Month: April 2021

  • Braziliyada koronavirusdan bir sutkada ən yüksək ölüm hadisəsi qeydə alındı

    Braziliyada koronavirusa bir sutkada 86 979 yeni yoluxma qeydə alınıb, bununla da xəstələnlərin ümumi sayı 13,1 milyonu keçib.

    “Haber Global”ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi bununla bağlı xəbər yayıb.

    Həmçinin 4 195 nəfər həyatını itirib ki, bu da sutka ərzində COVID-19-dan ölümlə bağlı indiyə qədər ölkədə müşahidə olunan ən yüksək rəqəmdir.

    Qeyd edək ki, əhalisi 210 milyondan artıq olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox zərər görən ölkədir. Son günlər koronavirusun ən yoluxucu ştammlarından biri – P1-in yayılması ilə isə vəziyyət daha da pisləşib.

  • Ermənistan Boks Federasiyasının rəsmisi ermənilərin azərbaycanlılarla bağlı yalanını üzə çıxardı

    Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Aram Manukyan ermənilərin Azərbaycanla bağlı dediyi yalanları üzə çıxarıb.

    O Ukraynanın Xerson şəhərində SSRİ çempionu Nikolay Manqerin şərəfinə keçirilmiş beynəlxalq turnirdə Azərbaycan millisinin ermənilərlə döyüşməkdən çəkindikləri ilə bağlı yazılanları şayiə adlandırıb.

    Federasiya rəsmisi bildirib ki, Azərbaycan millisi ümumiyyətlə bu yarışa qatılmayıb. Komandamızın idmançıları arasında koronavirusa yoluxma halı olduğundan, Ukraynadakı yarışa gedə bilməyib.

    Qeyd edək ki, “Telegram”ın erməni kontingenti iki çəki dərəcəsində azərbaycanlı idmançıların püşkatmada ermənilərlə düşməsinə görə yarışda iştirak etmədiyini yazıb.

  • İqor Korotçenko: “Paşinyan Kremldə özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır”

    “Paşinyan Kremldə özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Gah onu istəyir, gah bunu”.

    Bu sözləri hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

    O bildirib ki, İrəvanda “bir yığın avara” toplaşaraq mitinq edir, amma işləmək istəmirlər.

    “Bəlkə işləyəsiniz? Rusiya onları dolandırmalı, güzəştli kreditlər verməli, silah tədarük etməli və təhlükəsizliyi təmin etməlidir. Bəlkə onlara sadəcə rusiyalı general-qubernator lazımdır?”, – deyə ekspert qeyd edib.

  • Cəlilabadda yol qəzası olub, xəsarət alan var

    Cəlilabadda yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

    Belə ki, qəza zamanı iki “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri xəsarət alıb və o, xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • ETSN rəsmisi: “Ermənilər tərəfindən 1500 hektaradək Tuqay meşələri məhv edilib”

    “Zəngilan rayonunda iki xüsusi mühafizə olunan ərazi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır”.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

    Arzu Səmədova qeyd edib ki, Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır:

    “Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə fərqlənir. Bura Şərq Çinarlarının təbii halda bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq Çinarları, qalanı isə qarışıq meşəlikdir”.

    O bildirib ki, qoruğun vadisində Bəsitçay axır:

    “Çay öz mənsəbini Zəngəzur silsiləsindən alır və 15 kilometr uzunluqda qoruğun ərazisindən keçir. Şərq Çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib”.

    Arazboyu Dövlət Təbiət yasaqlığı isə 2200 kvadratmetr ərazini əhatə edir:

    “Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur”.

  • “Azərbaycan Ordusunun modernizasiyası üçün “Yol xəritəsi” hazırlanıb” – Hulusi Akar

    Azərbaycan və Türkiyənin müdafiə nazirləri – Zakir Həsənov və Hulusi Akar videoformatda görüş keçirib.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdə olduğu kimi bu gün də bir-birinin yanında olduğunu bildirib.

    Azərbaycan Ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan H.Akar “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanı gördüyünü bildirib: “Türkün yumruğu erməninin başına endirildi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları, çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.

    O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb. (unikal.org )

  • Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

    Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Z.Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

    Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.

  • Millimiz FIFA reytinqində gerilədi

    FIFA yığma komandaların reytinq cədvəlini açıqlayıb.

    Yeni açıqlanan cədvələ görə, Azərbaycan millisi iki pillə geriləyərək 110-cu pillədə qərarlaşıb. Yığmamızın aktivində 1168.53 xal var.

    Qeyd edək ki, siyahıya Belçika millisi başçılıq edir.

    Fransa və Braziliya müvafiq olaraq ikinci və üçüncüdür.

  • Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür?

    Son günlər sosial şəbəkələrdə hərarəti 38 dərəcədən aşağı olan şəxslərdən COVİD-19 testinin götürülməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, vətəndaşlar koronavirus şübhəsi ilə təcili yardım çağırsalar da, briqada həkimləri yalnız temperatur 38 dərəcədən yuxarı olduğu hallarda analiz götürüldüyünü deyərək test götürməkdən imtina edirlər.

    “Qafqazinfo” xəbər verir ki, bir çox həkimlər də mövzu ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə qoşularaq bu yanaşmanın doğru olmadığını, nə qədər çox test götürülərsə, daha çox xəstəni aşkarlamağın mümkünlüyünü qeyd edirlər.

