Month: April 2021

  • İcbari tibbi sığorta haqqında bunları bilmək vacibdir

    Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.

    Median.Az xəbər verir ki, icbari tibbi sığorta sistemi ölkəmiz üçün yeni olduğundan, təbii olaraq, bir çox məqamlar, xüsusən də icbari tibbi sığorta haqlarının ödənilməsi ilə bağlı məsələlər vətəndaşlar üçün maraq doğurur.

    Məlum olduğu kimi, ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə isə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib.

    İcbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə “Report”a bildirib ki, artıq 3 aydır hüquqi və fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqları ödənilir. İcbari tibbi sığorta haqları aylıq ödənişdir və növbəti ayın 15-dək ödənilməlidir.

    İcbari tibbi sığorta haqlarını kimlər və hansı məbləğdə ödəməlidir?

    Qanunvericiliyə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödənilir.

    Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və onlar üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödənilir.

    Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə gəlincə, onlara münasibətdə sığortalı qismində bu şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər və həmin sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında ödəniş müəyyənləşdirilib.

    Yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat məbləğində ödəniş nəzərdə tutulub.

    Aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqqı şəklində icbari tibbi sığorta fonduna ödənilməlidir.

    Güzəştlər də var

    N.Vahabzadə bildirib ki, qeyri-dövlət və qeyri-neft sektorunda əmək müqaviləsi əsasında çalışan şəxslər üçün qanunda 2022-ci il yanvarın 1-dək 1 il müddətinə 50 faiz güzəşt nəzərdə tutulub. Belə ki, həmin şəxslər tərəfindən əmək haqqının 8 000 manatadək olan hissəsinin 2 faizi yox, 1 faizi ödənilir.

    Vahid bəyannamədə əlavə hissə aktivləşdirilib

    Ödənilən icbari tibbi sığorta haqları barədə məlumatlar artıq hər bir vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunur. Vergi ödəyicisi ödənilmiş bütün icbari tibbi sığorta haqları barədə məlumatları rübdə bir dəfə bəyannamə şəklində dövlət vergi orqanlarına təqdim etməlidir. N.Vahabzadə bu məqama toxunaraq bildirib ki, bu günə qədər təqdim olunan vahid bəyannamədə artıq əlavə hissə aktivləşib: “Gəlir vergisi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları ilə yanaşı, icbari tibbi sığorta haqları barədə də məlumat rüblük təqdim edilməlidir. Bununla bağlı proqram təminatı artıq hazırdır, 1 apreldən istifadəyə veriləcək və ödəyicilər bu ilin 1-ci rübü üzrə ödədikləri icbari tibbi sığorta haqları barədə məlumatları bəyannamə şəklində təqdim etməlidirlər”.

    İcbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunma halları

    Əksər vətəndaşları maraqlandıran məqamlardan biri də istifadə edilməmiş əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya məbləğlərinin icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunub-olunmamasıdır. N.Vahabzadənin sözlərinə görə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada işçiyə ödənilən kompensasiya məbləğləri icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Bu zaman istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya haqqı əmək haqqına əlavə edilmədən ayrılıqda icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilir. Həmçinin, cari iş ilində ödənilən məzuniyyət haqqı həmin ay üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın gəlirlərinə aid edilməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.

    Əmək haqqının tərkibinə daxil olmayan ödənişlərə gəldikdə isə N.Vahabzadə bildirib ki, işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir. Bundan əlavə, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən tərəfindən ödənilən müavinətlər, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri, habelə işçilərə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir.

  • Salyanlı kolleksioner yığdığı pulları muzeyə vermək niyyətindədir – VİDEO

    Salyan rayonunda çayçılıqla məşğul olan şəxs müxtəlif dövrlərə aid qədim sikkələr və pul əskinasları toplayıb.

    Baku TV xəbər verir ki, şəhərin M.F.Axundzadə küçəsində yaşayan 69 yaşlı Fəxrəddin Əliyev xeyir-şər məclislərində çayçılıqla, eləcə də pul yığmaqla məşğul olub.

