Month: April 2021

  • Siqaret satanlar cərimələndi

    Aprelin 9-da Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi, Nəsimi və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

    Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

    Həmin mağazaların satıcıları – C.Muradov və Ü.Səlimovun barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.

  • BTQ dəmir yolu xətti ilə yükdaşımalar iki dəfəyədək artıb – NAZİR

    “2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımaların həcmi təqribən 78 min ton təşkil edirdisə, bu ilin ilk rübündə bu göstərici 154 836 tona çatıb”.

    Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

    Nazir bildirib ki, ötən il BTQ dəmir yolu xətti və Orta Dəhliz üzərindən 2019-cu illə müqayisədə 104% artımla 396 778 ton yük daşınıb.

    “Orta Dəhlizin illik 710 mlrd. ABŞ dolları təşkil edən Avropa-Çin ticarət magistralının keçdiyi ölkələr əhəmiyyətli dərəcədə iqtisadi qazanc əldə edəcəklər”, – deyə nazir qeyd edib.

  • Rafael Ağayevə ağır itki üz verdi – FOTO

    Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib.

    Onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

  • Azərbaycanda hərbi polisin yaranmasından 29 il ötür

    Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 29-cu ildönümü qeyd olunur.

    1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol keçib.

    Hərbi polisin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı zamanı əsas səylər dövlətin və xalqın mənafeyinin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, qarşıya qoyulan tapşırıqların istənilən şəraitdə yerinə yetirilmə əzminin yüksək səviyyədə saxlanılmasına yönəldilib.

    Hərbi polisin şəxsi heyəti Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda fəal iştirak edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
    Hazırda hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.

    Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

    Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini və mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, əraziyə daxil olan texnikanın uçotunu aparır, həmçinin kolonların müşayiətini təmin edir.

  • 62 dövlət əmlakı satışa çıxarılır

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 4 may tarixində təşkil ediləcək. Hərraca 62 dövlət əmlakı çıxarılacaq. Bunlardan 40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış binasıdır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3fIBdz1, https://bit.ly/31Kztgjhttps://bit.ly/3unbPmn)

    Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

    Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

  • Hikmət Hacıyev: “Qarabağdakı qələbə həm də türk dünyasının qələbəsidir”

    “Azərbaycan 44 günlük müharibədə qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsidir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, işğaldan azad edilən Şuşa şəhəri daxil olmaqla, digər ərazilərimizdə maddi və mədəni abidələrimiz dağıdılıb: “Hesab edirəm ki, bu həqiqətlərin daha geniş dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səylərlə çalışmalıyıq”.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1554 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249013 nəfər müalicə olunaraq sağalıb, 3879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.

  • Bu gün vaksin vurulanların sayı nə qədərdir?

    Bu gün Azərbaycanda 41 min 827 doz vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Birinci mərhələ peyvənd olunanların sayı 32 min 886 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 8 min 941 olub.

    Ümumilikdə, indiyədək ölkədə 1 milyon 153 min 549 doz vaksin vurulub. Bunlardan 739 min 319-u birinci mərhələ, 414 min 230-u isə ikinci mərhələ vaksinasiyadır.

  • Erməni deputat: “İrəvan küçələri “Google”da Azərbaycanın milli qəhrəmanlarının şərəfinə adlandırılıb”

    Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan İrəvanın mərkəzində bəzi ünvanların Azərbaycanın milli qəhrəmanlarının adı ilə adlandırıldığını bildirib.

    Caliber.Az xəbər verir ki, bu barədə erməni deputat “Facebook” səhifəsində yazıb.

    “İrəvanın küçələri “Google” xəritəsində Azərbaycanın milli qəhrəmanlarının şərəfinə adlandırılıb. Faktiki olaraq, mən Polad Həşimov adına küçədə yaşayıram”, – deyə o qeyd edib.

  • Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədi ilə onlayn sorğu keçirir.

    Nazirlikdən verilən məlumata görə, sosial xidmət sahəsində vətəndaşların əsas ehtiyaclarını müəyyən etməyi hədəfləyən sorğunun nəticələri ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.

    Sorğu anonim keçirilir, qiymətləndirmədə iştirak etmək istəyən şəxsdən adı, soyadı, ata adı və əlaqə nömrələrinin göstərilməsi tələb olunmur. Lakin sorğunun məqsədlərinə uyğun olaraq və əhali arasında sosial xidmətlərə ehtiyac tendensiyasının müəyyən olunması məqsədi ilə iştirakçı cinsiyyəti, təvəllüdü, ailə vəziyyəti və digər demoqrafik göstəriciləri qeyd etməlidir.

    Onlayn sorğuda suallar cavablandırılarkən şəxsi təcrübəyə əsaslanmaq və səmimi olmaq vacib hesab edilir.

    Sorğu nəticəsində toplanmış məlumatlar müxtəlif əhali qruplarının sosial xidmətlərə olan ehtiyac səviyyəsini müəyyən etməklə, bu xidmətlərin əlçatanlığı və yeni xidmətlərin yaradılması istiqamətində aparılan işlər zamanı nəzərə alınacaqdır.

    “Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi” onlayn sorğusunda iştirak etmək üçün bu linkə daxil olmaq lazımdır.