlar da öz layihələrini hazırlayıblar.

    “Onlara çox minnətdaram. Çox sağ olsunlar. Prezidentin tapşırığına əsasən, bu layihə artıq hazırdır. İndi bu layihənin razılaşdırılması prosesi gedir. Daha sonra biz işə başlayacağıq”,-deyə səfir əlavə edib.

    O inamını ifadə edib ki, çox qısa zamanda Bülbülün evi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq.

  • Ombudsmandan Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BƏYANAT

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

    Ombudsman Aparatından yayılan bəyanatda deyilir:

    “Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.

    Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Bir çox qədim binalar, o cümlədən Bakının ən gözəl memarlıq abidələrindən olan İsmailiyyə binası, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları və ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Təzəpir məscidinin minarələri ağır zədə alıb, Şamaxıda qədim Cümə məscidi yandırılıb.

    Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilib. On minlərlə azərbaycanlı ermənilərin törətdikləri vəhşiliklərin qurbanı olub. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılıb, yandırılıb və talan edilib, qadın, uşaq və yaşlılar da daxil olmaqla, dinc əhaliyə divan tutulub. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilib, 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilib.

    1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına siyasi-hüquqi qiymət verilib. Martın 31-i hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

    Son illər bu istiqamətdə aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar edilib. Həmin ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla özündə əks etdirir.

    1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılıb və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi tövsif edilməlidir.

    Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almayıb.

    Bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırımı cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara bilər.

    Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”.

    Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

  • Su polisindən narkotik əməliyyatı – VİDEO

    Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

    DİN-dən verilən məlumata görə, idarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib.

    Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.

    Qeyd edək ki, saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər tərəfindən onun bu hərəkətinin qarşısı alınıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub. Onun əlindəki bağlamaya baxış keçirilərkən dörd ədəd xüsusi qablaşdırılmış ümumi çəkisi yeddi kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.

    İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.

    Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.