Month: March 2021

  • Türkiyədə son sutkada koronavirusdan 153 nəfər ölüb

    Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 153 ölüm faktı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 220 985 nəfərin koronavirus testi yoxlanılıb.

    Onlardan 29.081 nəfərin cavabı pozitiv çıxıb. 20 208 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

    Hazırda ölkədə koronavirusa yoluxmuş 1810 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

  • “Qapanmaya getmək olmaz” – Deputat

    Koronavirusa yoluxma yenə artıb. Məni qorxudan odur ki, bunu əsas gətirib qapanmaya gedərlər. Qapanmaya getmək olmaz və olmaz”.

    Bunu deputat Razi Nurullayev deyib.

    Deputat qeyd edib ki, sosial vəziyyət çətindir:

    “Yaxşı olardı ki, yeni xəstələrin əhvalının yüngül və ya ağır olduğunu bilək. Mənə belə gəlir ki, xəstəliyin ağır keçməsi zəifləməlidir. Nə isə, Allah qorusun! Amma heç cür qapanmaya getmək olmaz. Ölkəmizi, vətəndaşlarımızı və iqtisadiyyatı düşünməliyik. İş yerlərini bağlamaq olmaz”.

  • Ərəblərin Qaxdakı çadırları söküldü

    Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.

    Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.

    Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.

    Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində – Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.

    Ərəb turistlər müvafiq qaydada cəzalandırılıb.

  • İş stressindən necə xilas olaq? – 12 “QIZIL MƏSLƏHƏT”

    İş həyatında daha çox zehni fəaliyyətlə məşğul olanlar “ağ yaxalılar” adlanırlar. Belə insanların günün böyük hissəsi masa arxasında keçir. Bu da onlarda hədsiz stressə, bir çox hallarda isə psixoloji sarsıntıya səbəb olur.

    Median.Az iş stressindən qurtulmağın yollarını təqdim edir:

    1. İş həyatınıza verdiyiniz əhəmiyyəti, şəxsi həyatınıza da verin. Yaxınlarınızla tez-tez görüşün.
    2. Müəyyən hobbi ilə məşğul olun. Bu insanı stressdən maksimum dərəcədə mühafizə edir.
    3. İş vaxtı bitdikdən sonra telefonunuzu söndürün. Belə olmadığı təqdirdə iş və şəxsi həyat qarışır.
    4. Təmiz havada xeyli gəzin və idman edin.
    5. Yoqa ilə məşğul olun.
    6. İstirahət vaxtı çalışın ki, fiziki işlər görəsiniz. O, zaman özünüzü yaxşı hiss edəcəksiniz.
    7. Alkoqollu içkilərdən və siqaretdən uzaq durun.
    8. Sağlam qidalanmanıza diqqət yetirin.
    9. İş vaxtı limitini keçməyin. Çünki, kifayət qədər dincələ bilməsəniz, ertəsi gün yenidən çalışmaq mümkün olmayacaq.
    10. Çətin və stressə səbəb olan işləri görməzdən əvvəl kimdənsə kömək istəyin.
    11. Sevdiklərinizlə vaxt keçirərkən mobil telefonunuzu söndürün.
    12. Yuxunuza və istirahətinizə diqqət yetirin. (publika.az)

  • “Latsio”nun prezidenti və həkimləri sərt cəzalandı

    İtaliyanın “Latsio” klubunun prezidenti Klaudio Lotito 7 ay müddətinə cəzalandırılıb.

    “Report”un məlumatına görə, buna koronavirus protokolunun pozulması səbəb olub.

    Eyni zamanda komandanın həkimləri Fabio Rodia və İvo Pulçini işlərindən 1 ilədək uzaqlaşdırılıb. Klub isə 150 000 avro cərimələnib. Bununla belə, xalların silinməsi baş verməyib.

    Araşdırmalar zamanı Lotito və tibbi briqadanın qayda pozuntularına yol vermələri müəyyənləşib. Klub koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb.

    “Latsio” qərardan şikayət edəcəyini açıqlayıb.

  • Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır? – TOP 10

    Azərbaycanın idxal etdiyi minik avtomobillərinin ölkələr üzrə bölgüsü təqdim edilib.

    Median.Az “oxu.az”av istinadən xəbər verir ki, burada istehlakçıların minik avtomobillərində daha çox hansı mühərrik növünə və həcminə üstünlük verdikləri də öz əksini tapıb.

    2021-ci ilin fevral ayının statistik göstəricilərinə əsasən, istehlakçılar daha çox mühərrikinin həcmi 1500-3000 kub santimetr olan minik avtomobillərinə üstünlük veriblər. Yanvar ayı ərzində 1 981 ədəd bu cür minik avtomobili idxal edilib. Ən aşağı tələb isə mühərrikinin həcmi 1000 kb/s-dən az və 3000 kb/s-dən çox olan minik avtomobillərinə olub.

    Azərbaycanın minik avtomobili idxal etdiyi ilk 10 ölkələnin siyahısı aşağıdakı kimidir:

    Almaniyadan ümumi dəyəri 12 milyon 934,58 min dollar olan 889 ədəd avtomobil idxal edilib. Onlardan 557-i (10 milyon 832,48 min dollar dəyərində) qığılcımla alışan DYM-li, 332-i isə (2 milyon 102,1 min dollar dəyərində) sıxılmaqdan alışan DYM-li (dizel) olub.

