Month: April 2021

  • Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb

    Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki iki evdən ümumilikdə 6 200 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri M.Babayev və F.Vahidov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Premyer Liqa: Digər iki oyunun təyinatları açıqlandı

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun digər iki oyunu üçün təyinatlar açıqlanıb.

    “Report”un məlumatına görə, “Zirə” – “Keşlə” matçında Rəşad Əhmədov baş hakim olacaq.

    “Qarabağ” – ”Sumqayıt” qarşılaşmasını isə FIFA referisi Rauf Cabbarov idarə edəcək.

    11 aprel (bazar)

    17:00. “Zirə” – “Keşlə”
    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
    Hakim-inspektor: Ramil Diniyev
    AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
    Zirə İdman Kompleksinin stadionu

    19:15. “Qarabağ” – “Sumqayıt”
    Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
    Hakim-inspektor: Ceyhun Haşımov
    AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
    “Azersun Arena”

    Qeyd edək ki, bu gün XXII turda “Qəbələ” – “Neftçi” və “Sabah” – “Səbail” oyunu keçiriləcək.

  • Myanmarda 19 nəfər edama məhkum edilib

    Myanmardakı hərbi məhkəmə bir hərbçini öldürmək və digərini yaralamaq ittihamı ilə 19 şəxsi edama məhkum edib.

    Hərbi hökumətə bağlı “Myawaddy TV”nin bildirdiyi kimi, ittihamnaməyə görə, müttəhimlər 27 mart Silahlı Qüvvələr Günü ölkənin ən böyük şəhəri Yanqonun Şimali Okkalapa qəsəbəsində aralarında zərərçəkənlərin olduğu bir neçə nəfərə bıçaq və dəyənəklərlə hücum edib onlara məxsus motosikl və silahı götürüblər.

    Müttəhimlərdən hazırda axtarışda olan 17 nəfər barəsində bu hökm qiyabi verilib.

    Yanqon şəhərinin Şimali Okkalapa kimi hərbi vəziyyət elan olunmuş bölgələrində ciddi cinayət hadisələrinə hərbi məhkəmələr baxır. Bu məhkəmələrin hökmündən Ali Məhkəməyə apellyasiya verilə bilməz, lakin edam hökmləri hərbi xunta başçısı, Dövlət İnzibati Şurasının sədri Min Aunq Hlainq tərəfindən, daha yüngül cəzalar isə aşağı rütbəli komandirlər tərəfindən dəyişdirilə bilər.

    Bu qərarın martın 15-də tətbiq edilmiş hərbi vəziyyət dövründə ilk edam hökmü olduğu bildirilir. Fevralın 1-də baş verən hərbi çevrilişə qədər Myanmarda edam hökmləri çıxarılsa da, 30 ildir icra edilmirdi.

  • Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması müəyyən edilib

    Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

    DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, aprelin 9-da Baş İctimai Təhlükəsizlik İdarəsi, Nəsimi və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

    Həmin mağazaların satıcıları – C.Muradov və Ü.Səlimovun barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.

  • Bərdədə toy məclisində 19 nəfər cərimələndi

    Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kətəlparaq kənd sakini Ədalət Hüseynovun yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

    Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 19 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

  • Sumqayıtda bir yaşlı körpə xəstəxanada ölüb

    Sumqayıt şəhərində bir yaşlı körpə xəstəxanada ölüb.

    “Report” xəbər verir ki, 2020-ci il təvəllüdlü Aylin Xasıyeva mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.

    O, Sumqayıtda yerləşən uşaq xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə ölüb

    Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

    “Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda geniş dezinfeksiya işləri görülüb

    Bakı Şəhər və rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə bu gün paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, iməcilik zamanı Bakının kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər və köşklər yuyulur.

    İcra qurumlarının tövsiyələrinə uyğun olaraq, küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.

    Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla, paytaxtdakı idarə və təşkilatların inzibati binalarının fasadlarının təmizlənməsi, Bakı Funikulyoru, müxtəlif turizm və gəzinti obyektlərinin də yuyulub təmizlənməsi işləri aparılır.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz-torpaq təmizlənir, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcək.

    Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasını aparıb, xidmət əməkdaşları tərəfindən balansda olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

    İməcilik və dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçiriləcək və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

  • Fransada məscid yandırılıb

    Fransanın Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar.

    Bu barədə yerli KİV bildirib.

    Qeyd edilir ki, hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb.

    Fakt üzrə araşdırmalara başlanılıb. Hazırda müstəntiqlər hadisənin səbəbini və yanğının mənbəyini müəyyənləşdirmək üçün videomüşahidə kameralarındakı qeydləri araşdırırlar.

    Fransanın Müsəlman Məzhəbi Şurası (CFCM) özünün tvitter səhifəsində hadisəni pisləyib. Təşkilat hadisəni nifrətin təzahürü və qəbuledilməz hərəkət adlandırıb.

    Bu, son vaxtlar Fransada məscidlərə hücumla bağlı ilk hadisə deyil. Daha əvvəl Bayonn şəhərində də məsciddə namaz vaxtı naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər yaralanıb. Hadisəni törədən şəxs Sen Martin de Senan yaşayış məntəqəsindəki evində şübhəli şəxs qismində həbs edilib. Cinayətkarın həmçinin məscidə neftlə dolu kanistr atdığı bildirilir.

    ///Report

  • Dini Komitə rəsmisindən iftar tövsiyələri

    Azərbaycanda aprelin 14-də Ramazan ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında bildirilir.

    Fətvada koronavirusa yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsi tövsiyə edilir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov Oxu.Az-a açıqlamasında QMİ-nin fətvasını təqdir etdiyini bildirib.

    Onun sözlərinə görə, pandemiya dövründə iftar məclislərinin keçirilməsi doğru deyil.

    “İftar süfrələri yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır”, – deyə G.İsmayılov bildirib.

    Komitə sədrinin müavini iftarın fəlsəfəsini da açıb. O bildirib ki, iftar ehtiyacı olan və ya normal səviyyədə iftar açmaq imkanı olmayan insanları Allaha xatir doyurmaqdır.

    “İftarın fəlsəfəsində həm də imkansızlara əl uzatmaq dayanır. Bunu etmək üçün isə yalnız iftar süfrəsi açılmasına gərək yoxdur”.

    G.İsmayılov söyləyib ki, iftar süfrəsi açmaq imkanı olanlar ona xərcləyəcək pulu və ya ərzağı imkansızlara verə bilər.