    Həkim Aydın Əliyevin sözlərinə görə, daha çox test etməklə pandemiyanı məhdudlaşdırmaq olar:

    “”Temperaturu 38-dən aşağı olanlardan test götürməyə qoymurlar” nə deməkdir? Kim qoymur? Kimdir o qərarı verən? Bu nə biabırçılıqdır? Ümumiyyətlə, temperaturu oldu, olmadı, bütün müraciət edənlərdən test götürülməlidir! Hələ onlara müraciətinə görə “çox sağ ol” da deyilməlidir! Nə olan şeydir bu test? Qəpik-quruşdur da! İnsan həyatından artıqdır? Çin necə məhdudlaşdırdı pandemiyanı? Çoxlu test etməklə! Çoxlu test edib pozitivləri aşkar etməklə!”

    Səhiyyə Nazirliyi isə temperaturu 38 dərəcədən aşağı olan vətəndaşların poliklinikalara müraciət etməli olduğunu deyir.

    Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkiminin müavini İradə Əliyevanın sözlərinə görə, hərarəti 38 dərəcədən yüksək xəstələrdən təcili tibbi yardım briqadası tərəfindən analiz götürülür:

    “Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı. Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu.

    Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür”.

  • Vaksin vurduranlara hansı güzəştlər olunacaq?

    Məlumdur ki, son bir neçə həftə ərzində Azərbaycanda koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Səhiyyə rəsmiləri dəfələrlə yoluxmanın bu templə davam edəcəyi təqdirdə, yenidən sərt karantin rejiminə keçidin qaçılmaz olduğunu açıqlayıblar. Pandemiyanın ümumi sönməsi isə hələ ki, yalnız kütləvi vaksinasiya ilə mümkündür. Amma hələ də bir çox insan COVID-19 əleyhinə peyvəndə etinasız yanaşır, prosesdə lazımi qədər aktiv iştirak etmirlər.

    Dünyanın bir çox ölkələrində kütləvi vaksinasiya proqramlarının davam etməsi fonunda vaksin pasportu və onun müxtəlif ölkələrin vətəndaşlarına qazandıracağı imtiyazlar müzakirə mövzusuna çevrilib. Artıq bəzi ölkələr səyahət edən şəxslər üçün vaksin pasportu tələbini tətbiq etməyə başlayıblar. Bununla yanaşı bir sıra ölkələrdə bu tələb ictimai yerlərə ziyarət edənlərə də tətbiq olunur.

    Bəs Azərbaycanda necə, prosesi stimullaşdırmaq üçün bu təcrübədən istifadə edərək vaksinasiyadan keçənlərə imtiyazlar tətbiq oluna bilərmi?

    Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, ölkəmizdə də bu tendensiyadan istifadə müsbət nəticə verə bilər: “Bütün dünyada olduğu kimi dövlətimiz də zamanında peyvənd strategiyasına və taktikasına uyğun şəkildə vaksinasiya olunmuş insanların pandemiya prosesində olan administrativ məhdudiyyətlərdən daha rahat yan keçməsində simulyasiya edəcək.

    Məsələn, Azərbaycanda “ASAN” Xidmət növlərindən rahat yararlanmaları istiqamətində, digər vaksinasiya olunmamış insanlara nəzərən səyahətdə daha rahatlığın tanınması istiqamətində imtiyazlar tətbiq oluna bilər. Və ya SMS-icazə tətbiq olunduqda həmin insanlara şamil olunmaması, bölgələrə hərəkətin rahatlaşdırılması kimi müəyyən addımlar atıla bilər.

    Çünki dünya təcrübəsinə baxsaq, peyvənd pasportunun verilməsi, beynəlxalq səyahət agentliklərində bu insanların daha rahat səyahət imkanlarının tanınması istiqamətində müəyyən addımların atıldığını müşahidə edərik”.

    Millət vəkili bildirib ki, vaksinasiya prosesində iştirak təkcə könüllülük prosesi kimi yox, vətəndaşlıq borcu kimi dəyərləndirilməlidir: “Hər kəs bilməlidir ki, peyvənd olunmaqla həm öz sağlamlığını qoruyur, həm də insanları riskdən, təhlükədən sığorta etmiş olur”.

    Qeyd edək ki, bir neçə ay əvvəl İspaniyanın səhiyyə naziri Salvador İlya ölkədə vaksin olunmayan şəxslərin qeydiyyata alınacağını və bu məlumat bazasının Avropa boyunca paylaşıla biləcəyini elan etmişdi. Artıq Avropa Birliyi vətəndaşların ölkələr arasında daha asan səyahətə imkan yaratmaq üçün peyvənd pasportunu hazırlayır. İsrail peyvənd olunan sakinlərin geniş ictimaiyyət üçün açıq olmayan bəzi yerlərə – idman zalları və hotellərə daxil olmasına imkan verən “yaşıl keçid” konsepsiyanı tətbiq edən ilk ölkə olub. Çin insanların hotellərə girişdə və ya metrodan istifadə edərkən simptomsuz olub-olmadığını göstərən sağlamlıq kodu tətbiqetməsini işə salıb. Bəzi ölkələrdə, o cümlədən, Çilidə isə koronavirusdan sağalan şəxslərə xüsusi sertifikatlar verilir.