Month: March 2021

  • Bakıda 25 yaşlı gənc bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1996-cı il təvəllüdlü Allahverdiyev Qəhrəman Əhliman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Sabahdan Ukraynada giriş-çıxış üzrə yeni qaydalar qüvvəyə minəcək

    Sabahdan etibarən Ukraynada ölkə ərazisinə giriş və çıxış üzrə yeni qaydalar qüvvəyə minəcək.

    Bu barədə “Report” Ukraynanın Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

    Yeni qaydalara əsasən əcnəbilərin Ukraynaya giriş üçün COVID-19 müalicəsi ilə bağlı xərcləri qarşılayacaq sığorta polisi olmalıdır. Bundan əlavə, bütün xarici qonaqlar buraxılış məntəqəsində Ukrayna sərhədini keçməyə 72 saat qalmış koronavirusla bağlı mənfi testi təqdim etməlidirlər.

    Test və ya sığorta polisi olmadıqda, əcnəbilərə Ukrayna ərazisinə giriş və ya tranzit keçid qadağan olunacaq.

    Ukrayna vətəndaşları sərhədi maneəsiz keçməzdən əvvəl 48 saat öncə edilmiş mənfi PCR testini təqdim etməlidirlər. Test olmadığı halda, ukraynalılar mobil telefonlarına “Evdə” tətbiqini yükləməli və özlərini iki həftəlik təcrid etməlidirlər. Özünütəcrid COVID-19 testinin mənfi cavabı alındıqdan sonra yekunlaşdırıla bilər.

  • “WhatsApp” messenceri bu “iPhone” modelini dəstəkləməyəcək

    Tərtibatçılar “WhatsApp” messencerinin son yeniləməsində “iOS” mobil əməliyyat sisteminin 9-cu versiyasının dəstəyini dayandırıblar. Bu barədə “WABetaInfo” portalı məlumat verib.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, 2011-ci ildə təqdim edilmiş “iPhone 4s” smartfonu “iOS 9” versiyasının idarəetməsi altında işləyir. “WhatsApp” messencerinin 2.21.50 versiyasında tələblər yalnız “Apple”ın məhsulu üçün yenilənməyib. İndi messencer “Android 4.0.3” və daha yuxarı, “KaiOS 2.5.1” və daha yuxarı versiyaları dəstəkləyir.

    “iPhone 4s” cihazının sahiblərinə sözügedən messencerdəki çat və yazışmalarını yadda saxlamaq tövsiyə edilib.

  • “YouTube” ABŞ-da “TikTok”un analoqunu istifadəyə verib

    Populyar “YouTube” videohostinq xidməti ABŞ-da “TikTok”un analoqunu istifadəyə verib. Artıq “Shorts” adlandırılmış yeni xidmətdə amerikalı istifadəçilər öz qısamüddətli videolarını dərc edə bilərlər.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, yeni xidmətdə smartfondan məzmunu rahat izləmək üçün istifadəçilərə videonu şaquli formatda hazırlamaq imkanı yaradılıb. Həmçinin “Shorts” xidmətində videoya xüsusi effektlər və musiqi tətbiq etmək mümkündür. “YouTube”un nümayəndələrinin sözlərinə görə, xidmətin beta-versiyası yaxın bir neçə həftə ərzində ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq.

    “Shorts” xidməti ilk öncə hələ ötən il Hindistanda təqdim edilib. Şirkətin məlumatına görə, hazırda “Shorts” xidmətinin gündəlik baxış göstəricisi 6,5 milyarda bərabərdir.

  • Əməkdar artistin ailəsində itki üz verdi

    Əməkdar artist Babək Niftəliyevin ailəsində itki üz verib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, xanəndənin qayınanası dünyasını dəyişib. Bu haqda ifaçı özü məlumat yayıb.

    O, qayınanasının şəklini yayımlayaraq “Allah sənə rəhmət eləsin, əziz qayınanam. Yerin behişt olsun” sözlərini yazıb.

  • Qaxda müəllimlər koronavirusdan vəfat etdi

    Qaxda iki bacı koronavirusun qurbanı olub.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakinləri – Elmira Vahidova və İlahə Vahidova COVID-19-dan dünyasını dəyişib. Qeyd edək ki, Elmira Vahidova 63 yaşında, İlahə Vahidova isə 48 yaşında koronavirusun qurbanı olublar.

    Hər iki bacı Qax Rayon Uşaq İncəsənət Məktəbində müəllim işləyiblər.

  • Bakıda yol qəzası oldu, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatlna görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əzizağa Həsənov xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud çanağının əziyi diaqnozu qoyulub.

  • Putin koronavirus əleyhinə peyvənd edilib

    Rusiya Federasiyasının prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd edilib.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    O, qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir.

    “Putin koronavirus əleyhinə peyvənd edildi. Özünü yaxşı hiss edir. Sabah onun mükəmməl iş günüdür”, – Peskov deyib.

  • Şəhid anası: “Oğlum həmişə deyirdi ki, nə qədər ki biz varıq, o torpaqlar erməniyə qalmayacaq” – FOTO

    Bu gün Vətən müharibəsində şəhid olan Abdullayev Rəşid Abdulla oğlunun doğum günüdür.

    Oxu.Az xəbər verir ki, R.Abdullayev 2002-ci ildə Gəncə şəhərində anadan oub.

    Ağcabədi şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib.

    Sentyabr ayının 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı o da ön cəbhəyə yollanan hərbçilərimizdən biri olub.

    Şəhidin atası Abdulla Abdullayevin sözlərinə görə, Rəşid müharibəyə gedəcəyi barədə heç bir məlumat verməyib:

    “Müharibə başlayan gündən narahat olduğumuz üçün onunla tez-tez telefon əlaqəsi yaradırdıq. O, hərbi sirləri qorumaq məqsədilə bizə heç nə demirdi. Bir qədər sonra bildim ki, Füzuli istiqamətində gedən döyüşlərdədir. Şuşaya qədər bir çox istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Əsgər yoldaşlarından aldığımız məlumata görə, Rəşid noyabrın 8-ində Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb”.

    Şəhid anası isə bildirib ki, oğlu torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayıb:

    “Hələ hərbi xidmətə getməzdən əvvəl işğal altında olan torpaqlarımızın görüntülərini mənə göstərərək “Bax, ana, necə də gözəl torpaqlardır”, – deyirdi. Oğlum həmişə deyirdi ki, nə qədər biz varıq, o torpaqlar erməniyə qalmayacaq.

    Atası 1992-ci ildə gedən müharibələrdə iştirak edib. Atası ilə danışanda döyüş başlayarsa, mütləq şəkildə müharibəyə gedəcəyini və torpaqlarımızı düşməndən azad edəcəyini deyirdi. Dediyini də elədi və vətən uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

  • Azərbaycanın təşəbbüsü ilə BMT-də COVID-19-la bağlı qətnamə qəbul edilib

    BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır.

    Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

    Qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

    Qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həm-müəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.

    Qeyd edək ki, sözügedən qətnamə ölkə başçısının 1 fevral tarixində Azərtac Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.

    Məlumat üçün qeyd edək ki, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam edir.