Month: April 2021

  • İtkin kimi axtarılan Cəmilə görün harada tapıldı – RƏSMİ

    Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

    Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

    Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının “Məni axtarmayın” qeydinin ona məxsus olmadığını iddia etmişdi.

  • Azərbaycanda toyların bu qaydada keçirilməsinə icazə verilə bilər – AÇIQLAMA

    Azərbaycanda koronavirus pandemiyasına görə 1 ildən çoxdur ki, toyların, yasların və kütləvi toplantıların keçirilməsinə icazə verilmir. Pandemiyanın hələ nə zaman bitcəyi məlum olmadığı üçün toyların az sayda insanların iştirakı ilə keçirilməsi ilə bağlı müxtəlif təkliflər var. Azərbaycanda toyların keçirilməsinə nə zamandan icazə verilə bilər?

    Median.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu çox ciddi məsələdir:

    “Toylar olmaması 5-6 ildən sonra orta məktəbə gedən 1-ci siniflərin az olmasına səbəb ola bilər: “Eyni zamanda 18 ildən sonra hərbi xidmətə gedəcək oğlanların sayının az olmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələni hansısa formada tənzimləmək olar.

    Artıq təbii ki, böyük şadlıq saraylarında, restoranlarda 400-500 nəfərlə toy keçirmək mümkün deyil. Bu gün buna icazə verilməsi də mümkün deyil.

    Çünki dövlət belə kütləvi tədbirlərin keçirilməsini təxirə salıb.Burada əsas məqsəd vətəndaşlarımızın qorunması və kütləvi yoluxmanın qarşısını almaqdır. Ancaq kiçik formada 200 kvadrat metr ərazidə 40-50 nəfərlə toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Təbii ki, yaxın təmas olmadan, karantin qaydalarının tələblərinə uyğun olması şərti ilə. Əgər bu gün restoranlarda bir masa arxasında 6 nəfərdən çox insanın toplaşmasına icazə verilmirsə, düşünürəm ki, restoran sahibi və toya edən şəxslər bu formada qaydalara əməl edərsə cərimələnmə təhlükələri də olmaz.

    Hesab edirəm ki, bu qaydalara əməl edərək toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Əlbəttə insanlarımızın qaydalara əməl etməsi vacibdir”.

  • Cəlilabadda avtomobil aşıb

    Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan 90-LR-088 dövlət qeydiyyat nömrəli “Toyoto Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

    Nəticədə avtomobil yoldan çıxaraq, təxminən 20-25 metr kənara aşıb.

    Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirusla bağlı araşdırma: “Hər üç nəfərdən biri…”

    ABŞ və Böyük Britaniya alimlərinin apardıqları arışdırma zamanı məlum olub ki, koronavirusa yoluxan hər üç nəfərdən biri psoxoloji və ya nevroloji narahatlıq yaşayır.

    “Lancet Psychiatry” xəbər verir ki, bu məqsədlə 236 min nəfər üzərində araşdırma aparılıb.

    Koronavirusa yoluxanların 34 faizində xəstəlikdən sonrakı altı ay müddətində nevroloji və ya psixoloji narahatçılıq müəyyən edilib.

    Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərdə isə təsirlər daha çox olub.

    COVID-19-a yoluxan hər 50 nəfərdən birində beyin qan damarlarında daralma və ya tıxanıqlıq nəticəsində qan axıntısında azalma müşahidə edilib.

  • Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə təhvil verib

    Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərinin bugünkü axtarışları nəticəsiz olub.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, Cəbrayılda aparılan axtarışlar zamanı müharibədə itkin düşmüş heç bir hərbi qulluqçu tapılmayıb. Lakin qeyd edilir ki, Azərbaycan tərəfi Ermənistana Füzulidə tapılmış erməni hərbi qulluqçunun meyitini təhvil verib. Müharibə zamanı məhv edilmiş həmin hərbçinin şəxsiyyəti ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.

    Bununla da Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatıb.

    Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bundan sonra axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub.

  • Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edildi

    Bu gün xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq, müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilib və o, ölkəmizə gətirilib.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

    Ümumilikdə ötən beş il ərzində 200 nəfərdən çox cinayətkar şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.