    O, rayonda həm çayçı, həm də numizmatik Fəxrəddin kimi tanınıb. İlk dəfə 1910-cu ildə dövriyyəyə buraxılan 100 rublluq əskinası əldə etdikdən sonra pul yığmaqla məşğul olub.
    F.Əliyev 40 ildən çoxdur yığdığı pulları gələcəkdə tarix-diyarşünaslıq muzeyinə vermək niyyətindədir.

    Ətraflı süjeti təqdim edirik:

  • Daha bir cüdoçumuz bürünc medal qazandı

    Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

    “Report”un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.

    Rəqibinə qalib gələn Fətiyev bürünc medala yiyələnib.

    Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal qazanıb.

  • Şəhid polkovnik-leytenant Raquf Orucova mahnı həsr edilib – VİDEO

    Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı” adlı mahnını tamaşaçılara təqdim edib.

    Bu barədə Oxu.Az-a Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.

    Bildirilib ki, bu əsərin söz və musiqisi şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya məxsusdur.

    Əsəri Fidan Hacıyeva və Könül Hüseynova Aprel döyüşlərinin 5 illiyinə həsr ediblər.

    Bu, əsərin müəllifi Könül Hüseynovanın sayca üçüncü mahnısıdır. Belə ki, onun söz və musiqi müəllifi olduğu, Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərovun ifasında təqdim olunmuş “Yenilməzsən Azərbaycan” kompozisiyası, sözləri xalq şairi Vahid Əzizə məxsus, Böyük Teatrın solisti, Gənclər mükafatçısı Atəş Qarayev tərəfindən buyaxınlarda təqdim olunmuş “Şəhidlik zirvəsində” adlı mahnıları böyük rəğbət qazanan əsərlər sırasındadır.

    Əsərin ərsəyə gəlməsində böyük xidmərləri olan, yüksək peşəkarlığı ilə seçilən, vətənpərvərlik, qəhrəman şəhidlərimiz mövzusundakı işlərdə öz dəst-xətti ilə fərqlənən Azad Vəliyevin xidmətlərini də xüsusilə vurğulamaq yerinə düşərdi. Artıq bir çox işlərdə birgə çalışan bu musiqiçilər qarşıda yeni-yeni vətənpərvərlik mövzusundakı işlərlə tamaşaçıları sevindirməkdə davam edəcəklər.

  • Daha bir şəhidin məzarı və məzarının ətrafı abadlaşdırıldı – FOTO

    Aprelin 2-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH BA-nın məsul əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə Salahov Elvin Sabir oğlunun məzarını ziyarət ediblər.

    Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin xatirəsi sonsuz ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.

    Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, bu gün ölkəmizdə şəhidlərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir:

    “Onların adı, xatirələri əbədiləşdirilir. Şəhid ailələrinə dövlətimizin dəstəyi və yardımı getdikcə daha da artır. Bütün bu işlər, daim genişlənən sosial müdafiə proqramları ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürüdür. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır”.

    Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən danışıb.

    Ölkə başçısı cənab İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıldığını vurğulayan RİH başçısı bu siyasətin davamlı xarakter daşıdığını qeyd edib.

    RİH başçıları Vuqar Zeynalov və Elşad Həsənov şəhidin məzarının ətrafında aparılan abadlıq işləri ilə tanış olublar. Qeyd olunub ki, şəhidin xatirəsini əbədiləşdirən məzarüstü abidələri inşa olunub, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılıb, məzarın ətrafında abadlıq işləri görülüb, eyni zamanda qəbirstanlığa gedən yola yeni asfalt örtüyü salınıb.

    Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • Мехрибан Алиева поделилась публикацией в связи с апрельскими боями

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась публикацией в своем официальном аккаунте в Instagram в связи с годовщиной апрельских боев.

    Как сообщает Report, в публикации говорится:

    “Проходит пять лет с апрельских боев. Да упокоит Аллах души всех наших шехидов, погибших во имя Родины. Пусть Всевышний всегда оберегает наш народ, дарует мир, благополучие и светлые дни нашему родному Азербайджану!”

  • Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

    “Report” xəbər verir ki, paylaşımda deyilir:

    “Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”

  • Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri ilə görüşüb – FOTO

    Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının Ticarət Naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, spiker qonaqları səmimi salamlayaraq, bu səfərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

    Görüşdə Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın dünya siyasi münasibətlər sistemində alternativi yoxdur. Möhkəm təməl üzərində qurulmuş bu münasibətlər xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Azərbaycanla Türkiyə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.