    Koreya Respublikasından ümumi dəyəri 5 milyon 852,28 min dollar olan 961 ədəd minik avtomobili idxal edilib. Onlardan 336-i (1 milyon 882,16 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 625-i (3 milyon 970,12 min dollar dəyərində) dizel mühərrikli minik avtomobilləri olub.

    ABŞ-dan 6 milyon 587,01 min dollar dəyərində 769 ədəd ədəd minik avtomobili idxal edilib. Onlardan 758-i (6 milyon 391,01 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 11-i dizel mühərrikli olub (192 min dollar).

    Rusiyadan 2 milyon 239,72 min dollar dəyərində 217 ədəd qığılcımla alışan minik abvtomobilləri idxal olunub.

    Meksikadan ixdal edilən 1 milyon 458,28 min dollar dəyərində 174 ədəd minik avtomobillinin hər biri qığılcımla alışan daxili yanma mühərrikli yüngül nəqliyyat vasitələri olub.

    Yaponiyadan 2 milyon 403,07 min dollar dəyərində 141 ədəd minik avtomobili idxal edilib. Onlardan 102-i (1 milyon 718,63 min dolllar dəyərində), 39-u dizel mühərrikli (614,44 min dollar dəyərində) olub.

    Türkiyədən 636,96 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal edilib. Minik avtomobillərindən 37-si qığılcımla alışan daxili yanma mühərrikli (441,46 min dollar dəyərində), 60-ı dizel mühərrikli (194,5 min dollar dəyərində) olub.

    Çindən 1 milyon 493,66 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal olunub. Onlardan 71-i qığılcımla alışan daxili yanma mühərrikli (171,77 min dollar dəyərində), 23-ü dizel mühərrikli (onların ümumi dəyəri 321,89 min dollar) olub.

    Böyük Britaniyadan 2 milyon 69,19 min dollar dəyərində 92 ədəd minik avtomobili idxal edilib. Onlardan 30-u qığılcımla alışan daxili yanma mühərrikli (ümumi dəyərləri – 1 milyon 774,39 min dollar), 65-i dizel mühərrikli (ümumi dəyərləri – 564,8 min dollar) olub.

    Slovakiyadan 993,77 min dollar dəyərində 76 ədəd minik avtomobili idxal edilib. Onlardan 36-ı qığılcımla alışan DYM-li (ümumi dəyərləri – 846,07 min dollar), 40-ı dizel mühərikli (ümumi dəyərləri 147,7 min dollar) olub.

    Mühərrikinin növünə görə istehlakçıların əksəriyyəti qığılcımla alışan daxili yanma mühərrikli minik avtomobillərinə üstünlük verib. Dizel mühərrikli avtomobillərin idxal həcmi 2 dəfə az olub. Ümumilikdə Azərbaycan 24 ölkədən minik avtomobili idxal edib.

  • Rusiyada daha bir bank bağlanıb

    Rusiya Bankı (Mərkəzi Bank) “Meqapolis” kommersiya bankının lisenziyasını ləğv edib.

    “Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, buna səbəb bankın federal qanunları və Rusiya Bankının normativ aktlarını pozmasıdır. Belə ki, kredit təşkilatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün kifayət qədər ehtiyat yaratmayıb, həmçinin süni şəkildə maliyyə göstəricilərini yaxşılaşdırmaq və real maliyyə vəziyyətini gizlətmək üçün əmlakının dəyərini olduğundan artıq göstərib. Bundan başqa, maliyyə qurumunun xarici valyuta alışı ilə bağlı əməliyyatları mühasibat uçotunda və hesabatlarında dəfələrlə əks etdirmədiyi bildirilir.

    “Meqapolis” Rusiyanın bank sistemində böyüklüyünə görə 234-cü yerdə olub.

  • Sabahın havası: Güclü külək, yağış… – XƏBƏRDARLIQ

    Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Valyuta.Az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

    Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normdan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

    Nisbi rütubət 80-90 faiz olacaq.

    Xəbərdarlıq

    Martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

    Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Martın 29-da Qırğızıstanda kütləvi vaksinasiyaya başlanacaq

    Martın 29-da Qırğızıstanda kütləvi vaksinasiyaya başlanacaq və peyvəndləmə könüllülük əsasında həyata keçiriləcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Vurğulanır ki, peyvəndləmə zamanı “SinoPharm” vaksinindən istifadə olunacaq.

    Bildirilir ki, vaksinasiyaya ilk olaraq Bişkek şəhəri, Oş və Çuy vilayətlərindən başlanacaq. Vaksinasiya ilə bağlı Bişkek şəhərində beş, Oş və Çuy vilayətlərində isə hərəsində iki peyvəndləmə məntəqəsi yaradılıb, tibb personalının tədris treninqləri keçirilib.

    İlk olaraq yaşı 65-dən çox olanlar, tibb və təhsil sahələrinin əməkdaşları və rəhbər heyəti, hüquq-mühafizə orqanlarının və güc strukturlarının nümayəndələri peyvəndlənəcək.

  • Kəmaləddin Heydərovdan ərəb turistlərlə bağlı açıqlama

    “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.

    Median.Az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddialara münasibətində bildirib.

    Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:

    “Azərbaycana gələn hər turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.

    Qeyd edək ki, ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.