  • Səlcuq Bayraktar İTV-yə müsahibəsinin anonsunu paylaşdı – FOTO/VİDEO

    “Bayrkatar” PUA-larının istehsalçısı olan “Baykar Savunma” şirkətinin rəhbəri Səlcuq Bayraktar bu yaxınlarda Bakıya səfəri zamanı İctimai Televiziyanın qonağı olub.

    Bu barədə o, özünün “Twitter” sosial şəbəkəsindəki hesabında yazıb.

    S.Bayraktar hərbi-jurnalist Heydər Mirzənin təqdimatında efirə gedən “Radius” verilişində iştirak etdiyini bildirib.

    Onun sözlərinə görə, verilişdə Türkiyə müdafiə sənayesi, “Baykar Savunma”nın yeni layihələri, həmçinin qardaş ölkədəki milli texnoliji həmlə prosesi müzakirə olunub.

    S.Bayraktar adıçəkilən proqramın bu axşam efirə çıxacağını da qeyd edib və verlişin anonsunu paylaşıb.

  • Səfir Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin təmiri məsələsini qaldıracaq

    Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin Tbilisidə yerləşən ev-muzeyini ziyarət edib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, səfir muzeyin hazırkı qəzalı vəziyyəti ilə tanış olub.

    F.Quliyev muzeyin yerləşdiyi binanın əsaslı şəkildə təmir olunması üçün səylərin birləşdirilməsi məqsədilə Gürcüstan və Azərbaycanın müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracağını bildirib.

    Qeyd edək ki, bu gün C.Məmmədquluzadənin təsisçisi və baş redaktoru olduğu Azərbaycanın ilk satirik jurnalı – “Molla Nəsrəddin”in birinci sayının işıq üzü görməsindən 115 il ötür. Mətbu orqanın ilk sayı 1906-cı ilin aprelin 7-də Tbilisidə “Qeyrət” mətbəəsində nəşr olunub. Mətbəənin də yerləşdiyi görkəmli ədibin Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən ev-muzeyi 1997-ci il oktyabr ayının 11-də açılıb. Son 20 ildə muzeyin təmir-bərpası ilə bağlı işlər həyata keçirilməyib. Muzey binasının təcili təmirə ehtiyacı var.

  • Tovuzda gimnaziyada müəllim və şagirdlər COVID-19-a yoluxdu, tədris dayandırıldı

    Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, Gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.

    Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

    Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.

  • İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı AÇIQLAMA – FOTO

    Məlum olduğu kimi, ötən gün sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan və koronavirusa yoluxduğunu güman edən Bakı sakini Günel Hakimxocayevanın (Günel Fərhad Hakimqoca) intihara cəhdinin qarşısı alınıb.

    “Qafqazinfo” xəbər verir ki, polis və FHN əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar.

    Qadını intihar fikrindən döndərmək mümkün olub və o, özəl tibb müəssisəsinə yerləşdirilib.

    Qadın statusunda intihara cəhdinə görə səhiyyə sistemini ittiham edib. Belə ki,o, 38,5-39 dərəcə hərarətlə sahə həkiminə müraciət etsə də, sahə həkimi onu yaşayış üzrə poliklinikaya yönləndirib. Vətəndaş iddia edir ki, yaşayış üzrə 8 saylı Şəhər Poliklinikasından zənglərinə cavab verən olmayıb. Həmçinin Təcili Tibbi Yardım və TƏBİB-ə olunan müraciət də cavabsız qalıb.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, artıq G. Hakimxocayevadan COVID-19 testi götürülüb və cavab neqativ çıxıb.

    Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, ötən gün təxminən saat 18:17 radələrində 103 çağrı mərkəzinə həmin qadınla bağlı zəng daxil olub:

    “Zəng edən xanım qohumu üçün çağırış etdiyini deyib və koronavirus infeksiyasından şübhələndiyini bildirib. Belə simptomlarla müraciət edən şəxslər poliklinikalara göndərilib. Çünki bu cür yüngül xəstələrdən müayinə materialının götürülməsi ilə sahə poliklinikaları, sahə həkimləri məşğul olurlar”.

    Nərimanov rayonu ərazisində yerləşən 8 saylı Şəhər Poliklinikasından isə onlara həmin vətəndaş tərəfindən zəng olunmadığı bildirilib.