    Parlamentin sədri Azərbaycanın apardığı 44 günlük müharibə dövründə Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında yer almasını, ölkəmizə siyasi və mənəvi dəstək göstərməsini xüsusi qeyd edib. Bildirilib ki, biz qardaş Türkiyənin bu dəstəyini yüksək qiymətləndiririk.

    Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanı təmsil edən millət vəkillərinin Azərbaycanın haqq işinə açıq dəstək verməsi ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb. Vətən müharibəsi dönəmində Türkiyə parlamentinin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri və erməni təcavüzünə məruz qalmış bölgələrdə vəziyyətlə yerində tanış olmaları Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət iki dövlət” ifadəsinin real həyatda təcəssümüdür.

    Görüşdə bildirilib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi və qarşıya qoyulan hədəflər bu fikri söyləməyə əsas verir. Azərbaycanla Türkiyənin reallaşdırdığı neft, qaz və nəqliyyat layihələri ölkələrimizin bölgədəki rolunu daha da artırır.

    Milli Məclisin Sədri Sahibə Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərməsinin əməkdaşlığımızın ümumi ruhuna uyğun olduğunu söyləyib. Qeyd edilib ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

    Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib.
    Qonaq böyük nümayəndə heyəti ilə ölkəmizdə səfərdə olduğunu, başçılıq etdiyi sahə üzrə əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq danışıqlar aparıldığını deyib. Bildirilib ki, türk xalqı Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri böyük coşqu ilə qarşılayıb.

    Qeyd edilib ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində yaxından iştirak etmək, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırmaq niyyətindədirlər. Türkiyə strateji müttəfiq kimi hər zaman Azərbaycanın yanındadır və bundan sonra da qardaş Azərbaycan xalqına öz dəstəyini əsirgəməyəcək.

    Görüşdə çıxış edən Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Tahir Mirkişili münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri barədə öz fikirlərini bildiriblər.

    Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

  • “Yaşıl Marafon”davam edir: Bu gün ölkə üzrə 10 000 ağac əkilib – FOTO

    IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bu gün Masallı və Yardımlı rayonlarında keçirilən aksiyaya Azərbaycan Televiziyasının əməkdaşları da qoşulub.

    Nazirliyin rəsmilərinin, IDEA İctimai Birliyinin, rayon İcra Hakimiyyətlərinin nümayəndələrinin və könüllülərin iştirakı ilə meşə fondu torpaqlarının 2 hektar ərazisində 3200-dən artıq göyrüş ağacı əkilib, 100 kiloqram palıd toxumu səpilib.

    Eyni zamanda, bu gün Oğuz, Qəbələ, Şəmkir və Bərdə rayonlarında da ağacəkəmə aksiyaları təşkil olunub.

    Gün ərzində ölkə üzrə ümumilikdə 10 minə yaxın müxtəlif cinsli ağac əkilib.

    Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində daha bir aksiya da həyata keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Koroğlu” m/s yaxınlığında yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib.

    Ağacların paylanması aksiyası davam edəcək.

  • Bərdədə 11 mindən çox şəxsə vaksin vurulub

    Bərdə rayonunda bu günə kmi 11 mindən çox şəxsə vaksin vurulub.

    Median.Az bildirir ki, bunu Trend-ə Bərdə rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vətəndaşlar arasında vaksinasiyaya maraq yüksəkdir:

    “Bərdə rayonuna ümumən bu günə kimi 12 min 400 vaksin göndərilib ki, onlardan 11 min 245-i artıq istifadə olunub. Hazırda ikinci dozanın vurulması həyata keçirilir. Növbəti həftənin birinci günündən etibarən isə 40 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacaq”.

    Xəstəxanadan qeyd olunub ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb: “Yalnız bir qadında həyəcandan psixoloji gərginlik yarandı. Onu da bir gün nəzarətdə saxladıqdan sonra evə buraxmışıq”.

    Qeyd edək ki, bu günə qədər ümumilikdə ölkə ərazisində 856 363 nəfər vaksinasiyadan keçib.